Onlayn ictimai-siyasi qəzet
23 aprel 2014-cü il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul etmişdir. Bu, ölkənin mülki aviasiyasının inkişafında, yeni imkanların açılmasında, sərnişinlər üçün daha rahat şəraitin yaradılmasında mühüm addım idi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iki uçuş-enmə zolağı, 89 təyyarə dayanacağı və saatda 20-dən çox reysə xidmət göstərmək imkanı olan Bakı aeroportu dünyanın ən böyük təyyarələrini qəbul edə bilən azsaylı hava limanlarından biridir.
10 il ərzində paytaxt hava limanında 36 milyondan çox sərnişinə xidmət göstərilib. Bakı aeroportunun ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir; buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir. Təkcə ötən il hava limanı 5,8 milyon sərnişinə xidmət göstərib ki, bu da qlobal aviasiya üçün rekord il hesab edilən 2019-cu ilin nəticələrini 23,5% ötüb. İldən-ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit qovşağı kimi rolu da artmaqdadır. 2023-cü ildə tranzit sərnişinlərin sayı 142% artaraq 162 min nəfərə çatıb.
Son illərdə müşahidə olunan sərnişin axınındakı artımı qarşılamaq və səyahət təcrübəsini yaxşılaşdırmaq məqsədilə bir sıra infrastruktur layihələri həyata keçirilmiş və innovativ həllər uğurla tətbiq edilib. Bununla yanaşı, Bakı hava limanının tarixində hər il onun regionda aparıcı hava qovşağı statusunu təsdiqləyən nailiyyətləri ilə yadda qalıb. 2024-cü il də istisna olmadı, bu il Heydər Əliyev Beynəlxalq Aeroportu Skytrax World Airport Awards mükafatına görə yeddinci dəfə “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı” və üçüncü dəfə “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı işçisi” nominasiyalarının qalibi olub.
Beləliklə, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu inamla inkişaf edir və bütün sərnişinlərinin ehtiyac və gözləntilərini ödəməyə, onların səyahətlərini rahat və təhlükəsiz etməyə çalışır. Paytaxt hava limanı aviasiya sənayesinin əsas oyunçularından biri rolunda çıxış edərək təkcə regionda deyil, həm də dünyada ən müasir hava limanlarından biri olmağı qarşına məqsəd qoyub.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ