Onlayn ictimai-siyasi qəzet
Aydın Xan Əbilov: “Kiminsə bu dəyərləri qoruyub saxlaması bir hörmət əlamətidir, pərdələrin cırılmamasıdır”
Əməkdar artist Dilarə Əliyeva “Yol yoldaşı” verilişində maraqlı bur fikir söyləyib. O, evli cütlüklər arasındakı münasibətdən danışarkən deyib:
“Bir adam 40 yaşına qədər subay qalarsa, qohum-əqrəba, ana-ata düşür əl-ayağa ki, adına söz çıxacaq, niyə evlənmirsən, ayıbdır, insan içinə çıxa bilmirik. Amma evləndi, xanımını təqdim edəndə “üzr istəyirəm, həyat yoldaşımdır” deyir. Buradakı “üzr istəyirəm” nədir? Adam niyə həyat yoldaşını təqdim edəndə üzr istəsin? Dünya belə yaranıb, üzr istəməli yerdə bu, heç ağlımızın ucundan keçmir”.
Bu da faktdır ki, ictimai yerdə və ya hansısa məclisdə ata və ya ana öz uşaqlarından danışanda da üzr istəyir. Görəsən niyə? Bu mentalitetdən irəli gəlir, yoxsa? Başqa türk-müsəlman toplumlarda da belə adət varmı?
Aydın Xan Əbilov
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Hər bir xalqın, millətin özünəməxsus tarixi yolu olur və bu tarixi yol ərzində o, bir çox əxlaq, davranış, yaşam formaları, adət-ənənələri özü üçün müəyyənləşdirir. Zaman keçdikcə bu adət-ənənələr, yaşam tərzi, dünyagörüşü, fəlsəfi baxışlar və həyat prinsipləri oturuşur, xalqın özü tərəfindən yenidən dəyərləndirilir – bəziləri ixtisar edilir, bəzilərinə yeniliklər gətirilir, bəzi adətlər isə başqa xalqlardan götürülür. Eləcə də bir çox adət-ənənələr digər xalqlara ötürülür.
Dünyanın qədim və sivil xalqlarından biri də Azərbaycan xalqıdır ki, onun da ailə-məişət ənənələri, abır, ismət, namus, qeyrət və digər məsələlərlə bağlı özünəməxsus dünyagörüşü formalaşıb.
Ailə məsələsində isə bizdə müəyyən fərqliliklər var. Təəssüf ki, bəzən hər şeyi dağıtmağa meyilli oluruq. Mən bir sənətkar kimi Dilarə xanıma böyük hörmət edirəm, amma onun fikirlərinə qətiyyən razı deyiləm. Unutmamalıyıq ki, ailə-məişət adət-ənənələri, əxlaq və mənəviyyat kodeksləri əsrlər, bəlkə də minilliklər boyu formalaşmış, oturuşmuş bir sistemdir. Müxtəlif sivilizasiyaların təsiri olsa da, Azərbaycan xalqı bu adət-ənənələri özü yaradıb və öz milli xüsusiyyətləri əsasında qoruyub saxlayıb.
Nəzərə alsaq ki, adət-ənənələrimiz daha çox kəndlərdə yaranıb, formalaşıb, elitar təbəqə – xan saraylarında və yaxud bəy evlərində bu adətləri bir qədər təsdiqləyiblər. Lakin əsasən ailədə – ata, ana, dayı, gələnlərlə bağlı münasibətlərdə bu adət-ənənələr geniş əhali kütləsi tərəfindən müəyyənləşib. İsmət, namus, qeyrət, utancaqlıq mərhələmiz bu adət-ənənələrin əsasını təşkil edib.
Hər bir gəlinin qayınatasının və ya qayınanasının yanında körpə uşağını əlinə götürməməsi və ya bəzi xalqlarda olduğu kimi hamının gözü qarşısında ona süd verməməsi – bu, bir gözəllikdir, abır-həyadır. Bu, birgə yaşayış üçün harmonik və mədəni, sivil münasibətlər üçün çox önəmli bir məsələdir. Bunun həm psixoloji, həm də mənəvi-əxlaqi tərəfi var – başqa tərəfləri də mövcuddur.
Xatırlayıram ki, anam əmimi görəndə və yaxud əmi dostum atamı görəndə dərhal yaşmaq örtərdi. Ağsaqqal, ağbirçək evə daxil olanda hamı ayağa qalxardı, sona qədər onun hörmətini saxlayardı və s. Bütün bunlar Azərbaycan xalqının düşüncəsində, mənəviyyatında, mədəniyyətində və sivil tarixində artıq bərkiyib formalaşmış hadisələrdir.
Bu baxımdan, ata və ya ana öz uşaqlarının adını çəkərkən, həyat yoldaşının adını çəkəndə üzr istəməsi – bu, tamamilə təbii haldır. Bu, bir etiket normasıdır – Azərbaycanın milli etiket normasıdır. Kim istəyirsə, buna riayət etməyə bilər – amma o zaman nə onun oğlu, nə də onun arvadı onu sayacaq. Və yaxud da ailədə bərəkət qaçacaq, Azərbaycan ailəsindən söhbət gedə bilməyəcək.
Bizdə qadına münasibət, qayınana, qayınata yeri, uşağa münasibət, böyüyə, ağbirçəyə, ağsaqqala olan yanaşma tamam fərqlidir. Bu münasibətlər o qədər incə və dərin işlənib ki, əgər biz bunlara riayət etsək, heç bir problem yaranmaz. Baxın, hər şey buradan başlayır. Və sonra deyirik ki, niyə Azərbaycanda boşanmalar bu qədər çoxdur? Axı dünya üzrə üçüncü yerdəyik – bu, ayıb və utancverici faktdır.
Niyə deyirik ki, qızlarımız evdən qaçır, uşaqlar evdən uzaq düşür və s.? Əvvəlcədən bu adət-ənənələrə riayət olunsaydı, bir-birinə hörmət saxlanılsaydı, bəlkə də bu hallar baş verməzdi.
Necə olur ki, yeddi gün yas saxlayırıq – bu, bizim adət-ənənəmizdir. Heç kim buna pis baxmır. Və yaxud toyu götürək – toyun gözəlliyini bilirsiniz, toy mərasimlərinin yüzə yaxın mərhələsi var və biz onları həyata keçiririk, onlara riayət edirik.
Amma ailə-məişət məsələsində bir-birimizə hörmət qoymaq, hətta doğma insanlar arasında hörmətin olması bu gün qəribə səslənir.
Kiminsə bu dediyim dəyərləri qoruyub saxlaması – bu, bir hörmət əlamətidir. Bu, pərdələrin cırılmamasıdır. Bu, insanların bir-biri üçün adiləşməməsidir. Bu, atanın, ananın, ümumilikdə insanın bir-biri üçün müqəddəs olmasıdır. Allahın onun simasında təcəssüm etməsinə işarə edən bir yanaşmadır.
Mən şəxsən həmişə dəyərlərin dəyişdirilməsinin deyil, onların mədəni şəkildə, mərhələli, liberal formada formalaşaraq yenilənməsinin tərəfdarıyam. Amma bu – bünövrədir, təməldir. Onu dağıtmaqla, biz millətimizin adət-ənənələrini sarsıtmaqla, əslində millətin özünü çox dəhşətli təsirlərə məruz qoyuruq”.
Xalidə Gəray
“Yeni Müsavat”
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ