İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatasının sədri büdcə layihəsindən danışdı

“2024-cü ilin dövlət büdcəsinin layihələndirilməsi dövrü bir sıra tarixi hadisələrlə - Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən keçirilən növbəti uğurlu əməliyyatlarla, suverenliyimizin bərpası ilə yadda qalıb. 2024-cü ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən rəyin hazırlanması və Milli Məclisə təqdim olunması da bu şanlı dövrə təsadüf edib”.

Musavat.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdəki büdcə müzakirələrində deyib.

O qeyd edib ki, büdcə layihəsi ilə bağlı rəyin hazırlanması zamanı aidiyyəti dövlət orqanları - Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq əsasında təqdim olunan məlumatlar və konstruktiv müzakirələr millət vəkillərinə daha dolğun rəyin təqdim edilməsinə şərait yaradıb:

“Rəyin tərtibində büdcə sənədləşməsinə və dövlət orqanlarının məlumatlarına istinad etmiş və qabaqcıl təcrübəni diqqətdə saxlamışıq.

Eyni zamanda, beynəlxalq audit standartlarını (3400 Standartı) tətbiq edərək məhdud əminliklə mövqeyimizi əks etdirmək üçün proqnoz maliyyə məlumatlarının yoxlanması zamanı 3 istiqamətə dair yetərli sübutların toplanmasına çalışmışıq”.

V.Gülməmmədov bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunan məlumatlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında makroiqtisadi çərçivənin əlverişli olacağı, iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnənin olacağı nəzərdə tutulub:

“Eyni zamanda, baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji məqsədlər üzrə hədəfləri nəzərə alınıb. Aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir”.

Palata rəhbəri qeyd edib ki, “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi 17 maddədən ibarət tərtib edilib:

“Qanun layihəsində gəlir və xərclərin ümumi məbləği, mənbələri və istiqamətləri, eləcə də onların müxtəlif təsnifləşdirmə meyarları əsasında bölgüsü, həmçinin kəsir və borclanmaya dair parametrlər əks olunub. Aparılan qiymətləndirmələr göstərir ki, Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsindəki əsas göstəriciləri tam əhatə edir. Eyni zamanda, Hesablama Palatası tərəfindən bəzi maddələrlə bağlı dəqiqləşdirilmələr də təklif edilib. 2024-cü il üçün dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərdə bir sıra yeniliklər tətbiq edilib, keyfiyyətin artırılması istiqamətində addımlar atılıb, Hesablama Palatasının tövsiyələri nəzərə alınıb. İlk dəfə olaraq, məqsədli proqram və tədbirlərə dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Proqramlılıqla bağlı məlumatlar əsasən maliyyə xarakterli olub. Proqramlılığa dair qabaqcıl təcrübədə maliyyə xarakterli göstəricilərlə yanaşı, qeyri-maliyyə xarakterli - səmərəlilik göstəriciləri - məlumatlar da yer alır”.

Vüqar Gülməmmədov bildirib ki, dövlət proqramlarının maliyyə təminatı hər bir icraçı qurumun xərclərində ayrıca göstərilmir:

“Hesab edirik ki, sahə nazirlikləri üzrə proqramlılıqla bağlı xərclərin uçot və hesabatlılığının gücləndirilməsinə, eyni zamanda proqramlar üzrə xərclərin büdcələşməsi meyarlarına dair metodoloji bazanın təkmilləşdirilməsinə zərurət mövcuddur”.

V.Gülməmmədov qeyd edib ki, 2024-cü il büdcə kəsiri 2,6 mlrd. manat olmaqla cari illə müqayisədə az proqnozlaşdırılıb:

“Məlumatlara əsasən, kəsirin örtülməsi üçün daha çox borclanmadan istifadə ediləcəyi nəzərdə tutulur. Dövlət borcuna xidmət xərclərində 790,1 mln. manat artım nəzərdə tutulub. Aparılan təhlillər bunun əsas hissəsinin borcun uçotu ilə bağlı yanaşmanın dəyişməsi ilə əlaqəli olduğunu göstərir. Belə ki, cari ildən fərqli olaraq zəmanətli kreditlərin ödənişləri (322,8 mln. manat) layihədən çıxarılıb, xarici dövlət borcunun əsas ödənişləri isə xərcə daxil edilib (850,0 mln. manat). Bununla bərabər, daxili maliyyə bazarlarında yerləşdirilən dövlət istiqrazları üzrə faiz xərcləri əvvəlki ilə nisbətən 235,0 mln. manat artırılıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR