Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Türkiyənin inkişafını, güclənməsini istəməyən qüvvələr yetərincədir, ona görə də...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyanı əvəz etmək üçün sivil konstitusiyasının hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib. Bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Onun sözlərinə görə, mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz: “Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdir”.
Qeyd edək ki, Ərdoğan daha əvvəl iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib. 2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. Ötən ilin may ayında yenidən prezident seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunu administrasiyasının əsas vəzifələrindən biri adlandırmışdı.
Bu arada qardaş ölkədə 34 il aradan sonra “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib. Bununla bağlı Ərdoğan fərman imzalayıb. Sənədə əsasən, “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb. Əsasnamə “dövlətin bütün qüvvə və resurslarının hərbi vəziyyətə və ya müharibəni labüd edə biləcək gərginlik və böhran dövrlərinə uyğun olaraq sürətlə hərəkətə keçirmək üçün hazırlıqların yerinə yetirilməsini” tələb edir.
Nizamnamənin əsasnaməyə dəyişdirilməsi sənədin ən əvvəl yeni dövrlə ayaqlaşması ilə əlaqələndirilir. Bununla belə, əsasnamə prezident səlahiyyətinin artırılması ilə də seçilir: başlıca dəyişikliklərdən biri səfərbərlik elanı yetkisinin Nazirlər Şurasından prezidentə ötürülməsidir. Beləliklə, “müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam baş verdikdə, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə”, Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.
Qeyd edək ki, 2018-ci ildə Nazirlər Şurası ləğv edildikdə prezident, vitse-prezident və nazirlərin cəmi “Prezident kabineti” adlandırılmağa başlasa da, Nazirlər Kabineti konstitusiyaya daxil edilmiş bir qurum deyil.
Son dəyişikliklər təsadüfmü? Ərdoğan nədən narahatdır?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu addımların sırf Türkiyənin xeyrinə olduğunu söylədi: “Rəcəb Tayyib Ərdoğan yetərincə müdrik liderdir və öz ölkəsinin inkişafı, Türkiyənin işıqlı gələcəyi üçün var gücü ilə çalışan insandır. Ona görə də Türkiyə Prezidentinin bütün addımlarında yalnız və yalnız müsbət, pozitiv çalarlar axtarmaq lazımdır. Konkret olaraq konstitusiya dəyişiklikləri haqda deyilənlərə gəlincə isə düşünürəm ki, bu, çox təbii bir prosesin anonsudur. Eyni zamanda konstitusiya dəyişikliyi demək olar, bütün dövlətlərin həyatında baş verən hadisədir. Ya da belə deyək: dövrün tələbləri, mövcud şərtlər yeniləndikcə mütləq şəkildə konstitusiyaya da əlavələrin edilməsi və ana qanunun həmin tələblərə, şərtlərə uyğunlaşdırılması zərurəti yaranır. Bu isə bayaq da söylədiyim kimi, çox normal bir prosesdir, gedişatdır.
Üstəlik, qeyd edim ki, “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi”nin 34 illik aradan sonra ləğv edilməsi və onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqi də son dərəcə düzgün, gərəkli və əsl zamanında verilmiş bir qərardır. Çünki Türkiyə elə bir dövlətdir ki, onun inkişafını, güclənməsini, yüksəlişini istəməyən qüvvələr yetərincədir. Bu sıraya Qərbdəki məlum şəbəkələr də daxildir, Avropada qərarlaşan bəzi Türk düşmənləri də, FETÖ-çu yaramazlar da, digərləri də... Və belə olan halda heç şübhəsiz ki, ehtiyat tədbirlərini görmək, milli maraqlara zərbə vura biləcək bütün daxili və xarici müdaxilələrin, təhdidlərin, potensial təhlükələrin qarşısını vaxtında almaq lazımdır. Əlqərəz, nə baş verirsə, hansı qərarlar verilirsə, birmənalı şəkildə Türkiyənin xeyrinədir və qardaş dövlətin milli maraqları naminədir".
Əhəd Məmmədli
AĞ Partiya baqşanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Ərdoğan nə edirsə, Türkiyə üçün edir: “Hər başdan bir səs çıxanda dövlət idarəolunmaz vəziyyətə gəlib çıxır və bundan da xarici qüvvələr istifadə edir. Türkiyə bu cür xoşagəlməz vəziyyətlə cümhuriyyət tarixində bir neçə dəfə rastlaşıb. Hərbi xuntaların dövlət çevrilişləri, koalision iqtidarların böhranı parlament üsul-idarəsinin natamamlığından xəbər verirdi. Ərdoğan Türkiyəyə güclü prezident hakimiyyətini gətirdi və bunu daha da bərkitmək niyyətindədir. Təbii ki, Ərdoğan bunu təkcə öz şəxsi naminə etmir. Aydın məsələdir ki, Ərdoğan da hər kəs kimi əbədi deyil və onun hökmranlığına elə də çox qalmayıb. Çünki yaş da istər-istəməz təəssüf ki, öz sözünü deyir. Ərdoğan Türkiyəyə ABŞ, Britaniya və yaxud İrandakı kimi dayanıqlı, sabit, vahid siyasi sistem gətirmək istəyir. Ərdoğanın istədiyinə oxşar siyasi sistem Türkiyə tarixində 700 il Osmanlı adında yer alıb. Sultanlar dəyişib, amma vahid siyasi-ideoloji sistem qalıb. Bu da Osmanlı dövlətinin 700 il uzun ömründən xəbər verir. Ərdoğan prezidentlər dəyişsə də, Türkiyəyə Osmanlıdakı kimi oxşar vahid siyasi ideoloji sistem gətirmək istəyir. Yeganə doğru yol da budur. Ona görə də Rəcəb Tayyib Ərdoğanın Türkiyə dövlətçiliyinin daha da böyüməsi yönündə növbəti addımını çox düzgün və vaxtında verilmiş qərar hesab edirəm. Və bir də unutmayaq ki, sabit, güclü, dostları və düşmənlərinə yönəlik addımları hesablanan Türkiyə Azərbaycana da lazımdır”.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev qardaş ölkənin belə məsələlərdə çox həssas olmasına diqqət çəkdi: “Türkiyədə 1980-ci il çevrilişindən sonra hakimiyyətdə olan hərbçilərin qəbul etdiyi konstitusiyanın indiyədək dəyişdirilməməsi başa düşülən deyildi. Doğrudur, zaman-zaman konstitusiyanın müəyyən müddəalarına dəyişiklik olunmuşdu. Amma bütövlükdə hərbçilərin hazırladığı konstitusiyanın ruhu hələ də yerindədir. Hesab edirəm ki, o zaman qəbul olunmuş konstitusiya zamana uyğun olaraq kifayət qədər mükəmməl və Türkiyə dövlətçiliyini qoruyan bir sənəd olub. Amma Türkiyədə baş verən siyasi proseslərdən, münasibətlərdən dolayı uzun illərdir ki, fərqli stiuasiya yaşanmaqdadır. Adətən konstitusiyalar iki səbəbdən dəyişdirilir. Fikrimcə, birincisi, zamanın tələbinə uyğun olaraq ölkələrin idarə etməsində yaranan boşluqları doldurmaq, təhlükəsizlik məqsədilə qanunvericiliyi mühafizə altına almaq və bu səpkili digər problemləri önləmək, ikincisi isə siyasi hakimiyyəti qorumaq, idarəetməni rahatlaşdırmaq və hakimiyyətdə olan qüvvəni mühafizə etmək, kənar təsirləri minimuma endirmək məqsədilə konstitusiya dəyişdirilir. 1980-ci ildən sonra dəyişdirilən konstitusiyanın təxminən ikinci səbəbə görə qəbul edildiyini demək olar. Hazırda vəziyyət o haldadır ki, Türkiyəyə qarşı yarıleqal bir birlik formalaşıb və bu birliyin əsas məqsədi Türkiyəni regionda söz sahibi olmaqdan çıxarıb, tapşırıqlar icra edən bir dövlətə çevirməkdir. Bu kimi təhdidlərin qarşısını almaq üçün nüfuzlu liderin olması çox azdır, güclü və dövləti hər tərəfdən qoruyan konstitusiyanın olması mütləqdir. Ümid edirəm ki, Türkiyədə baş verəcək konstitusiya dəyişikliyi hakim partiyanın maraqlarını təmin etməyə yox, ölkənin bütün sahələrində mühafizə və müdafiə edəcək bir alətə çevriləcək. Prosesə təkan veriləndən sonra yeni sənədin layihəsinin müzakirələri çox şeyi bildirəcək. Bəziləri deyir ki, hazırkı dəyişiklik AKP hakimiyyətinin ömrünü uzatmağa xidmət edəcək. Amma inanmıram ki, həmin konkret siyasi maraqlara xidmət edən, bir partiyanın maraqlarının təminatçısına çevriləcək konstitusiya layihəsi müzakirəyə çıxarılsın. Çünki sonunda həmin sənəd xalqın səsverməsi ilə qəbul olunacaq. Türkiyədə isə xalq bu məsələlərdə çox həssasdır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ