İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər şey yaxşı olacaq” – Azərbaycan bu sözlərin müəllifi ilə vidalaşır - FOTOLAR, VİDEO

Ekstremal, son dərəcə kritik durumda o, özünü itirmədi. Son ana qədər vəzifə borcunu şərəflə yerinə yetirdi, qəza enişinin bir addımlığında olma həqiqətini bilib o titrək səsi ilə "Hər şey yaxşı olacaq" ümid dolu kəlmələrini demək gücünü özündə tapdı...

O dəhşət dolu anlarda hər kəsə ümid verdi, sakitləşdirməyə çalışdı.

Hökümə Əliyeva “Hər şey yaxşı olacaq” sözlərini sıradan deyil, çox çətin bir vəziyyətdə deyirdi. O vəziyyətdə ki, indi o məşum qəza görüntülərini seyr edəndə belə dil tutulur, dodaqlar quruyur. Bir an sonra J2-8243 reysi üzrə hərəkətdə olan “Embraer 190” təyyarəsi Aktauda ağır bir qəza keçirəcəkdi. O, isə özündən güc tapıb sərnişinləri sakitləşdirməyə çalışırdı...

Hökümə Əliyeva yaşadığı binanın önünə yığışanlar onun cəsurluğundan, qorxmazlığından danışır. Qonşuları, qohum-tanışları Hökümədən bəhs edərkən onun əzmkar, qarşısına qoyduğu məqsədə çatmaq üçün daim öz üzərində çalışdığını deyirlər.

Bu gün onu, adını müasir Azərbaycan tarixinə həkk etdirməyi bacaran 33 yaşlı Hökümə Əliyevanı Vətən torpağına əmanət edəcəyik. O bizim şəhidimizdir.

Tanıyanlar “Hökümə Əliyeva kimdir” sualına belə cavab verir:

“Hər zaman çox gülərüz idi. Təhsil, karyera qurmaq üçün bir an belə dayanmırdı. Daim bu istiqamətdə çalışırdı. Qısa, amma fəxr olunası həyat yaşadı. Çox yaxşı insan idi...”

Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.

1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə, 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb. Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib.

Tale aman versəydi, yaxın günlərdə isə Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı...

33 yaşlı Hökümə Əliyeva sosial şəbəkədə yayılan təyyarə görüntülərində son ana qədər sərnişinlərə təlimat verib və onlara “Hər şey yaxşı olacaq” deyərək, təmkinli olmağa səsləyib. Ailəli idi.

Bu gün, o dəhşətli qəza nəticəsində həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR