Onlayn ictimai-siyasi qəzet
Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən həkimlərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Arif Talıbov və həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Ehtibar Soltiyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Dələduzluqda təqsirləndirilən həkimlər barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçiriblər.
Həkim Ehtibar Soltiyevin ifadəsindən hadisənin təfərrüatı məlum olub: “Taksi fəaliyyəti ilə məşğul olan qardaşım Təbriz vasitəsi ilə Samirə Mirzəyevanı tanımışam. Təbriz dedi ki, Samirənin Dövlət Sosial Müdafiə Fondu ilə əlaqələri var və dayandırılmış pensiyaları bərpa edir. Bundan sonra Samirə ilə Bakıda görüşdük. Pensiyaların bərpa edilməsi üçün adam tapmağa başladım. Heç kimə qarşı dələduzluq etmək fikrim olmayıb. Hər adama görə mənə 200-300 manat pul verilməli idi. Pulların bir hissəsi Samirənin kartına köçürülüb. Əsas hissəsini də nağd şəkildə Samirəyə vermişəm”.
Ehtibar Soltiyevin sözlərinə görə Samirənin vətəndaşları aldatmasını sonradan başa düşüb. Həmin vaxt isə artıq gec olub.
Digər həkim Arif Talıbov isə bu işə necə qoşulduğunu belə danışıb: “İşdə Ehtibar həkimin yanına çox adamın gəlib-getdiyini gördüm. Ehtibar həkimdən nə məsələ olduğunu soruşdum. Danışanda Samirə adlı qadının dayandırılmış pensiyaları bərpa etdiyini dedi. Mən də öz qohumlarımın pensiyasının bərpası üçün Samirə xanıma müraciət etdim. Pulların hamısı ona verilib”.
Məhkəmə araşdırması zamanı Samirə Mirzəyeva da şahid qismində dindirilib. O, hazırda həbsdədir və dələdulzuq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Samirə Mirzəyeva pensiya düzəltmək adı ilə vətəndaşlardan pul almaqda ittiham edilir.
Bu iş üzrə şahid kimi dindirilən Samirə Mirəzəyeva həkimlərin dediklərini inkar edib:
“Ehtibar həkimi onun qardaşı vasitəsilə tanımışam. Onun qardaşı mənə Ehtibarın Ağsu rayonunda həkim olmasını və pensiya ilə əlaqədar bütün işləri həll etməyi bacardığını deyib. Arif həkimi də Ehtibar həkim vasitəsi ilə tanımışam. Mənə hər hansı məbləğdə pul verilməyib. Ehtibardan borca pul almışam, sonra da qaytarmışam. Hazırda dələduzluq maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. Amma bu məhkumluğum Ehtibar və Ariflə əlbirliklə bağlı deyil. Həbs olunanadək heç bir rəsmi işdə işləməmişəm. Tibbi təhsilim də yoxdur. Dövlət Sosial Müdafiə Fondu ilə də hər hansı əlaqəm olmayıb”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Samirə Mirzəyeva pensiya düzəldəcəyini vəd etdiyi şəxsləri aldadaraq onlara Azərbaycan Beynəlxalq Bankından aldığı debet kartlarını pensiya kartı adı ilə verib. Kartına pensiya köçmədiyini görən şəxslər banka yaxınlaşan zaman onlara bildirilib ki, bu, debet kartdır və istənilən müştəri əldə edə bilər.
Samirə Mirzəyeva həkimlərin cinayət işində keçən heç bir epizodda özünü təqsirli bilməyib. Lakin zərərçəkmişlərin də ifadəsindən məlum olub ki, həkimlər pulu aldıqdan sonra onlarla bilirkdə Bakıda Samirə Mirzəyevaya veriblər.
Məhkəmə araşdırması zamanı ümumi 126 min manatlıq zərərin hər iki həkim tərəfindən ödənildiyi, zərərçəkmiş şəxslərin şikayətçi olmadığı məlum olub.
İşdə diqqət çəkən məqamlardan biri də budur ki, zərərçəkmişlər ilk olaraq Samirə Mirzəyevadan şikayətçi olublar. Həkimlər də bu işdə ibtidai istintaq zamanı zərərçəkmiş kimi tanınıblar. Lakin Baş Prokurorluqda onlar da təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb ediliblər.
Məhkəmənin hökmü ilə hər iki şəxs qeyd edilən cinayət əməlini törtəməkdə təqsirli biliniblər. Onların yaşı və dəymiş zərəri tam ödəmələri nəzərə alınaraq barələrində şərti cəza təyin edilib.
İlkin Muradov
Musavat.com
10 Iyun 2025
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ