İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmkarları həbs olunan plastik cərraha dəstək verdi: “Bəziləri “oktyabryat” andını içəndə Sənan RKX-da rinoplastika edirdi”

 

Xəbər verdiyimiz kimi, burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu xəbər yayılar-yayılmaz ictimaiyyət arasında müzakirələr daha da qabarıq şəkildə özünü göstərdi. Nəzrin Mansurlunun ölümündən təsirlənənlər bu qərarın doğru olduğunu bildirir, hətta daha artıq cəzanın verilməsini tələb edirlər. Bir qisim isə, xüsusilə də həkimlər Sənan həkimin tərəfini saxlayır, heç bir həkimin ölüm hadisələrindən sığortalanmadığını deyir.

Musavat.com xəbər verir ki, dosent, həkim-otorinolarinqoloq Ramil Həşimli Sənan Mehdiyevin haqsız yerə qınanıldığını deyib: “Sənan doktorla 10 ilə yaxın bir şöbədə çalışmışam. 2008-də mən institutda işə başlayanda, bu gün döşünə döyən həmkarlarımızın bir çoxu hələ ixtisasın “oktyabryat” andını içəndə, Sənan RKX-da rinoplastika edirdi. Digər əməliyyatları da o cümlədən. Ölkədə 600-ə yaxın LOR-həkim var. Sənan mübaliğəsiz içimizdə nəzəri savadı da ən yaxşı olanlardan (tam səmimi deyirəm, məndən savadlı!) biridir. 10 il öncə gənc bir xanım xəstəsi "bədxassəli hipertermiya" adlı bir mərəzdən masadaca vəfat etdi. Bilənlər bilir, bilməyənlər axtarış verib öyrənə bilər, bu vəziyyətdən xəstəni çıxarmaq mümkün idimi?!

Bu ili də təəssüf ki, yenə Sənanın əməliyyat etdiyi və əməliyyatdan bir neçə gün sonra vəfat edən bir xanım pasiyentin talehsiz xəbəri ilə başladıq. Sənanın səhvi varmı-yoxmu istintaq mövzusudur. Dünən öncə saxlanılması, bu günsə məhkəmədə haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilməsi xəbərini oxuduq. Hakimin qərarıdır, qanunlarımıza uyğun seçilib. Amma!  Sənan həkimdir, xüsusi təhlükəli cinayətkar deyil. Məhkəməyə kimi azadlıqda olması istintaqdan yayınma, ya da təsir etmə imkanı verirdimi, haqqında başqa tədbir seçilə bilərdimi? İnsanın bildiyim (tanıyanların da qeyd etdiyi) tək əksikliyi  bir qədər kobud olmasıdır, vəssalam!”

WhatsApp Image 2025-01-23 at 12.58.25.jpeg (6 KB)

Dosent əlavə edib ki, heç bir həkim xəstəsinin ölməsi bir yana, ağırlaşmasını belə istəməz:  “İstəmirik! Hər gün risk altında işləyirik. Hər gün hansısa xəstəmiz elementar müayinə əsnasında belə ağırlaşa bilər. Belə çıxır ki, istənilən an hər birimiz barmaqlıqlar arasına düşməkdən sığortalanmamışıq və hansısa bir ağır xəstə gördükmü, həmən qaçıb uzaqlaşmalıyıq?! İnanın ki, hər ağır xəstə ilə ağırlaşır, ölənlə ölür, sağalanla sağalırıq! Qatil deyil, ən az 10 il ali tibb təhsili almış mütəxəssisik. Məsləyimiz isə mələklə-şeytan arası var gəl edən bir məsləkdir. Kimsə özünü mələk saya bilməz burda. Ölkəmizdə elementar bir ümumi qan analizi üçün xaricə üz tutan insanlar var. Amma əhalinin neçə faizidir onlar? Bu xalqı Azərbaycan həkimi müalicə etmirmi? Bu gün sanki düşmən mövqeyinə qoyulub, hədəf taxtasına oturdulmuşuq. Sosial və ənənəvi media həkimə nifrətlə yanaşır. Uzaq deyil, 4 illik yaxın tarixdə pandemiya, Vətən müharibəsi zamanı alqışladığınız kim idi? Neçəsi hər iki cəbhədə canını fəda etdi bilirsinizmi? Alqışa görəmi çalışır həkim? Qəti. Borcudur, peşəsidir! Əksəriyyəti bunu düşünür. Nə alqış, nə də bu cür nifrət dili istəyir.

Bəs vəfat edən gənc?- deyə soruşsanız? Hər bir insan ölümü faciədir. Hələ gənc ana ola. Bunu, bu sətirləri oxuyanlar arasında anasını tam da o yaşda itirən birisi kimi mənim qədər hiss edə bilən az adam olar. Allah qəni-qəni rəhmət eləsin. Ailəsinə səbir versin! Ən çox da o 3 yaşlı qızcığaza ağrıyır ürəyimiz. Qədər! Heç birimiz qaça bilmədik. Sonu Taceddin doktorun ifadəsi ilə deyim: “Onlarla  “diplomsuz doktorcuklar” onlarla xəstə ölümünə səbəb olub sosial şəbəkələrdə hoqqa verməyə davam etdiyi bir zamanda, həqiqi bir mütəxəssisin günahı varmı, yoxmu daha şübhə altındaykən həbsə atılması  professionallıq və ədalət adına çox acı bir durum”. Heç bir həkim xəstəsinin ölümünə səbəb olmaq istəməz”.

Qeyd edək ki, yaxınlarda plastik cərrahları ifşa edən, Amerikada yaşayan jurnalist Qənirə Ataşova da Sənan həkimi dəstəkləyib: “Qəribə Dünya. Azərbaycanın tanınmış plastik cərrahı, 10 mindən çox uğurlu əməliyyatı olan Senan Mehdiyev, gənc Nəzrin Mansurovanın ölümü ilə əlaqədar həbs qətimkan tədbiri ilə 3 aylıq həbs cəzası aldı. Ortada hələ heç bir sübut yoxdur, lakin o, artıq cəzalandırılır. Bu, böyük səhiyyə sistemindəki ciddi qüsurların ortaya çıxacağını göstərir.

Amma bir məsələ bizi düşündürməyə bilməz: necə olur ki, savadsız, diplomsuz insanlar istədikləri kimi evdə, zirzəmidə, mətbəx, salonda əməliyyatlar edib azadlıqda gəzirlər? Hətta şampan partladıb, özlərini toxunulmaz elan edirlər. Belə çıxır ki, Azərbaycanda yalnız diplomlu, savadlı həkimlər cəzalandırılmağa açıqdır”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR