Onlayn ictimai-siyasi qəzet
Şair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub.
Şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:
"Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimiz əladır, bizi apar balıq tutmağa. Süleyman heç getmək istəmirdi. Anası yolladı. Hardan biləydi, deyib bacısı tək qalmasın. Mən də dedim ki, get, niyə getmək istəmirsən? Çünki getmək deyəndə hamıdan qabaq hoppanardı. Söylədi ki, ay nənə, mən həmişə getmək istəyirəm, nəsə bu dəfə istəmir ürəyim. Gəlinə də dedim ki, dəymə, istəmir. Handan-hana dedi ki, yaxşı, gedirəm. Gecə gediblər, orada qalıblar, bir az balıq tutublar. Onlar səhəri gün axşam gəlməli idilər. Süleyman deyib ki, durun gedək. Atası cavab verib ki, bu qədər yol gəlmişik, günorta da tutaq, axşam gedərik. Söyləyib ki, yox, gedək, istəmirəm. Yolda təkərləri partlayıb. Çəkib yolun kənarına, qıraqlara da işarələr qoyub. Boltlardan biri açılıb, o biri yox. Özü də qolu qüvvətli oğlandır. Necə burubsa da, açar qırılıb əlində. Yolda gözləyirmiş ki, sürücülərdən açar alsın. Qız deyib ki, yatıram, maşının içində imiş. Süleyman düşüb gəlib atasının yanına. Oğlum ona əsəbiləşib ki, get bacının yanına. Cavab verib ki, demirsən kişiyəm, mən də sənin yanında durub kömək edəcəyəm. Ondan sonra maşının biri gəlib sürüb aparıb bunları. Qız da maşının içində qalıb. Cığatelin özünü də balaca bir yerdən çıxarıblar. Oğlum orada deyib ki, qızım maşının içindədir. Oğlum özü də orada ölüb-dirilib. O dünyada atası da gəlib qarşısına".
C.İsaqızı vurğulayıb ki, oğlu Ayaz övladının öldüyünü xəstəxanda bilib:
"Süleymandan həmişə qorxurdum, qeyr-adi uşaq idi. Neçə fəlakətdən çıxmışdı. Bir dəfə qolu parçalanmışdı, bir dəfə qızılca çıxartmışdı. O dünya ilə danışırdı. Deyirdi, mən də babam kimi yatağa düşəcəyəm. Balaca uşaq idi, deyirdi ki, deyəsən axır günlərimdir. Bunları danışanda 5 yaşı var idi. 10 yaşına az qalmışdı ki, bu hadisə baş verdi.
Hadisədən sonra heç oğluma yaxın getmirdim, Süleyman axtarırdım. Deyirdilər oğlunun vəziyyəti yaxşı deyil. Hansı ana olsa, oğlunun yanına qaçar. Mən getmədim, dedim, mənə Süleymanı verin. Bilmirdim hələ ki, belə olub. Bacımın oğlu gəlib məni silkələdi ki, Süleyman reanimasiyadadır, sən demə bilirmişlər, oğlunun isə vəziyyəti yaxşı deyil, gəl, bir Ayaza bax. Çox çətin dərdir, Allah heç kimə göstərməsin.
Ölüm var ölüm kimi, ölüm var zülm kim. Bəlkə də biz yaşamazdıq, nə gəlinim, nə də mən. Bizi ayaqda tutan Ayazın ağır vəziyyətdə olmağı idi. Nəvəmi yola salandan sonra qaçdıq xəstəxanaya. Dedilər qan itirir, vəziyyəti pisdir. Biz hələ o şokdan ayılmamışıq. Mənim göz yaşım, ruhum donub, nə şeir yaza bilirəm, nə ağlaya bilirəm.
Oğlum xəstəxanadan yarımçıq çıxdı. O da orada eşitmişdi. Elə biliblər ki, narkozdan ayılmayıb, deyiblər Ayazın oğlu ölüb. Həkimə sual verib ki, əməliyyat olsam, nə qədər müddətə qalxaram? Həkim də cavab verib ki, mil qoyacağıq, ayağa qalxacaqsan. O da deyib ki, əməliyyat etsinlər, sabah gəlsin evə dəfndə iştirak etsin. Ayılanda gec olub. Bacım oğlundan soruşub Süleyman haradadır? O da deyib ki, reanimasiyadadır. Deyib ki, demirəm hardadır, mənim balamı harada dəfn etdilər? 1 ay yatmalı idi, amma bir neçə gündən sonra çıxıb gəldi".
Qeyd edək ki, sözügedən hadisə ötən il Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb./axar.az
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ