İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS və "Hizbullah"ın cəsarətində Bayden Amerikasının payı

Azərbaycanda çıxın küçələrə, sorğu keçirin "Qarabağ məsələsində hansı ölkə Azərbaycanın yanında oldu" deyə, İsrail qardaş Türkiyədən sonra ya ikinci, ya da üçüncü sırada gələcək.

İndi bizə ən ağır zamanlarımızda dəstək çıxan 2-3 ölkədən biri olan İsrailin başı terrorla dərddədir. Bəli, bəli, məhz terrorla, həm də İRAN DƏSTƏKLİ ƏRƏB TERRORU İLƏ!

İSRAEL.jpg (72 KB)

35 ildir erməni terrorizmindən əziyyət çəkən xalq olaraq bu mənzərə bizə çox tanışdır - erməni terrorizminin də arxasında duran ən əsas ölkələrdən bizi məhz İRANDIR.

Dostumuz və müttəfiqimiz İsrailin Azərbaycana dəstəyi bir çoxlarının təsəvvür etdikləri kimi sadəcə silah satışı ilə məhdudlaşmır, eyni zamanda bir çox ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Azərbaycana yönəlik mövqeyinin müəyyənləşməsində Amerikadakı yəhudi diasporunun, yəhudi kökənli siyasətçilərin çox böyük rolu var və mən bunlarla bağlı burada açıqlamaq istəmədiyim müəyyən özəl bilgilərə də sahibəm. Düzdür, Amerikanın Azərbaycana münasibəti çox da ədalətli və ideal deyil, amma bir də düşünün ki, yuxarıda qeyd etdiyim yəhudi dostlarımızın fəaliyyətləri olmasaydı, bu münasibət nə qədər pis ola bilərdi. Zəfərlə sonuclanan 44 günlük savaşımız zamanı Tramp Amerikasının loyal münasibəti hər nə qədər Azərbaycan diplomatiyasının uğuru idisə, bir o qədər də yəhudi dostlarımızın gərgin fəaliyyətlərinin nəticəsi idi.

AZERİ SON.jpg (43 KB)

İndi bu dostlarımızın ağır günlərində sosial şəbəkələrdən gördüyümüz kimi, Azərbaycan xalqının əksəriyyəti ermənilərin dostu və dəstəkçisi olan Fələstinin, onları təmsil edən İran dəstəkli HƏMAS terror təşkilatının yox, İsrailin yanında yer alması gözəl bir mənzərə olsa da, hesab edirəm ki, rəsmi Bakının mövqeyi buna adekvat deyil.

Xarici İşlər Nazirliyimiz qadınların, uşaqların, yaşlıların vəhşicəsinə qətl edilməsini, əsir götürülməsini, işgəncə verilməsini özündə ehtiva edən alçaqca terror hücumuna sanki "nə şiş yansın, nə kabab" məntiqilə, qısa bir açıqlama ilə işini bitmiş hesab edir.

Anlayıram, hər nə qədər Ermənistanın dəstəkçisi, dostu və müttəfiqi olsa da, Fələstin "İslam" ölkəsi sayılır və bu səbəbdən mümkün qədər Fələstini, onu dəstəkləyən İslam ictimaiyyətini incitməmək xətti seçilib. Amma burada söhbət Fələstindən, İsraildən daha çox TERRORDAN gedir və ya getməlidir!

Məlum bəyanat verilərkən hər halda rəsmilərimiz qardaş Türkiyənin, onun ictimaiyyətinin mövqeyini də nəzərə alıblar. Türkiyə bizim qardaşımız, strateji müttəfiqimizdir. Amma biz qardaşımızı nəzərə alaraq, həm də öz milli və dövlət maraqlarımızı ön sıraya qoymalıyıq. Əslində Türkiyənin də dövlət maraqları tarix boyu dəfələrlə türkləri xaincəsinə arxalarından vuran, "mübarizə" metodu olaraq terroru seçən ərəblərin yox, Türkiyəyə heç bir təhdid təşkil etməyən, güclü texnologiyaya, təsirli diaspora sahib olan İsrailin yanında olmağı tələb edir. Lakin bəzi real və ideoloji səbəblər buna mane olur...

Bütün hallarda biz yaxın dostumuz, müttəfiqimiz İsrailin bu cür çətin günlərində vəfa və etibarı ön plana çıxarmalıyıq deyə düşünürəm. Bir şeyi də unutmayaq ki, "Mavi Marmara" olayından sonra hər nə qədər Türkiyə ilə İsrailin münasibətləri zəifləsə, diplomatik əlaqələr minimuma endirilsə də, hətta həmin illərdə belə Türkiyə ilə İsrailin alt qatlarda davam edən DƏRİN İLİŞKİLƏRİ vardı ki, bunlar haqqında burada yazmaq istəmirəm...

TURKİYE SON.jpg (42 KB)

İsrail-Fələstin münaqişəsinə ümumi yanaşmada bəlkə də "nə şiş yansın, nə kabab" anlayışından istifadə edə bilərik, amma söhbət TERRORDAN getdiyi zaman, onu törədənin kimliyindən asılı olmayaraq bu mənfur akt çox sərt şəkildə qınanmalı, terrora məruz qalan tərəfə yardım əli uzadılmalıdır!!!

Bu arada, İran dəstəkli HƏMAS və "Hizbullah" terrorçularının bu və ümumiyyətlə son dövrlərdəki cəsarətlərində mənim hazırda yaşadığım ABŞ-ın, konkret olaraq Bayden yönətiminin də "payı" az deyil.

Həm xarici, həm də daxili siyasətləri ilə Amerikanı bataqlığa sürükləyən "Demokrat"lar İranın bloklanmış pullarının xeyli hissəsini fars-molla rejiminə geri qaytardılar. Bundan başqa, keçən həftələrdə İran həbsxanalarında saxlanılan bir neçə İran doğumlu Amerika vətəndaşlarını azad etmək müqabilində ABŞ-ın fars-molla rejiminə yenə yüklü miqdarda pullar verdiyi deyilir.

Təbii ki, İran Orta Doğuda (Yaxın Şərq) terroru maliyyələşdirən və bölgənin qan çanağına çevrilməsində maraqlı olan bir ölkə olaraq, bu pulları HƏMAS, "Hizbullah", "Haşti-Şabi" kimi öz əlaltısı olan terror təşkilatlarına yönəldir və nəticə göz qabağındadır: bir günün içində yüzlərlə məsum mülki israilli həyatını itirdi, 1000-dən çox yaralı və yüzlərlə əsir. Sosial mediada yayılan görüntülərdə HƏMAS terroçularının əsirlərlə necə vəhşicəsinə davrandıqlarını sözlə ifadə etmək mümkün deyil. O görüntülərdən sadəcə birini paylaşdığım üçün feysbuk sosial media platforması mənim hesabımı 1 həftəliyinə blok etdi. Bu kiçik faktın özü belə onların etdikləri vəhşiliklərin hansı boyutda olduğunu göstərir.

ESİR SON.jpeg (103 KB)

Son olaraq demək istəyirəm ki, Azərbaycan güclü dövlətdir. Xüsusilə xarici siyasətdə heç bir kənar təsirə boyun əymədiyini dəfələrlə ortaya qoyub. Biz həm də vəfalı xalqıq - dar günümüzdə yanımızda olanları bir ömür boyunca unutmarıq. Millət olaraq MƏSƏLƏLƏRİMİZ də hələ bitməyib - Qarabağ məsələsini layiq olduğumuz bir şəkildə - ZƏFƏRLƏ sonuclandırdıq, amma bizim irəlidə daha böyük məsələmiz - GÜNEY AZƏRBAYCAN var və sizi əmin edirəm ki, Güney Azərbaycan məsələsində də Fələstin Qarabağ məsələsində erməninin yanında yer aldığı kimi, FARSIN YANINDA YER ALACAQ, İsrail isə YENƏ DƏ BİZİM YANIMIZDA YER ALACAQ.

Böyük boşnak lideri Aliya İzzetbekoviçin dediyi kimi, "... və bir gün hər şey bitdiyində xatırlayacağımız şey düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi olacaq".

Dostlarımızın faciəsinə SƏSSİZ QALMAYAQ!

ZAUR SON.jpg (152 KB)

Zaur Bayramlı, politoloq, Vaşinqton

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR