Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas: “Andı pozmağa görə mənəvi məsuliyyətlə yanaşı, qanunvericilikdə müəyyən edilmiş məsuliyyətlər var”
Bəzi peşə sahibləri fəaliyyətə başlamazdan öncə and içirlər. Məsələn, həkimlər, hakimlər, hərbçilər, əsgərlər və s. Bəs bu andları pozmağın, orada qeyd etdiklərinə əməl etməməyin cəzası, hüquqi məsuliyyəti varmı? Yoxsa bunlar sırf mənəvi məsələlərdir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həkimlər Hippokrat andı içsələr də, bu, hüquqi məsuliyyət yaratmır: “Hippokarat andı əksər ölkələrdə həkim etikası kodeksi adlı hüquqi aktın tərkib hissəsidir. Amma aktda hüquqi məsuliyyət yaradan konkret müddəalar var. Həkimin tibb bacıları, orta tibb işçiləri, xəstələrlə münasibətində hüquqi məsuliyyət yaradan məsələlər orada açıq göstərilib. Yəni təəssüf ki, mənəvi aktlar heç bir hüquqi məsuliyyət yaratmır. Bəzən Hippokrat andına istinadlarla qarşılaşırıq. Bu and heç bir hüquqi məsuliyyət yaratmır. Bu, mənəvi aktdır. Hesab edirəm ki, bütün mübahisəli məsələlərin hüquqi çərçivədə həll olunması üçün konkret qanun lazımdır. Tibb sahəsində bu həkim etikası kodeksidir. Əsas məsələlər konkret müddəalarla təsdiq olunur və bu da parlamentdə təsdiq olunan qanun olur”.
Əlövsət Allahverdiyev
Hüquqşünas Əlövsət Allahverdiyev də “Yeni Müsavat”a şərhində bildirdi ki, peşə andları hüquqi məsuliyyət yaratmır: “Andlar mənəvi xarakter daşıyır. Peşəyə hörmətin aşılanması istiqamətində atılan addım kimi qəbul edilir. Eyni zamanda istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində qanunda andı pozmağa görə heç bir məsuliyyət nəzərdə tutulmayıb. Hər hansı şəxs andı pozmağa görə yox, törətdiyi əmələ görə məsuliyyət daşıyır. İstər həkim, istər hərbi qulluqçu, kim olursa-olsun, törətdiyi əməl cinayət tərkiblidirsə, yaxud mülki hüquqi məsuliyyət doğurursa, bu halda şəxs məsuliyyət daşıyır. Daşıdığı məsuliyyət isə qanunla qadağan olunmuş əməli törətdiyinə görədir. Məsələn, həkim xəstənin ölümünə səbəb olubsa, yaxud xəstənin ləyaqətini alçalda biləcək hər hansı hərəkət edirsə, bu, mülki məsuliyyət yaradır”.
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev isə mövzunu belə şərh etdi: “Andın mahiyyəti konstitusiya və qanunvericiliyə, eyni zamanda peşə üçün xarakterik olan xüsusiyyətlərə sadiq qalmağa and içməkdir. Andı pozmağa görə mənəvi məsuliyyətlə yanaşı, qanunvericilikdə müəyyən edilmiş məsuliyyətlər var. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində məsuliyyətin 4 növü müəyyən edilib: mülki-hüquqi, intizam, inzibati və cinayət məsuliyyəti. And içməli olan şəxslər and içdikdən sonra vəzifə səlahiyyətlərinə başlayarkən onların üzərində qanunvericiliklə vəzifə öhdəliklərini yerinə yetirmək və məhdudiyyətlərə əməl etmək öhdəliyi var. Şəxs vəzifə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, dolayısı ilə andın ehtiva etdiyi şərtləri pozarsa, ağırlıq dərəcəsinə görə sözügedən məsuliyyətlərdən biri seçilir. Məsələn, vəzifə səlahiyyətlərini həyata keçirməyən dövlət qulluqçusu intizam məsuliyyətinə cəlb olunur. İntizam məsuliyyətinin növləri var: töhmət, vəzifə maaşının tutulması, vəzifə dərəcəsinin aşağı salınması və vəzifədən kənarlaşdırma. Vəzifəli şəxs törətdiyi əməlin dərəcəsinə görə cinayət məsuliyyətinə də cəlb oluna bilər. Azərbaycan Konstitusiyasında da Vətənə sədaqət maddəsi var. Bu maddənin pozulması ağır məsuliyyətə səbəb yaradır. Hakimlər, dövlət qulluqçuları, millət vəkilləri törətdikləri hüquqi məsuliyyətə görə, andı pozma dərəcəsinə görə məsuliyyətə cəlb olunurlar. Məsələn, dövlət sirrini yaya bilərlər. Dövlət sirrini yaymaq isə Vətənə xəyanətə qədər gətirib çıxara bilər. Azərbaycan Konsititusiyasının 74-cü, Vətənə sədaqət maddəsinə görə vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik yaxud məhkəmə hakimiyyət orqanlarında işləyən şəxslər vəzifələrini dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar. Qanunla müəyyən edilmiş hallarda and içirlər. Bunun pozulması isə kontitusion məsuliyyət yaradır. Bir sözlə, o şəxslər and içir ki, konstitutiya və qanunvericilik aktları ilə öhdəlik götürürlər və vəzifə səlahiyyətlərini yerinə yetirmə borcluluğu var. Bunu pozmağa görə Azərbaycan qanunvericiliyinə görə məsuliyyət daşıyırlar. Eyni zamanda and içən şəxslər tutduğu vəzifənin əhəmiyyətinə görə mənəvi məsuliyyət daşıyırlar”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov hesab edir ki, bu həm mənəvi, həm də hüquqi məsələdir: “Andiçmə qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərinə riayət edilməsini ehtiva edir. Vəzifə öhdəliklərinin pozulması qanunvericilik tələblərinin pozulması, başqa sözlə desək, hüquqazidd addımların atılması deməkdir. Bu da məsuliyyət yaradır. Yəni həm mənəvi, həm də hüquqi məsuliyyət yaranır. Hər bir şəxs peşə fəaliyyətində qanunla üzərinə qoyulan vəzifələrə layiqincə riayət etməlidir. Əks təqdirdə, qanunauyğun ölçülər götürüləcək”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ