Onlayn ictimai-siyasi qəzet
Ləğv edilmiş “Royalbank”ın sahibi olan ata (Əli Cam) və oğlu (Fuad Cam) son 12 ildə yaşadıqları faciə ilə bitdi. Ata və oğul azadlığa çıxsa da Fuad Camın azadlıqdakı ömrü bir neçə gün çəkdi.
Musavat.com xəbər verir ki, 2013-cü ildə beynəlxalq axtarışa verilən, 6 il sonra (2019-cu ildə) həbs edilən ata və oğul 6 il həbsxanada qaldıqdan sonra azadlığa çıxdılar. Lakin Fuad Camın azadlıq sevinci çox qısa çəkdi. Qan xərçəngi olan Fuad azadlığa çıxandan bir neçə gün sonra dünyasını dəyişdi.
2013-cü ilin dekabr ayında Türkiyədə kütləvi həbslər başlamışdı. Məmurlar, iş adamları korrupsiya əməliyyatları ilə həbs edilirdi.
Türkiyədə həyata keçirilən kütləvi həbslərlə bağlı həmin ərəfədə (2013-cü ilin dekabrında red.) Musavat.com-da "Türkiyədəki həbslər Azərbaycanı silkələməyə başladı" başlıqı yazı dərc edilmişdi.
Yazıda sözügedən əməliyyatlarda həbs olunanların Azərbaycanla əlaqələrindən bəhs edilir və bir çox şəxslərin adları çəkilirdi.
Həmin yazıdan xatırlatmalar:
“Dekabrın 17-də Türkiyə Mütəşəkkil Cinayətkarlıq və Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin İstanbul və Ankara şəhərlərində həyata keçirdiyi əməliyyatlarda həbs edilənlərin Azərbaycanla da əlaqəsinin olduğu barədə iddialar var. Təsadüfi deyil ki, bu cinayətlə bağlı artıq bir məmurumuz Qarsda həbsə alınıb.
Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun saxlanılması bomba effektli xəbər olsa da, nədənsə Azərbaycan rəsmiləri bu barədə danışmağı xoşlamır. Lakin Bakıda həyəcan və gərginliyin olması gələn xəbərlər arasındadır. M.Seyidovun konkret olaraq hansı rüşvət əməliyyatlarında iştirakı hələ tam dəqiqləşməsə də, əsas iddialar onun Türkiyədə həbs edilən güneyli iş adamı Rza Zərrabla bağlı olduğuna dairdir. Çünki R.Zərrabın İran pullarının "yuyulması" əməliyyatında Azərbaycandakı bankların da rol aldığı və həmin pulların leqallaşdırıldıqdan sonra Naxçıvanla sərhəddən Türkiyəyə daşındığı deyilir.
…Türkiyədəki əməliyyatda üç nazir oğlunun həbsi Azərbaycan da bəzilərinin gözünü qorxudub və onlar ətrafı təmizləməklə mümkün təhlükələrdən özlərini sığortalamaq istəyirlər.
Sədərək Gömrük İdarəsinin rəisinin həbsinin və gömrükdə təmizləmə əməliyyatına başlanılmasının Rza Zərrabla birbaşa əlaqəsi olduğuna dair iddialar isə son günlər daha da artıb.
Əvvəlcə Rza Zərrab haqda qısa arayışa diqqət edək. Türkiyə mənbələrinin məlumatlarına görə, Rza Zərrab 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.
2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Rza Zərrab, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppanidir. Bu adamlar İran və ərəb əsillidirlər.
2012-ci ilin iyununda Bakıda bu adamlara birbaşa heç bir bağlılığı olmayan, amma adında R.Zərrabın brendi olan "Royalbank"ın gözlənilmədən lisenziyası ləğv edildi.
Tezliklə bankın lisenziyanın ləğvinin əsl səbəbləri üzə çıxdı. Məlum oldu ki, bank əslində İranın çirkli pullarının "yuyulması"nın güdazına gedib. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu. Həmin məlumatda deyilirdi ki, "Royalbank" 100 min kart istehsal edib və həmin kartlar İran vətəndaşlarına verilib.
Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib) apardığı araşdırmalar nəticəsində bəlli olub ki, "Royalbank" İrandakı çirkli pulların "yuyulmasında" əsas vasitədir. Digər tərəfdən, bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı İran vətəndaşının adının "digər dolaşıq işlərdə də" hallandığı bildirilirdi.
Türkiyədəki həbslərdən cəmi bir neçə gün öncə Azərbaycan hüquq-mühafizə orqanları Fuad Camın (2013-cü ildə red.) beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış "Royalbank"ın sədri 29 yaşlı (2013-cü ildə 29 yaş red.) Fuad Cam külli-miqdarda mənimsəmədə ittiham olunur.
Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb. Rza Zərrabın ittiham dosyesi onu təsdiqləyir ki, İran pullarının "yuyulmasında" əsas fiqur o olub və əməliyyatın aparıldığı bütün ölkələrlə kuratorluğu da şəxsən özü edib.
İran pullarının təkcə Azərbaycanda deyil, digər dövlətlər də yuyulması prosesi çox sadə olub. Pullar leqallaşdırıldıqdan sonra "gömrük yaşıl işıq yandırıb" və küllü-miqdarda vəsait heç bir maneə olmadan (hətta Türkiyə aeroportunda kisələrdə daşınıb) Türkiyəyə daşınıb.
Hələ bir müddət əvvəl ölkə mətbuatında Azərbaycanda gömrük sistemində hüdudsuz səlahiyyətlər verilən Əbülfəz Məlikovun iranlı bir şəriki haqda məlumatlara diqqət çəkək. Dərc olunan məlumatlarda bildirilirdi ki, Əhəd ağa adı ilə tanınan iranlı şəriki Əbülfəz Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Bu məsələnin araşdırıcıları iddia edirdi ki, Azərbaycanda gömrük monopoliyasının əsas adamı da əslində Ə.Məlikov yox, iranlı Əhəd ağadır. Əhəd ağa isə "Royalbank" Müşahidə Şurasının sədri Əli Camın (axtarışa verilən Fuad Camın atası) yaxın qohumudur.
Sxem qismən aydındır: "Royalbank", sərhəd və Əhəd. İndi daha bir mötəbər mənbə iddia edir ki, sözügedən Əhəd Rza Zərrabın şəriki olan iranlı iş adamı Əhəd Xabaztamımdır”.
2013-cü ildə dərc edilən bu yazının demək olar ki, tamamı zaman keçdikdə öz təsdiqini tapdı.
Ata və oğlu beynəlxalq axtarışdan sonra həbs edilərək Azərbaycana gətirilmişdilər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilmişdi.
Əli Cam “Royalbank” ASC-nin Müşahidə şurasının sədri, oğlu isə bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmişdi.
Fuad Camın vəkili çıxışında deyirdi:
"Məhkəmədə 101 cildlik cinayət işində kifayət qədər Fuad Camın xeyirinə faktlar olsa da, ittiham tərəfi bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərin hamısı cinayətdə Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir? Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul veriblər. Məhkəmədən xahiş edirəm bu hallar nəzərə alınsın. Fuad Cama hökm oxunarkən xahiş edirəm yüngülləşdirici hallar nəzərə alınsın.
Cinayət işində Fuad Camın bir dənə sənəddə imzası yoxdur. Cinayət Əli Camındırsa, oğul niyə ağır cəzaya məhkum olunmalıdır. Axı, onun ittiham edilən sənədlərin heç birində imzası yoxdur. Bu köçürmələri Əli Cam edibsə, Fuad Cam niyə cəzalandırılır? İttihamda kənd təsərrüfatı kreditləri adı ilə 4 milyon manata yaxın pul mənimsənilməsi var. Bu prosesdə Fuad Canın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb. İttiham aktında da göstərilir ki, bu proses Əli Camın göstərişi ilə köçürülüb və çıxarılıb. Burada Fuadın nə günahı var? Axı, bu pulu Fuad köçürməyib. Əl Cam köçürüb də, çıxarıb da. Fuad Camın bu işdə nə günahı var? İttiham aktında yazılıb ki, Fuad bu işdə atası ilə əlbir olub. Bu əlbirlik harada olub? İstəyirlər ki, Fuad, cavan uşaq türmədə yatsın? Ona görə də xahiş edirəm Fuad barədə ədalətli qərar verəsiniz".
Əli Cam son sözündə bildirmişdi ki, onun prosesdə heç bir günahı yoxdur və bəraət istəyir: "2003-2006-cı illərdə bank əməkdaşları 12 nəfərdən 600 nəfərə çatdırılıb. 2008-ci ildə "Royalbank"ın kapitalı 10 milyon, 2010-da 22 milyon olub. Bütün dünyada böhran olsa da, mən bankın kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdə mülkümü satıb Bakıya gətirmişəm. İstəməsəydim, etməzdim. Xahiş edirəm, mən və oğluma bəraət verin".
Fuad Cam da son sözündə məhkəmədən bəraət istəmişdi.
Məhkəmənin hökmü ilə Əli Cam 8 il, Fuad Cam isə 13 il azadlıqdan məhrum edilmişdi.
İttihamda yazılırdı:
“Ləğv edilmiş “Royalbank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “Royalbank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib”.
Qeyd edək ki, Əli Cam beynəlxaql axtarışdan sonra tutularaq Azərbaycan ekstradisya edilmişdi. Fuad Cam isə Azərbaycana qayıdan zaman hava limanında saxlanılmışdı.
İlkin Muradov
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ