İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki başçının Ali Məhkəmədə şikayətini geri götürməsinin pərdəarxası

Mahir Quliyev bilir ki, İnam Kərimovun gəlişi ilə korrupsioner məmurların azadlığa çıxması çətinləşib

Hazırda həbsdə olan Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı məhkəmə prosesi keçirilib. Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi iclasda həm məhkum şəxs, həm zərərçəkmiş qurum tərəfindən verilən şikayətlərin geri götürüldüyü elan olunub. Bu barədə APA xəbər yayıb.  

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Biləsuvar RİH-ə vurduğu 3,2 milyon manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddianın ödənilməsi ilə bağlı qərar çıxarılıb.  Mahir Quliyevin Xətai rayonundakı 450 min manatlıq evi, Nərimanov rayonundakı 504 min manatlıq mənzili və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirəsinə də qərar verilmişdi. Şirvan Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 

Mahir Quliyevin Ali Məhkəməyə şikayət verib, sonra isə  geri götürməsi maraq doğuran məqamdır. Belə məlumatlar var ki, həbsdəki başçı şikayətini Ali Məhkəməyə Ramiz Rzayevin sədrliyi dövründə təqdim edib.  Mahir Quliyevi ümidləndirən isə bu instansiyaya müraciət edən əksər korrupsioner məmurların oradan istədiklərini ala bilməsi olub. Məsələn, ötən ilin oktyabrında həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Ramiz Tatarov yenidən məhkəmə qarşısında | KONKRET

Ramiz Tatarov

Ağstafanın  başçı müavini olan Ramiz Tatarovun şikayətinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti baxmışdı və təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin etmişdi. Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib. Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apelyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı. Ramiz Tatarovdan əvvəl isə  Ali Məhkəmədə Yevlağın keçmiş icra başçısı, 2019-cu ilin dekabrından həbsdə olan Qoca Səmədovun şikayətinə baxılıb. Hakim Tahir Kazımovun sədrliyi ilə çıxarılan qərara əsasən, Qoca Səmədovun cəzası 3 ay azaldılıb və 6 ildən 5 il 9 aya endirilib. 

Mahir Quliyev Ali Məhkəməyə şikayətini təqdim edəndən sonra bu instansiyada vəziyyət kəskin dəyişib. Ramiz Rzayev yola salınandan sonra İnam Kərimovun gəlişi ilə korrupsioner məmurlar üçün “zakaz-kontora” bağlanıb. Bu baxımdan, şikayətin təmin edilməyəcəyi bəllidir. İndiki halda, Mahir Quliyev şikayəti geri götürməklə “yaxşı zamanlar”da şikayəti yenidən vermək imkanına malikdir. 

Məlumat üçün qeyd edək ki, Mahir Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə - 42 yaşında  Naxçıvan Universitetini bitirib. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbayel bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. 8 sentyabr 2006 - 26 aprel 2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü olub. Ailəlidir, 3 övladı var. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib. İlk olaraq ofisiant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, “Sahil” restoranının administratoru olur.

Məlumatda qeyd olunur ki, Bakıda ən gözəgəlimli restoranlar sırasında olan “Sahil”ə gələnlər arasında yüksək rütbəli məmurlar da olub. İddia olunur ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də o zamanlar tez-tez “Sahil”ə gedirmiş. 42 yaşına kimi ali təhsili belə olmayan restoran işçisinin vəzifə pillələrində sürətlə yüksəlməsinin səbəbi kimi məhz Ramiz Mehdiyevlə “Sahil” restoranından başlayan tanışlığı göstərilir. Onu da qeyd edək ki, Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda olduğu bildirilir. Bildirilir ki, Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR