İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həbsdə olmağımın səbəbini bilirəm”-Bəkir Orucovun məhkəməsi

 

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun barəsindəki hökmdən verdiyi apelyasiya şikayətinə baxılır.

Musavat.com xəbər verir ki, general Bəkirovla yanaşı iş üzrə həbsə alınan korpusun təlimatçısı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədov da barələrindəki hökmü qanunsuz və əsassız hesab edirlər. Onlar da Bakı Hərbi Məhkəməsinin barələrindəki hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıblar.

Apelyasiya Məhkəməsindəki çıxışında Bəkir Orucov general olduğuna görə həbsə alındığını bildirib. Onun sözlərinə görə, məqsəd də “Tərtər işi”ndə zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub: “Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generalam. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq...”.

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. Bəkir Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır. O dövrdə Bəkir Orucov da Beyləqan korpusunun qərargah rəisi olub.

Beyləqandakı olaylar da bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda Bəkir Orucov və həmin olaylarda ittiham olunan daha 4 nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Bəkir Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə korpusun təlimatçısı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum ediliblər. Digər 2 nəfərə - Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib. Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilmir, hökmü ədalətsiz sayırlar.

Məhkəmədə polkovnik Ziya Kazımov da təqsirsiz olduğunu deyib. O, narazılıq edib ki, Bakı Hərbi Məhkəməsində araşdırmalar gedəndə verilən ifadələr bir kənarda qalıb, hakim ittiham aktını hökmə köçürüb. Ziya Kazımovun sözlərinə görə, dindirilən zərərçəkmişlər onu işgəncə verilən hərbi hissədə görmədiklərini bildiriblər: “Hökmdə məhkəmədə deyilənlərdən əsər-əlamət yoxdur. Zərərçəkənlərin, şahidlərin məhkəmədə mənimlə bağlı dedikləri təhrif olunub”.

Heç kimə işgəncə vermədiyini vurğulayan Ziya Kazımov leytenant Adil Sabirlinin ölümündən də danışıb.

Deyib ki, həmin vaxt evdə olub, telefon zəngi ilə belə bir hadisənin baş verməsindən xəbər tutub: “Evdə idim. Zəng elədilər ki, belə bir hadisə var. Durub hərbi hissəyə getdim. Gəlib çatandan sonra general Bəkir Orucova zəng elədim. Süni nəfəs verdim, ürək masajı elədim. Gördüm ki, artıq ölüb”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR