İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı mülk sahibi deyil, ancaq hamının mənzili var... - Avropa örnəyi Azərbaycanda mümkündürmü?

Daha bahalı evlər, daha çətin yaşayış - mənzil böhranına alternativ həll yolları

Mənzil bazarında qiymətlərin fantastik həddə qalxması göstərir ki, artıq orta təbəqəyə mənsub olan insanların 150-200, 250-300 minə ev ala bilməsi, mülki sahibi olması çətinləşib. Bu, dünyanın əksər meqapolislərində müşahidə olunan tendensiyadır. Urbanizasiya prosesi davam edir, insanlar böyük şəhərlərə axışır, ona görə də iri şəhərlərdə mənzillər ildən-ilə bahalaşır.

Ancaq bir çox ölkələrdə bunun çarəsi tapılıb: insanlar mülk sahibi olmadan işlədikləri yerə yaxın mənzillər tədarük edib yaşayır, sadəcə, optimal həddə kirayə haqqı ödəyirlər. Bir müddətdən sonra iş və yaşayış yerini dəyişəndə onlar asanlıqla şəhərin başqa səmtinə və ya başqa şəhərə daşınır, həmin yerdə də rahat şəkildə kirayə mənzil tapırlar. Məsələn, Almaniyada dövlət uzunmüddətli sosial mənzillər tikir və aşağı gəlirli ailələrə münasib qiymətə kirayəyə verir.

Fransada isə “HLM” adlı sosial mənzil sistemi mövcuddur, burada kirayə haqları gəlir səviyyəsinə uyğun tənzimlənir.

İsveçdə də dövlət və bələdiyyələr mənzil fondunu genişləndirərək kirayə bazarını tənzimləyir. Kirayə haqları çox ciddi qaydalara tabedir.

Niderlandda aylıq gəliri 44 min avrodan aşağı olan ailələrə dövlət tərəfindən daha ucuz kirayə evlər təqdim edilir.

ABŞ-da isə xüsusilə böyük şəhərlərdə dövlət müəyyən vergi güzəştləri tətbiq edərək investorlara ucuz kirayə mənzil layihələri yaratmağa şərait yaradır.

Yaponiyada şirkətlər işçilər üçün xüsusi mənzil kompleksləri inşa edərək onlara münasib kirayə təklif edir.

Eləcə də Cənubi Koreyada dövlət subsidiyaları və iş yerlərinə yaxın kirayə mənzil layihələri vasitəsilə mənzil problemlərini həll etməyə çalışır.

Bəs Azərbaycanda təcrübələri tətbiq etmək mümkündürmü?

Eldeniz.jpg (385 KB)

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağı “Yeni Müsavat”a danışıb: “İlk növbədə onu qeyd edim ki, Azərbaycanda insanların mənzil əlçatanlığının təmin olunması üçün dövlət tərəfindən müxtəlif mexanizmlər hazırlanıb və icra olunmaqdadır. Məsələn, ipoteka kreditlərinin verilməsi, kirayə mənzil mexanizmi, eyni zamanda sosial evlərin tikilməsi və sosial cəhətdən həssas insanlara təqdim edilməsi bu çərçivədə həyata keçirilən addımlardandır.

Lakin bir çox Avropa ölkələrində müşahidə edilən bu sistemin Azərbaycanda tətbiq edilməsi üçün hazırda mövcud olan imkanlar, düşünürəm ki, əlverişsizdir. Bu əlverişsizliyə səbəb olan bir sıra obyektiv və subyektiv amillər mövcuddur. Konkret olaraq, Azərbaycanda ilk növbədə kirayə bazarında çevik və dayanıqlı bir sistem formalaşdırılmalıdır. Yəni insanlar münasib qiymətə mənzil əldə etməli və kirayə bazarında təklif edilən mənzillərin sayı tələbata uyğun olmalıdır. Digər tərəfdən, bilavasitə kirayə prosesləri şəffaf və konkret müqavilələr əsasında formalaşmalıdır.

Lakin gəlin etiraf edək ki, ölkənin böyük şəhərlərində, hətta Bakı şəhərinin özündə belə, kirayə mənzil bazarında real statistikanı aparmaq çətindir. Bunun əsas səbəblərindən biri kirayə müqavilələrinin geniş yayılmamasıdır. Hazırda Azərbaycanda kirayə mənzillərin böyük əksəriyyəti qeyri-rəsmi şəkildə icarəyə verilir, bu isə vergidən yayınma hallarına və kirayə bazarında qeyri-müəyyənliyə səbəb olur. Bundan əlavə, kirayədə qalan insanların uzunmüddətli icarə perspektivləri də qeyri-müəyyəndir. İş bazarının dayanıqsızlığı, əmək müqaviləsi olmadan çalışanların çoxluğu və qeyri-sabit gəlirlər də kirayə bazarına təsir edən əsas faktorlardandır.

Avropa ölkələrində isə vəziyyət fərqlidir. Məsələn, müəyyən yerlərdə insanlar uzunmüddətli müqavilə ilə işlə təmin olunurlar və aldıqları əməkhaqqı kirayə mənzil üçün kifayət edir. Əgər Azərbaycanda da, xüsusən paytaxtda, uzunmüddətli və dayanıqlı əmək münasibətləri qurulsa, bu sahədə irəliləyişlər ola bilər. Yəni bir sahibkar zavod və ya fabrikin yanında yaşayış kompleksləri inşa edərək onları münasib qiymətlərlə kirayəyə verə bilər ki, işçilər həm işləsin, həm də yaşasın.

Lakin bu gün Bakı şəhərində kirayədə yaşayan insanların böyük əksəriyyətinin dayanıqlı işi yoxdur. Onların bir qismi taksi fəaliyyəti ilə məşğuldur, lakin bu sahədə gəlirlərin qeyri-sabit olması və qanunvericilikdəki dəyişikliklər onların fəaliyyətini çətinləşdirir. Digərləri pərakəndə ticarət, xidmət sektoru və digər qeyri-sabit sahələrdə çalışır, hətta əmək müqaviləsi olmadan işləyənlər də kifayət qədər çoxdur. Ümumiyyətlə, iqtisadi fəaliyyətin tam şəffaf olmaması və qeyri-rəsmi məşğulluğun yüksək olması Azərbaycanda Avropa modelinə uyğun kirayə mənzil bazarının formalaşmasına mane olan əsas səbəblərdən biridir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR