Onlayn ictimai-siyasi qəzet
Ukraynada davam edən müharibənin bu ilin sonunadək başa çatması mümkündür.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Ya biz bu müharibənin davamına göz yummalıyıq, ya da bu ilin sonuna qədər daimi sülhə nail olmalıyıq”, – deyə Fidan vurğulayıb. O, Türkiyənin Ukrayna və Rusiya tərəfləri arasında danışıqlar potensialından sülhə doğru istifadə etməyə hazır olduğunu bildirib.
Nazir ümid etdiyini bildirib ki, İstanbulda planlaşdırılan danışıqlar sülh prosesini irəli aparacaq və nəticə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsinə zəmin yaradacaq.
Fidan həmçinin bildirib ki, Moskvaya etdiyi səfərin detalları artıq Kiyevlə bölüşülüb və bu gün günorta saatlarında Prezident Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerovla görüş keçirəcək.
Türkiyə 2 iyun tarixində İstanbulda baş tutması planlaşdırılan danışıqlara dair Ukrayna ilə məsləhətləşmələr aparır. Rusiya artıq bu görüşə hazır olduğunu bəyan edib. Fidanın sözlərinə görə, İstanbul danışıqlarında texniki detallarla bağlı razılaşma əldə olunarsa, liderlərin sammiti reallaşa bilər.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ