Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilk dəfə olaraq fiziki suiqəsd cəhdinə məruz qaldığını etiraf edib. Musavat.com xəbər verir ki, o, 24 TV-də Murat Çiçəyin canlı yayımında sualları cavablandırarkən deyib ki, təxminən 4-5 il əvvəl ağır arsenik və civə ilə zəhərlənib və bu hal analizlər zamanı aşkara çıxıb.
“Zəhərləndik də, müalicə də gördük… Amma bu da mübarizənin bir hissəsidir”, – deyə Hakan Fidan bildirib.
Nazir, zəhərlənmənin konkret harada baş verdiyini deməsə də, “bir yerdə olmuşdu, sonra təhlillərdə üzə çıxdı” ifadəsi ilə onun xarici məkanda baş verdiyini üstüörtülü şəkildə bildirib.
Fidan əlavə edib ki, bu barədə bu günə qədər heç bir ictimai açıqlama verməyib və yalnız bu yayımda ilk dəfə danışıb.
Suiqəsdin kim(lər) tərəfindən həyata keçirildiyi sualına isə Fidan konkret cavab verməkdən yayınaraq belə deyib:
“O detallara girməyək. Bu, xarici məkanlarda baş verən məsələlərdir. Təkcə içəridə deyil, xaricdə də düşmən var.”
Hakan Fidan 2010-cu ildən bu yana – yəni Milli İstihbarat Təşkilatı (MİT) rəhbəri təyin olunduğu gündən bəri həm xarici, həm də daxili dairələrin hədəfində olduğunu bildirib. Ona və ailəsinə qarşı informasiya hücumlarının, iftira və təxribatların fasiləsiz davam etdiyini deyib.
“Biz artıq bunlara öyrəşmişik. Amma əsas problem, terrorçuların, cinayətkarların və müxalifət partiyalarının eyni informasiyanı siyasətə daşımasıdır”, – deyə nazir əlavə edib.
Fidan bu cür təhlükələrin onu yolundan döndərmədiyini vurğulayıb:
“Sizə həm mənəvi suiqəsdi edəcəklər, həm də fiziki suiqəsd. Amma biz bu vətənə xidmət üçün varıq.”
Qeyd: Hakan Fidan uzun illərdir Türkiyə dövlətinin ən mühüm strateji fiqurlarından biri sayılır. Onun bu açıqlaması, Türkiyə daxilində və xaricində güc mübarizəsinin dərinliyini bir daha nümayiş etdirir.
Musavat.com
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ