İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcüstanla əlaqələr dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir”

Politoloq: “İki ölkə arasındakı strateji tərəfdaşlıq regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında rol oynayır”

Başa çatmaqda olan yanvar ayı Gürcüstan baş naziri İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ilə də yadda qaldı. Baş nazir İrakli Kobaxidze Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini, həmçinin 2025-ci ildə ilk rəsmi səfərini Azərbaycana etdi. Səfər zamanı Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparıldı.

Prezident İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Kobaxidzenin görüşdən sonra mətbuata verdikləri bəyanatlar səfərin Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və regionda əməkdaşlıq məsələlərini əhatə etdiyini göstərmiş oldu. Prezident İlham Əliyev çıxışında Gürcüstanın Azərbaycan üçün strateji tərəfdaş olduğu və iki ölkə arasında dostluq münasibətlərinin davam etdirilməsi ilə bağlı fikirlər səsləndirib.

Prezident İlham Əliyevin Gürcüstanın baş naziri ilə apardığı görüş və mətbuata verdiyi bəyanat, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini və tərəfdaşlıq ruhunu bir daha təsdiqləyir. Bu cür görüşlər, həm regional, həm də beynəlxalq miqyasda əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bəyanatda həmçinin Azərbaycanın Gürcüstanla birgə layihələrdə və regional təşəbbüslərdə daha yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib. Gürcüstan baş nazirinin səfəri Bakı səfəri iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.

Ekspertlər hesab edir ki, energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi-ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bu coğrafiyada Gürcüstan şübhəsiz ki, yenə həmişəki öncül yerini saxlayacaq. 

İqtisadçı ekspertlər də hesab edir ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən nəqliyyat və ticarət sahələrində yeni layihələrin həyata keçirilməsi istiqamətində müsbət inkişaflar gözlənilir. Bu layihələr yalnız iki ölkə arasında deyil, həm də regionda mövcud olan digər tərəfdaşlar üçün də faydalı olacaq. Azərbaycanla Gürcüstan arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir: “Prezident İlham Əliyevin Gürcüstanın baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirməsi əlaqələrimizin hansı səviyyədə olduğunun ən yaxşı formada ifadəsidir. Baş nazir İrakli Kobaxidze Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edərək, iki dövlət arasındakı regional əməkdaşlığa və strateji tərəfdaşlığa verilən yüksək önəmi nümayiş etdirdi.

Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və ehtiram, sağlam və qarşılıqlı səmimiyyət çərçivəsində, bir-birinin ərazi bütövlüyünü tanımaq, beynəlxalq tədbirlərdə dəstəkləmək səviyyəsində qurulub. Müstəqilliymizin ilk illərindən hər iki ölkə xalqlarının ümumi problemlərin həllində qarşılıqlı dəstək göstərmək istəyi indiki uğurlarımıza vəsilə olub. Azərbaycan dost Gürcüstana qarşı kənar qüvvələrin, regiondan kənar güclərin müdaxiləsi zamanı onu qoruyan qardaş ölkə kimi çıxış edib və gürcü xalqı bunu heç vaxt unutmur. Gürcüstan Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında tranzit ölkə olaraq etibarlı tərəfdaş rolunu uğurla yerinə yetirib".

Politoloq qeyd etdi ki, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulub: “Azərbaycan Gürcüstan iqtisadiyyatına indiyədək 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Bu, iki dövlət arasındakı iqtisadi əlaqələrin nə qədər dərin olduğunu göstərir. Azərbaycan və Gürcüstanın strateji mövqeyi Avropa ilə Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız region ölkələrinin deyil, həm də qonşu ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Gürcüstan və Azərbaycanın nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirməsi və rəqəmsal texnologiyaların tətbiqi bu sahədə daha səmərəli nəticələr əldə etməyə imkan verir”.

Hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR