İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan maşın və şərab axını - səbəb inhisarçılıqdır, yoxsa...

Azərbaycan özü tranzit və keyfiyyətli istehsalçı ola bilməzmi; ekspertlər hesab edir ki, monopolistlərin ucbatından bu sahələr inkişaf edə bilmir

Son iki-üç ildə Gürcüstandan Azərbaycana maşın və şərab idxalı xeyli artıb. Konkret rəqəmlər bunu sübut edir. Ötən il Gürcüstandan Azərbaycana avtomobil ixracında rekord qeydə alınıb. (Modern.az) 2023-cü ildə bu ölkədən Azərbaycana 22 393 ədəd avtomobil gətirilib. Avtomobillərin ümumi dəyəri 437,233 milyon ABŞ dolları olub. 

Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumatdan aydın olub ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb. 

Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir. 2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5%-i Azərbaycanın payına düşüb.

Ekspertlər deyir ki, Gürcüstandan avtomobil idxalının artmasının əsas səbəbi Azərbaycanda avtomobil qiymətlərində artımların olmasıdır. Belə ki, Azərbaycana son 10 ildə istehsal edilən maşınların gətirilməsi qadağan olunduğu üçün ölkə daxilində avtomobillərdə ciddi bahalaşma qeydə alınıb. 

Digər maraqlı məqam Azərbaycanda hibrid avtomobillərə marağın artmasıdır. Bu avtomobillər də nisbətən ucuz qiymətə xaricdən gətirildiyi üçün bir çox insan bu maşınlara üz tutur.  

Qeyd edək ki, tam elektrik mühərrikli, həmçinin istehsal tarixi üç ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı zamanı gömrük və vergi güzəştləri tətbiq edilir. 

Ötən il Gürcüstan Azərbaycana 899,54 min ABŞ dolları dəyərində 177,8 min litr üzüm şərabı ixrac edib. 

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 238,38 min dollar və ya 36,05%, həcmi isə 7,05 min litr və ya 4,12% artıb.

2022-ci ildə Gürcüstan Azərbaycana 170,75 min litr üzüm şərabı ixrac edib ki, bunun da ümumi dəyəri 661,16 min dollar təşkil edib. Gürcüstan şərab istehsalçısı olsa da, maşın istehsalçısı deyil. 

Gürcüstandan, sadəcə, Azərbaycana tranzit ölkə olaraq maşın daşınır. Azərbaycan regionun nəqliyyat habıdır. Bəs niyə biz maşınların birinci gətirilmə məntəqəsi ola bilmirik? 

Şəraba gəlincə, Azərbaycanda da bu sahə hələ sovetlər dönəmindən populyar olub. İndi ölkəmizdə xeyli şərab istehsal edən zavod var. Ancaq istehlakçılar keyfiyyət məsələsində Gürcüstan şərablarına üstünlük verir. Azərbaycan Gürcüstandan daha keyfiyyətli şərab istehsal edib, həm daxili bazarı təmin edə, həm də xaricə satışı artıra bilməzmi? Bunlara nə mane olur?

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Turkic World

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Gürcüstan böyük bir avtomobil istehsalçısı deyil, sadəcə, Avropaya çıxışı daha üstündür: “Eyni zamanda orada rüsumlar çox aşağıdır. Buna görə də maşınlar orada daha ucuzdur. Bizdə avtomobil bazarında hegemonluq edən alverçilər, dəllallardır. Yeri gələndə bəzi işbazlar, məmurlar var ki, maraq göstərir, bazarda qiyməti qaldırır, endirirlər. Yəni müxtəlif üsullarla təsir göstərirlər. Onların ucbatından Azərbaycanda avtomobil bazarı həmişə Gürcüstandan asılı olub. Bizdə Ələt İqtisadi Zonası qurulur və orada artıq müəyyən işlərə başlanılıb. Gələcəkdə orada avtomobil istehsalı da baş tutacaq. Amma Azərbaycan bir nəqliyyat qovşağı olsa da, istər şərabçılıq, istərsə də avtomobil sektoru olsun, biz özümüzü dirçəldə bilməmişik. Çünki burada marağı üstün tutan adamlar çoxdur. Dövlətinin iqtisadi gücünün artmasına çalışmaq əvəzinə şəxsi maraqları üçün mübarizə aparırlar. Bir-biri ilə rəqabət, düşmənçilik bu sektorda hiss olunan dərəcədədir. Bu günə kimi nə qədər məmur həbs olunub, hamısının araşdırılandan sonra milyonları çıxdı ortaya. Məmur hansısa rayonda maldarlıqla da məşğuldur, həmin ərazidə kənd təsərrüfatını çökdürür ki, qoy hamı bundan asılı olsun. Avtomobil sektorunda da vəziyyət eynidir. Ona görə də uduzuruq. Təəssüf ki, Gürcüstan da bu boşluqdan istifadə edərək vəziyyəti ələ aldı. Azərbaycan Gürcüstandan güclü şərt təklif edə bilmir. Çünki Gürcüstan Avropaya artıq tam qapılarını açıb, bizdə on minə satılan maşını gürcülər üç minə satır. Bizim işimiz əvvəldən səhv qurulub. İnanmıram ki, bu sektorda Gürcüstandan üstün ola bilək. Şərabçılıqla bağlı da eyni vəziyyətdir. Azərbaycan şərabını normal qablaşdıra bilmirlər ki, dünyaya təqdim edə bilək. Bizim ən yaxşı şərabımız Ağdam çaxırı olub, heç onu dünyaya tanıda bilməmişik. Azərbaycan şərabını ermənilər erməni brendi altında yaxşı təbliğ etdilər, qazandılar. İşin keyfiyyətinə yox, kəmiyyətinə daha çox üstünlük veririk. Vaxtilə Gürcüstanın oynadığı rolu Azərbaycan oynaya bilərdi. Kimlərsə bundan istifadə etdi. Burada söhbət köhnə avtomobillərdən gedir, təzə avtomobillər orada daha bahadır”. 

 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycanda istehsal olunan şərabların keyfiyyəti heç də Gürcüstandan aşağı deyil. Bizdə yalnız təbliğat kifayət qədər deyil. Gürcüstan az qala özünü dünyaya şərabçılığın mərkəzi kimi təqdim edib, baxmayaraq ki, şərabları həddən artıq keyfiyyətsizdir. Hətta bizim iqlim şəraitində üzüm tam yetişir. Kifayət qədər günəş şüası alır, yağıntının miqdarı normal şəkildə aparılır. İstər dəmyə, istərsə də suvarma şəraitində olsun. Amma Gürcüstanda üzüm natamam şəraitdə yetişir, iqlim şəraitinə uyğun olaraq. Bununla belə, çox güclü təbliğat aparırlar. Bizim orqanik şərablarımız var ki, heç bir inqrediyentdən istifadə edilmir, hətta üzümün becərilməsində belə. O səbəbdən də bizdə ilk olaraq araşdırmalar aparılmalı və təbliğ edilməlidir. İkincisi, şəraba vurulan kükürddən az miqdarda istifadə olunur. Bəzi mütəxəssislər şərabı butulkada çox qalsın, xarab olmasın deyə ondan çox istifadə edir. Bu yanlışdır. Şərab nə qədər keyfiyyətli olsa da, çox vurulanda butulka açılan kimi birinci kükürdün iyi gəlir. Artıq burada keyfiyyət arxa planda qalır. O şərab havalandırılmalıdır ki, qazı uçsun, öz ətrini bərpa etsin ki, dad hiss oluna bilsin. Marketdən alanlar sıravi insanlardır, istər-istəməz ona fikir verirlər. Deyirlər, bundan pis iy gəlir, xoşuma gəlmədi. Buna diqqət etmək lazımdır. 

Xaricə satışı artırmaq üçün yerli sortlardan şərablar düzəldilməlidir. Bu yaxınlarda Koreyadan qonaqlar gəlmişdi, Azərbaycan şərabını idxal etmək istədiklərini bildirdilər, “Meysəri” şərabını   çox bəyəndilər, biz də onlara Azərbaycanda investisiya yatırmağı təklif etdik, qəbul etdilər. Bu kimi təbliğatlar daha da çox olmalıdır".

İqtisadçı-ekspert Pərviz Heydərov isə mediaya deyib ki, Gürcüstana məxsus şərab məhsullarının ölkəmizə idxalı heç də Azərbaycan məhsullarının rəqabətqabiliyyətli olmadığı demək deyil: “Şərabçılıq Azərbaycanda qədim tarixi ənənələri olan bir sahədir. Bu sahənin inkişafına hazırda dövlət böyük dəstək göstərir. Üzümçülük sahəsinin inkişafı ilə bağlı qəbul edilən ayrıca dövlət proqramı var. Sözügedən sahəyə investisiya qoyuluşunun həcmini artırmaq, bu sahədə sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün şərait yaradılmalıdır. Müvafiq mexanizm əsasında həyata keçirilən tədbirlər planı bu sahənin inkişafına daha da təkan verəcək. Təəssüf ki, bu sahədə bəzi neqativ hallar da mövcuddur. Bu da istehsal olunan məhsulların uçotu ilə bağlıdır. Dövlət başçısı da bu məsələləri ayrı-ayrı müşavirələrdə bir neçə dəfə qeyd edib. Şərabçılıq əslində ən gəlirli sahələrdən biridir. Ölkəyə xarici valyutanın cəlbi baxımından şərabçılıq əvəzsiz rol oynayır. Əgər bu sahənin inkişafı istiqamətində görülən işlər sürətlənərsə, daha böyük nailiyyətlərə imza ata bilərik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR