Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti mübahisəli “Xarici agentlər haqqında qanun” layhəsini böyük səs çoxluğu ilə qəbul etdi: deputatların 84-ü lehinə, 30-u layihənin əleyhinə səs verdi. Parlamentin bu qərarı ilə razılaşmayan gürcü müxalifəti Tiflisdə geniş xalq kütləsinin iştirakı ilə etiraz aksiyası keçirir. Dünən aksiyaçılarla gürcü polisi arasında ciddi qarşıdurma yaşandı. İlkin məlumata görə, insident zamanı onlarla aksiya iştirakçısı həbs olunub. Etirazçıların açıqlamalarından aydın olur ki, onlar dayanmaq fikrində deyillər. Gürcüstan iqtidarı da böyük xalq kütləsinin qarşısında geri çəkilmədi və bundan sonra çəkilməyəcəyini açıqladı.
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Gürcüstanda Rusiyaya qarşı faktiki ikinci cəbhə açılıb və proseslər arzuolunmaz nəticələr doğura bilər:
“Rusiyaya qarşı ikinci cəbhənin açılması fikri yeni deyil. Gürcüstan baş naziri İrakli Kobaxidze hələ 2022-ci ilin sentyabrında keçirdiyi mətbuat konfransında Tiflisdən ikinci cəbhənin açılmasının tələb olunduğunu bildirmişdi. Maraqlıdır ki, bu fikirlər dilə gətirildiyi dəqiqələrdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi, səfir Filip Riker regiona səfəri çərçivəsində Tiflisdə idi və ölkə prezidenti ilə görüşürdü. Kobaxidze də görüşün bitməsini gözləmədən mətbuat konfransı keçirərək ABŞ-ın adını çəkməsə də, Tiflisin Rusiyaya qarşı ikinci cəbhə açmağa vadar edildiyi iddiasını irəli sürürdü. Bildirirdi ki, xüsusilə Ukrayna rəsmiləri dəfələrlə bu tələbi dilə gətirir və Tiflisə ikinci cəbhənin açılması istiqamətində təzyiq göstərir. Bəzi müxalif qüvvələrin də bu tələbə qoşulduğunu iddia edən baş nazir ikinci cəbhə açılmasına gürcü xalqının qərar verə biləcəyini vurğulayır və lazım gələrsə referenduma gediləcəyini deyirdi. Üzərindən bir neçə ay keçəndən sonra, 2023-cü il mart ayında “Xarici agentlər haqqında qanun” layihəsi Gürcüstan parlamentinin müzakirəsinə çıxarıldı və geniş xalq kütlələrinin etirazı ilə qarşılandı. Ötən il etiraz aksiyasından çəkinən gürcü hökuməti bu layihəni geri çəkdi. Bu il isə həmin layihə adında xırda dəyişikliklər edilərək yenidən müzakirəyə çıxarıldı. Gürcü xalqı bu il daha izdihamlı nümayişlərlə qanunun qəbul olunmasına etiraz etdi. Buna baxmayaraq, gürcü parlamenti geri çəkilmədi və nəhayət, dünən 3-cü oxunuşda qanunu qəbul etdi”.
Heydər Oğuz hesab edir ki, gürcü hakimiyyətinin bu il daha qətiyyətli mövqe tutmasının səbəbi həm geosiyasi, həm də fərdi maraqlardan qaynaqlanır:
“Bilirsiniz ki, Gürcüstan Qərblə Orta Asiya arasında yerləşən Cənubi Qafqazın ən mühüm keçid nöqtələrindəndir. Qərbin Rusiya və İrandan yan keçərək Orta Asiyaya açılmasında bu keçid qapısı çox mühüm rol oynayır. Gürcüstanın Qara dəniz sahilində yerləşməsi onun əhəmiyyətini birə-beş artırır. Çünki Gürcüstan vasitəsilə birbaşa Avropa ölkələrinə çıxmaq mümkündür. Üstəlik, Qara dənizin özü də Rusiya-NATO qarşıdurmasında vacib poliqondur. Rusiyanın isti dənizlərə açılan iki mühüm qapısında biri, hətta əhəmiyyətinə görə birincisi Qara dənizdir. Dənizlərə nəzarət üzərində qurulan ABŞ hegemoniyasının rahat müdaxilə edə bilmədiyi su hövzəsidir. ABŞ Qara dənizə sahib olarsa, təkqütblü hegemoniyasını tamamlayar və Rusiyanın imperial siyasətini böyük ölçüdə ortadan qaldırar. Nəticədə isti dənizlərə qapısı bağlanan Rusiya içinə qapalı nəhəng bir 3-cü dünya dövlətinə çevrilər. Beləcə, getdikcə zəifləyib hər an parçalana biləcək və ya təbii sərvətlərini Qərbin istismarına dövr tərk edər. Qara dənizə və Cənubi Qafqaza açılım ABŞ-a həm də Çinin “Bir Yol, Bir kəmər” layihəsini tam nəzarətə almaq imkanı verir. Ən əsası isə, ingilis strateqlərinin dünyanın qəlbgahı adlandırdıqları Orta Asiyaya çıxışı da bu regiona nəzarət imkanından keçir. Gürcüstanın bu geosiyasi mövqeyi onun uğrunda gedən mübarizənin təməl səbəbidir.
Digər bir səbəbin Gürcüstan hakimiyyətinin fərdi maraqlarından qaynaqlandığını vurğulayan Heydər Oğuzun dediyinə görə, ölkənin indiki baş naziri İrakli Kobaxidze ötən gün keçirdiyi mətbuat konfransında da bu faktı etiraf etdi:
“Dedi ki, ölkənin faktiki rəhbəri oliqarx Bidzina İvanişvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayenlə görüşdən imtina edib. O, bu imtinanın səbəbinə belə aydınlıq gətirdi: “İvanişvilinin Qərbə əmanət etdiyi 2 milyard dolları dondurulub. Ona görə də Bidzina İvanşvili şantaj altında heç bir görüş keçirmək istəmir”. Kobaxidze onu da əlavə etdi ki, İvanişvilinin pulları 2022-ci ilin mart ayından dondurulub. Xatırladım ki, həmin tarixdə Rusiya Ukraynaya hücum etmişdi. Kobaxidzenin həm ötən il, həm də dünən dediklərini üst-üstə qoyanda belə bir nəticə çıxır. Ukrayna müharibəsi başlayandan dərhal sonra ABŞ Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını tələb edib. Tiflis bunu qəbul etmədiyi üçün İvanişvilinin pulları dondurulub”.
Heydər Oğuzun fikrincə, əslində Gürcüstanda bu gün yaşanan gərginliklər Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır:
“Bəzilərimiz elə başa düşə bilərik ki, ABŞ Gürcüstandan “ikinci cəbhəni aç” deyərkən, Rusiyaya hücum etməyi nəzərdə tutur. Sözsüz ki, cəmi-cümlətanı 3.7 milyon əhalisi olan Gürcüstanın Rusiyaya hücum etməsi anormallıqdır. Bunu hər hansı beyni olan dövlət Tiflisdən tələb etməz. Etsə, deməli, baş tutmayacaq duaya “amin” deyir. Məncə, ABŞ-ın “Rusiyaya qarşı ikinci cəbhəni aç” tələbi ruspərəst qüvvələri hakimiyyətdən uzaqlaşdırmağı nəzərdə tutur. Sirr deyil ki, Gürcüstanın indiki hakimiyyəti Rusiyada milyarder olmuş İvanişvilinin əlindədir. Məhz bu səbəbdən də ABŞ Dövlət Departamentinin Gürcüstana səfər edən rəsmisi baş nazirlə yox, İvanişvili ilə görüşmək istəyirdi. İvanişvili isə ondan nə tələb olunacağını bildiyi üçün bu görüşə razılıq vermədi”.
Heydər Oğuz bildirib ki, Avropa İttifaqının təkcə Gürüstandan yox, bütün Şərq tərəfdaşı dövlətlərindən ən mühüm tələbi deoliqarxizasiya siyasəti yürütməkdir:
“Konkret olaraq Gürcüstana gəldikdə isə Avropa İttifaqı bu dövlət qarşısında İttifaqa üzvlük üçün 12 şərt qoymuşdu. Bütün şərtlər dolayısıyla deoliqarxizasiya siyasəti ilə bağlıdır. İrakli Kobaxidze 2022-ci ildə mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, payızda “Deoliqarxizasiya qanunu” qəbul olunacaq. Görünür, Tiflis bu tələbləri yerinə yetirməkdə ləng tərpəşincə, Avropa İttifaqı problemi öz gücü ilə həll etməyə çalışıb; İvanişvilinin 2 milyardına əl qoyub. Bu da Gürcüstanla Aİ arasında dərin uçurumlar yaradıb”.
Siyasi şərhçi “Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılması” siyasətinin kulminasiya nöqtəsinə bu il noyabrda keçiriləcək parlament seçkilərində yüksələcəyini gözləyir:
“İndi baş verənlər isə həmin seçkilərə hazırlıq məqsədi daşıyır. Gürcüstan prezidenti Salome Zurabişvilinin rəhbərliyi altında gürcü müxalifləri növbəti seçkilərə hazırlaşır, əldə rəhbər tutulan əsas ideya isə “Gürcü arzusu” partiyasının Rusiya meylli olması və Gürcüstanı Avropa İttifaqından ayırıb Moskvanın yedəyinə bağlaması fikridir. Rusiyaya qarşı olan və bütün ümidlərini Aİ-yə bağlayan gürcü ictimaiyyətində bu şüurun yaradılması həqiqətən də indiki hakimiyyətin arzuladığı səsi ala bilməməsi ilə nəticələnə bilər. Qəribədir ki, bu ictimai rəyin formalaşdırılmasında İvanişvilinin öz partiyasının səhv siyasəti də mühüm rol oynayır. Görünür, onlar da artıq qatarın getdiyinə inanır və bacardıqları qədər müqavimət göstərirlər. Digər istəkləri isə İvanişvilinin 2 milyardını xilas etmək ola bilər. Başqa sözlə, Gürcüstanın mövcud hakimiyyəti idarəolunan böhran çıxararaq əslində Avropa ilə sövdələşməyə çalışır. Avropa İttifaqı isə bu manevrləri qəbul etmir, İvanişvilini tamamən bitirməyə qərar verib. Kimin qələbə çalacağı, böyük ehtimalla, noyabrda bilinəcək. Obrazlı ifadə ilə desək, Gürcüstanda cücə payızda sayılacaq.
E.Məmmədəliyev,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ