İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Qərbin orbitindən uzaqlaşır? - ilginc gəlişmə 

Qonşu Gürcüstanda “Xarici agentlər” haqda qanun layihəsi ilə bağlı gərginlik artan xətlə davam edir. Vəziyyət faktiki böhran həddinə yaxınlaşmaqdadır. Ondan sonra nələrin olacağı, bölgəyə hansı təsirlər buraxacağını isə hələ ki, heç kim proqnoz eləmir. 

“Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib”. 

Bunu ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib. “Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksək vəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”, - səfir vurğulayıb. 

Diplomat Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib. Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb. Qeyd edək ki, qalmaqallı qanun artıq parlamentdə 2-ci oxunuşdan keçib. 2 həftə sonra 3-cü, sonuncu oxunuş baş tutacaq. Daha sonra onu prezident təsdiqləməlidir. Lakin prezident Zurabişvili onu imzalamayacağını söyləyib. Ona görə də parlamentdə hakim partiya prezident imzasını əhəmiyyətsiz edəcək səs çoxluğu ilə onun təsdiqinə nail olmalıdır və yəqin ki, nail olacaq. Hakim partiyanın bu inadkarlığı isə ABŞ başda olmaqla Qərbi möhkəm əsəbləşdirib. Gürcüstan hətta ötən ilin dekabrında aldığı Avropa Birliyinə namizəd statusundan məhrum ediləcəyi ilə hədələnib. Bəs qanunun tam qüvvəyə minməsi Gürcüstan üçün, bölgə üçün nə demək olacaq? Gürcüstan Qərbin orbitindən uzaqlaşır? Bəlkə hakim partiya bu prosesi qəsdən başladıb? Niyə?

Sabiq xanım deputatın qardaşı vəzifəsini itirdi

Sona Əliyeva: “Qanun layihəsini təsdiqləməkdə məqsəd odur ki...”

Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva qanun layihəsi qüvvəyə mindikdən sonra onun təsirlərini real qiymətləndirməyi ən doğrusu sayır: “Bu sualların dəqiq cavabı hələlik məlum deyil, qanun layihəsinin qanuna çevrilməsindən sonra onun gürcü cəmiyyətində və bölgədə təsirləri zamanla anlaşılacaq. Lakin, görünür qanun layihəsini təsdiqləməkdə məqsəd, istənilməyən QHT və media orqanlarını xaricdən maliyyələşən təşkilatlar kimi daha ciddi nəzarətdə saxlamaq məqsədi daşıyır. Həmçinin Gürcüstan hökuməti qanun layihəsinin milli təhlükəsizliyi qorumaq üçün zəruri olduğunu iddia edir və bu düşüncəsində haqlıdır. Çünki qanun layihəsi xarici güclərin Gürcüstan siyasətinə müdaxiləsinin qarşısını almaqda, həmçinin xaricdən maliyyələşən qurum və təşkilatların şəffaflığını və hesabatlılığını daha yaxşı təmin edə bilər. Qərb isə bu layihənin təsdiqlənməsini ifadə azadlığını və demokratiyanı məhdudlaşdırmaq addımı kimi dəyərləndirir. Həmçinin Gürcüstanda Rusiya təsirinin artmasından narahatdır. Rusiya öz növbəsində bu qanun layihəsini Gürcüstanda Qərb meyilliliyini azaltmaq və regionda yenidən öz təsirini artırmaq üçün fürsət kimi dəyərləndirə bilər. Lakin qanun layihəsi qüvvəyə mindikdən sonra onun icrasından və regionda siyasi proseslərin inkişaf dinamikasına görə təsirlərini real qiymətləndirmək olar.  O ki qaldı hakim partiyanın səbəblərinə, görünən odur ki, son illərdə yenidən Rusiyaya yaxınlaşmağa meyillidir və bu cəhdi Gürcüstan vətəndaş cəmiyyətlərini və mediasını Qərb təsirindən uzaqlaşdırmaq kimi şərh etmək olar. Həmçinin müxalifəti zəiflətmək, hakim partiyanın vətəndaş cəmiyyəti üzərində nəzarətini artırmaq və milli təhlükəsizliyi qorumaq məqsədlərini də ehtiva edir”.

Bakı və Tehran arasında gizli Zəngəzur razılaşması var? - Detallar -  GlobalInfo.az

Kənan Rövşənoğlu: “Qafqazda Qərb-Rusiya qarşıdurması daha da kəskinləşəcək”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu getdikcə Qərb-Rusiya qarşıdurmasının Qafqazda daha da güclənəcəyini söylədi: “Gürcüstan 10 ildən çoxdur ki, Qərbin orbitindən uzaqlaşır, sadəcə ilk illərdə bu proses yavaş davam edirdi, indi daha çox görünür. Həm də indi Qərb və Rusiya Qafqazda qarşılaşdığı üçün bu özünü daha qabarıq göstərir. Hazırkı xarici agentlər haqqında qanun Gürcüstan hakimiyyətinə Qərb təşkilatlarını nəzarətdə saxlamaq hüququ verəcək. Analoji qanun Rusiyada artıq qəbul olunub. Düşünürəm ki, bizdə də son zamanlar aparılan həbslər bir mənada Qərbə bağlı təşkilatları nəzarətə götürmək məqsədi güdür. Amma Gürcüstanda bu qanun şəkildə qəbul olunur. Orda çox güclü vətəndaş cəmiyyəti institutları olduğu üçün hakimiyyətə müqavimət göstərilir. Amma düşünürəm ki, hakimiyyət çox güclü olduğu və legitim olduğu üçün bu qanunu qəbul edəcək. Lakin qarşıdakı dövrdə Qafqazda Qərb-Rusiya qarşıdurması daha da kəskinləşəcək. Ancaq Gürcüstanın tam olaraq Qərbdən qopacağını demək doğru olmaz. Güman ki, iqtisadi əlaqələrin qopmaması üçün yumşalma addımları atılacaq”.

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov 

Siyasi şərhçi Aqşin Kərimov qonşu ölkə daxilində siyasi böhranın dərinləşəcəyini düşünür: “Gürcüstandakı hadisələri pərdəarxasından yönləndirdiyini milyarder, ”boz kardinal" Bidzina İvanişvili açıq dillə etiraf etdi. İvanaşvili son 12 illik siyasi karyerasında ilk dəfə müxalifətlə alovlu hədə dili ilə danışdı. Üstəlik, belə demək mümkündürsə, etirazçıların enerjisini payızdakı parlament seçkilərinə qədər tükədəcəyi vədi ilə çıxış etdi. İvanaşvilinin bəyanatları aşkar şəkildə Rusiya ilə Qərbin Gürcüstan üzərindəki rəqabətinin şiddətli təzahürlərinə vurğu edir. Çünki milyarder tərəfdarlarına müraciətində NATO, ABŞ və Avropa İttifaqını kəskin siyasi ritorika ilə ittiham etsə də, Moskvanın rəqabətdəki yeri barədə eyhamlar vurmayıb. Hadisələrin bundan sonrakı inkişafı “Xarici Agentlərin Qeydiyyatı” haqqında qanun layihəsinin tam qəbulu ilə daha da dinamikləşəcək. Düşünürəm ki, etirazlar çoxalacaq və Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe tutan hökumətlə Qərbə inteqrasiya tərəfdarı olan, Prezident Salome Zurabaşvili arasında dərinləşən mübahisələr ciddi siyasi böhran yaradacaq. Belə böhranlı situasiyada etirazçıların hökuməti devirmək üçün həvəsli görünəcəyi ehtimalı da az deyil, əgər bu, baş versə, Rusiya Gürcüstana müdaxiləsini açıq fazaya keçirə bilər. Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı Rusiya qoşunlarının mümkün hərəkət trayektoriyasına qarşı müqavimət göstərə biləcək hərbi resursu yoxdur. Bu nöqtədə “Rusiya Cənubi Qafqazdan” çəkilir fikirlərinin yanlış olduğu daha aydın şəkildə üzə çıxır. Birincisi, ona görə ki, Rusiyanın Gürcüstanda iki münaqişə ocağı ilə təzyiq rıçaqları perspektiv üçün Moskvanın əlini qüvvətləndirir. İkincisi, Gürcüstanda İvanişvilinin müxalifətçilərə qarşı hədə tonu Moskvanın daha planlı strategiya qurduğunu göstərir. Nəticədə, Gürcüstanın Avroatlantik məkana inteqrasiya yolu təhlükə altına düşür. Lakin Qərb meyilli qüvvələrin fəallığı da zəif deyil, onlar parlament seçkilərinə qədər yenidən təşkilatlana və güclü etiraz dalğası yaratmağa qadir ola bilərlər. Gürcüstandakı hadisələr bu ölkənin strateji tərəfdaşları olan Azərbaycanla Türkiyə üçün də müəyyən regional çağırışlar yaradır. Gürcüstan proseslərin milli təhlükəsizliyinə xələl gəlməməsi üçün Bakı-Ankara strateji müttəfiqliyinin resurslarına ehtiyac duyur.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR