Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti ABŞ-da qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun tam surəti olan xarici agentlər haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.
Musavat.com xəbər verir ki, plenar iclas parlamentin saytında yayımlanıb. Qanunun lehinə 86 deputat səs verib, əleyhinə səs verən olmayıb.
Xatırladaq ki, fevralın əvvəlində hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası Amerika Xarici Agentlər Aktının dəqiq analoqunu - FARA-nı qəbul edəcəyini açıqlamışdı. Partiya liderlərinin fikrincə, yeni qanun qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi ilə mübarizədə ötən ilin mayında qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan daha effektli olacaq. Tək fərq budur ki, Gürcüstan qanunu, Amerika qanunundan fərqli olaraq, fiziki şəxslərə şamil edilmir və yalnız illik gəlir vergisi bəyannaməsi təqdim edilməməsinə görə cərimə nəzərdə tutur. Amerika qanunu isə 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, xaricdən maliyyələşən QHT-lərin əksəriyyəti reyestrdə qeydiyyatdan keçməkdən imtina edir, ona görə də “qanunvericinin iradəsinin lazımi şəkildə həyata keçirilməsini təmin edəcək qanunun qəbul edilməsi zəruridir”. Həmçinin qeyd edilir ki, ABŞ-ın yeni administrasiyası təşkilatların xaricdən maliyyələşdirilməsinin tez-tez müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyin pozulmasının maliyyələşdirilməsinə yönəldildiyini təsdiqləyir. Amerika modelinin analoqunun qəbulu “xarici qüvvələrin dövlət institutlarının fəaliyyətinə təsirini” məhdudlaşdırmaq üçün lazımdır. Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu yeni qanunun icrasına nəzarət edəcək.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ