İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hökumətinə ciddi XƏBƏRDARLIQ: ABŞ tanınmanı ləğv edə bilər

ABŞ qanunvericiləri "Gürcü Arzusu" hökumətinin tanınmasını qadağan edən qanun layihəsini təqdim etməyə hazırlaşırlar. Bu addım, Rusiyayönlü milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ABŞ tərəfindən sanksiyalara məruz qalmasından cəmi iki həftə sonra atılır. Qərb siyasətçiləri bu sanksiyaların Gürcüstanda demokratiyanın zəiflədilməsi və ölkənin Rusiyaya meyllənməsi ilə bağlı olduğunu vurğulayırlar.

Musavat.com-un xəbərinə görə, yanvarın 8-də ABŞ-ın "Fox News" telekanalı məlumat yayıb ki, Konqresin hər iki palatası tərəfindən dəstəklənən bu qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına təqdim ediləcək.

Məlumata görə, layihə Bidzina İvanişvili və ya onun yaxın çevrəsindəki şəxslərin rəhbərlik etdiyi istənilən Gürcüstan hökuməti ilə ABŞ-nin rəsmi münasibətlərini qadağan etməyə yönəlib.

"Fox News"un eksklüziv məlumatına əsasən, qanun layihəsində açıq şəkildə bildirilir: "ABŞ hökumətinin heç bir nümayəndəsi Bidzina İvanişvili və onun idarə etdiyi Gürcüstan hökumətini tanımaq və ya bu yöndə tədbirlər görmək üçün hər hansı federal vəsaiti istifadə edə bilməz. Bu hökumətlə münasibətlərin normallaşdırılması mümkün deyil".

Qanun layihəsinin əsas sponsorlarından biri, Helsinki Komissiyasının sədri olan respublikaçı konqresmen Co Uilson layihəni təqdim edərkən bildirib ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi zəruridir. O, həmçinin ABŞ və Avropanın aparıcı siyasətçilərinin imzaladığı məktubu dərc edib. Məktubda qeyd olunur ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü Arzusu" partiyası müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarını nəzərə almamış, təkpartiyalı qanunvericilik orqanı formalaşdırmış və yeni prezident seçib.

13d5e3df-43f2-462b-b5b5-306a390f1cf9_cx0_cy8_cw0_w1023_r1_s.jpg (105 KB)

"Gürcü hökuməti xalqın tələblərinə və dinc etirazlara zorakılıqla cavab verir. Biz Gürcüstan xalqının azad və ədalətli seçkilər keçirmək tələbinə dəstək verməliyik. Onların mübarizəsinə laqeyd qala bilmərik",- deyə Co Uilson vurğulayıb.

Bir vaxtlar ABŞ-ın yaxın müttəfiqi olan Gürcüstanın son illərdə Rusiyaya yaxınlaşması və ölkədəki hökumət əleyhinə etirazların sərt şəkildə yatırılması rəsmi Vaşinqton və Avropa İttifaqının narazılığına səbəb olub. Ekspertlər hesab edirlər ki, Gürcüstan hökumətinin Rusiyayönlü siyasəti ölkənin Avropa İttifaqına inteqrasiyası prosesini təhlükə altına alır.

ABŞ və Avropa İttifaqının qəbul etdiyi sanksiyalar Gürcüstanın taleyində həlledici mərhələdə tətbiq olunur. Gürcüstanın Rusiyaya yaxınlaşması nəticəsində ölkənin Aİ ilə inteqrasiya yolunda daha çox qeyri-müəyyənlik yaranıb. Rəsmi Brüssel Gürcüstanda insan hüquqları və demokratiya sahəsində geri addımlar atıldığını qeyd edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Gürcüstan Avropa İttifaqına namizəd statusu qazandı. Buna baxmayaraq, ölkədə qəbul edilən bəzi mübahisəli qanunlar - xüsusilə "xarici agentlər" və cinsi azlıqlara dair qanunlar - Brüssel tərəfindən Avropanın dəyərlərinə zidd sayılıb. Nəticədə, Gürcüstanın Aİ-yə üzvlük danışıqlarına başlaması təxirə salınıb.

Qərb dövlətləri oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələrinə şübhə ilə yanaşırlar. Rəsmi nəticələrə əsasən, hakim "Gürcü Arzusu" partiyası 54 faiz səs toplayaraq seçkidə qalib gəlib. Lakin müxalifət və beynəlxalq müşahidəçilər bu seçkilərdə ciddi qanun pozuntularının və Rusiyanın müdaxiləsinin baş verdiyini iddia edirlər. Müxalifətin apardığı iki ekszit-pollun nəticələri isə hakim partiyanın əslində yalnız 42 faiz səs topladığını göstərir. Həmin sorğuların nəticələrinə əsasən, müxalifət partiyalarının səslərin böyük hissəsini qazandığı bildirilir. Lakin Gürcüstanın Mərkəzi Seçki Komissiyası bütün müxalifət qüvvələrinin ümumilikdə yalnız 37 faiz səs topladığını elan edib.

Bütün bu hadisələr Gürcüstanda siyasi qeyri-sabitliyi artırıb və beynəlxalq ictimaiyyətdə ölkənin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Qərb dövlətləri Gürcüstan hökumətini demokratik islahatlar həyata keçirməyə və ölkədə azad seçki mühitini təmin etməyə çağırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR