Onlayn ictimai-siyasi qəzet
Zurabişvili prezident kürsüsündən əl çəkmək istəmir: “Yaxşı, baxarıq kim gedəcək!”; DTX təxribat planı haqda xəbərdarlıq etdi
Gürcüstanın baş naziri İrakli Kobaxidze dekabrın 14-də ölkədə prezident seçkisinin keçirilməsini təsdiqləyib. O deyib ki, prezident seçkisinin keçirilməsi ilə bağlı qərar verilib və heç nə dəyişməyib: “Konstitusiya ilə səlahiyyət verilmiş bütün orqanlar seçkilərin keçirilməsi üçün səfərbər olunacaq”.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” Partiyasının prezidentliyə namizədi Mixail Kavelaşvilidir. İrakli Kobaxidzenin sözlərinə görə, hazırkı prezident Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur: “Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək”. Amma Zurabişvili tamam fərqli mövqedədir. Gürcüstanda prezident seçkisinə az qalmış Salome Zurabişvili ölkəsində baş verənləri dünya ictimaiyyətinə çatdırmaq üçün Fransaya gedib. Görünən odur ki, o, vəzifəsində qalmaq üçün Qərbin dəstəyini almağa ümid edir. Lakin hadisələr elə inkişaf edir ki, Qərb tərəfdaşları Zurabişviliyə hakimiyyət uğrunda mübarizədə kömək etməkdən daha çox, onu xilas etməyə diqqət etmək məcburiyyətində qalmalı olacaq. Çünki bir neçə günə Mixail Kavelaşvilinin prezident postunda Salome Zurabişvilini əvəz edəcəyi gözlənilir. Bundan sonra hakimiyyətin Salome Zurabişvili ilə haqq-hesab çəkəcəyi istisna edilmir. Hakimiyyət isə diqqəti ona yönəldir ki, bu, Zurabişvilinin Gürcüstan prezidenti kimi sonuncu xarici səfəri idi. Zurabişvili istefa verməkdən imtina edərsə, “Gürcü Arzusu” onun barəsində cinayət işi açacaq və o, ya qaçmalı, ya da məhbus olacaq.
Tiflisdəki Orbeliani meydanında “Yeni il qatarı”nın quraşdırılması da Gürcüstan prezidenti Salome Zurabişvilini özündən çıxarıb.
“Gürcü Arzusu” Partiyası üzvlərinin “Yeni il qatarı”nın Salome Zurabişvilini gözlədiyini söyləməsi prezidenti hiddətlənib.
Zurabişvili sosial şəbəkədə yazıb: “Orbeliani sarayının qarşısında mənim üçün qatar qoyublar... Yaxşı, baxarıq kim gedəcək!”
Prezident və müxalifət tərəfindən tanınmayan Gürcüstan parlamenti dekabrın 10-da səkkiz deputatın mandatını ləğv edib.
Məsələ səsverməyə çıxarılıb və təsdiqlənib.
“Gürcü Arzusu”nun yaradıcısı Bdzina İvanişvili, partiya sədri - keçmiş baş nazir İrakli Qaribaşvili, hazırkı baş nazir İrakli Kobaxidze, prezidentliyə namizəd Mixail Kavelaşvilinin, habelə nazir və nazir müavinlərinin deputat mandatları ləğv edilib.
Bu arada Avropa Komissiyası Gürcüstan hakimiyyətini “müəyyən kateqoriyadan olan şəxslər üçün” vizasız rejimin dayandırılması ilə hədələyib. Bunun qarşısını almaq üçün “Gürcü Arzusu” bir sıra tələbləri yerinə yetirməlidir: respublika vətəndaşlarının əsas hüquqlarının, o cümlədən söz, sərbəst toplaşma və şəxsi toxunulmazlıq azadlığının qorunmasını təmin etməli, ölkənin viza siyasətini Aİ siyasətinə uyğunlaşdırmaq və korrupsiya ilə mübarizə strategiyası, bəzi yeni qanun qəbul etməlidir. Söhbət ilk növbədə xarici agentlər və cinsi azlıqlarla mübarizəyə yönəlmiş qanunların ləğvindən gedir. Bundan əlavə, Brüssel, görünür, ofşor qanunu deyilən qanunu - Gürcüstanın Vergi Məcəlləsinə İvanişviliyə Qərb sanksiyalarından yayınmağa imkan verən düzəlişləri bəyənmir. Bununla belə, “Gürcü Arzusu” Aİ ilə münasibətləri bərpa etmək üçün güzəştə getmək niyyətində deyil. Əksinə, Kobaxidzenin dediyi kimi, dekabrın sonuna kimi hakimiyyət etirazçılara üzlərini gizlətməyi qadağan edən qanun qəbul edəcək: “Bu qayda bir çox Avropa İttifaqı ölkələrində tətbiq olunur və bu, Gürcüstanda zorakılığın qarşısının alınması üçün vacibdir”. Bununla da müxalifət və Qərb razılaşmır. Beləliklə, Qərbin Gürcüstanla münasibətlərində daha gərgin mərhələ gözlənilir. Bu fonda Gürcüstan daxilindəki müəyyən qüvvələrlə də bu ölkəyə təsir və təzyiq göstərməyə davam edəcək. Özü də bu fonda müxaliflərin getdikcə daha aqressiv metodlardan yararlanması diqqətdən yayınmır. Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bu xüsusda bildirib: “Etirazlarda zorakı qruplar "Molotov kokteylləri" adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar". Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti etiraz aksiyalarında planlaşdırılan təxribatlarla bağlı bəyanat yayıb. Qurumun bəyanatında hakimiyyət əleyhdarı qrupların bir neçə qurbanla ölkədə etirazları gərginləşdirməyi planlaşdırdığı qeyd edilib. Qeyd olunub ki, təxribat dekabrın 14-də keçiriləcək prezident seçkisinin qarşısını almaq üçün bu həftəyə planlaşdırılıb.
Bəyanatda bildirilib ki, məqsəd ölkədə radikal əhval-ruhiyyəni təşviq etmək, proseslərə idarəolunmaz hala salmaq və bütün bunlara görə hökumət günahlandırmaqdır.
Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani də bildirib ki, Tiflisdə aksiyalar zamanı radikal müxalifət ekstremist hərəkətlərə əl atıb: “Ekstremizm odur ki, seçicilər sənin üçün səs verir, amma sən parlamentə daxil olmursan, seçkiləri udmursan, küçəyə çıxır və hamımızın gördüyü kimi alovlu müharibələr aparırsan. Ekstremizm odur ki, öz zərərli planlarında gəncləri və uşaqları qalxan kimi istifadə edirsən. Təəssüf, radikal və ekstremist müxalifətin vəziyyəti o yerə çatıb ki, onlar öz ölkələrinə qarşı çox zərərli üsullarla mübarizə aparırlar”.
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ