İnsanlara hürriyət, millətlərə istiqlal!

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir rəqəmsal transformasiyanın gücü, süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq. Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri bu proseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar.

“M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsal dünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçün açdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, bu texnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsi kimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq. Bu keçidin həm biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildə reallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yeni dövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər, rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığın vacibliyi gündəmə gətiriləcək.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri haqqında da danışılacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.

Tədbirdə telekommunikasiya şirkətlərinin innovativ B2B həlləri vasitəsilə bizneslərin rəqəmsallaşma prosesinə müsbət təsiri, onlar üçün yaratdığı yeni gəlir istiqamətləri gündəmə gətiriləcək. Dəvət olunan məruzəçilər arasında AWS, e&, Google, Microsoft və s. kimi böyük şirkətlərin nümayəndələri var.

Qeyd edək ki, ötən il Bakıda baş tutan M360 tədbirində dünyanın 29 ölkəsindən nümayəndələr iştirak edib. Bu il də konfransda geniş təcrübəyə malik sənaye liderlərinin bir araya gəlməsi gözlənilir.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə iştirak etmək istəyən hər kəs GSMA M360 Eurasia səhifəsində qeydiyyatdan keçə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR