Onlayn ictimai-siyasi qəzet
Bir il öncə bu gün cənub qonşumuzdan - İrandan gələn qara xəbər gözlənilməz olduğu qədər də ağır idi. Ölkə insanı bir andaca özünü sırtından xəncərlənmiş kimi hiss etdi.
Azərbaycan Respublikasının İrandakı səfirliyinin binasına xaincəsinə terror hücumu olmuşdu. Əlində “Kalaşnikov” markalı atıcı silah olan şəxs səfirliyimizin binasına daxil olaraq təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu güllələmiş, yalnız xidmətin əməkdaşı Vasif Tağıyevin şəxsi şücaəti və cəsurluğu sayəsində zərərsizləşdirilmişdi.
Terrorçunun adı Yasin Hüseynzadə idi, onun azərbaycanlı qadınla evli olduğu və ailə problemi ilə üzləşdiyi bildirilirdi. Teraktdan dərhal sonra bu şəxs olimpiada medalı qazanmış atletlər kimi İran telekanallarının kamera və mikrofonları qarşısında dayanıb müsahibələr verirdi, baş vermiş hadisəyə görə Azərbaycan tərəfini günahlandırır, özünə haqq qazandırırdı.
Adamın davranışından, təhkiyəsindən verilmiş tapşırığı bacardığı qədər yerinə yetirmiş icraçı əmin-arxayınlığı yağırdı.
Xarişi işlər naziri Ceyhun Bayramov və Vasif Tağıyev
Onun niyyəti baş tutmuş, əməliyyat icra edilmiş sayıla bilərdi, ancaq hiss olunurdu ki, son məqsədə yetişilməyib. Əgər Vasif Tağıyev həyatını riskə ataraq yalın əllə əli avtomatlı terrorçunu zərərsizləşdirməsə, o, böyük ehtimalla səfirliyin digər əməkdaşlarını, qadın və uşaqları da güllələcəkdi.
Əslində V.Tağıyev öz peşəkarlığı ilə həm də onun – Yasin Hüseynzadənin həyatını xilas etmişdi. Çünki belə səs-küylü cinayəti törədənlər adətən hadisə yerində “zərərsizləşdirilir”, cinayətin motivi, sifarişçiləri, təşkilatçıları, cinayət ortaqları müəmmalı qalır. Daha heç bir tərəfi açıq mətnlə ittiham etmək olmur – etiraf ifadəsi yox, əlaqə bağları yox, cani də ölüb gedib, izlər qarışıb.
Səfirliyin binasının müşahidə kameralarının görüntüləri yayıldıqca ortaya maraqlı məqamlar çıxdı. Adam əlində silah binanın qarşısında terror rüzgarı əsdirir, amma başqa vaxt küçədə bir mollanın ənsəsinə şillə vurub əmmaməsini salan gəncləri tutmaq üçün yeddi yolayrıcını birdən kəsən patrul maşınları ortada görünmür; Hüseynzadənin yaxınlaşdığını, binaya daxil olduğunu görən iranlı mühafizə polisi ona əl işarəsi edərək yoxa çıxır, amma hadisə yerinə heç kəs gəlmir.
Bundan başqa, Y.Hüseynzadənin səfirliyimizin binasına daxil olmaq üçün işlətdiyi hiylə də hər adamın ağlına gələcək türdən deyildi. Bunu hirs-hikkəli adam yox, soyuq başla düşünən biri edə bilərdi. O, bir az aralıda öz avtomobilində oturaraq, səfirlik işçilərinin avtomobillə gəlməsini, binanın önündə saxlamalarını gözləyir, onlar içəri adladıqdan dərhal sonra o, öz avtomobilini qəsdən səfirlik maşınına çırpır. Səfirlik əməkdaşları gurultu səsi eşidərək, dəmir qapını açıb bayıra çıxanda terrorçu fürsətdən yararlanaraq içəri dalır. Hər şey bu qədər dəqiq mexanizm üzrə hesablanmışdı.
Bu, elə bir dönəm idi ki, zatən İran mediası Azərbaycana qarşı terror hədəsi biçirdi. Ortada bu gün çox adamın doğru-dürüst xatırlaya bilməyəcəyi bir intriqa vardı. İran tərəfi demək olar ki, heç nə üstündə Azərbaycana qarşı mediatik və diplomatik savaş açmışdı. İran qəzetləri hər gün Azərbaycan rəhbərliyini “ifşa” və təhqir edir, axundlar məscidlərdə anti-Azərbaycan xütbələri oxuyur, generallar hədə dolu açıqlamalar verir, keçmiş diplomatlar ard-arda Azərbaycana qarşı nəsə danışırdılar.
Bu tayda ictimaiyyət çaşqın durumdaydı. Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsinin İranın dövlət mənafelərinə nə kimi ziyanı ola bilərdi ki, molla rejimi belə qeyzlənib? Əsas sual belə idi. Gerçəkdən də İranın birdən-birə bu cür hövllənməsinin, əsas məqsədi Rusiyadan qopub Qərbin qucağına sığınmaq olan Ermənistana qahmar çıxmasının motivi anlaşılmırdı. Aydın idi ki, bu müvəqqəti birgəlikdir, üzünü Avropaya tutmuş İrəvandan Tehrana qardaş olmayacaq. (Necə ki sonrakı aylarda bu təsdiqləndi, Ermənistan Fransa ilə “bacılıq” oldu). Bu təqdirdə İranın öz müsəlman-şiə qardaşlarına qarşı apardığı düşmənçilik siyasəti təəccüb və təəssüf doğururdu.
Belə bir ortamda İrandakı səfirliyimizə qarşı baş vermiş hadisənin məhz planlaşdırılmış terror aktı olması heç kəsdə şübhə doğurmurdu.
Sonradan şübhələri artıran başqa hadisələr də baş verdi. Hüseynzadənin ehtiyata buraxılmış hərbçi olduğu aydınlaşdı, onun psixi durumunun qaydasında olmadığı bəyan edildi, gah onu ölüm cəzasının gözlədiyi bildirildi, gah da cəzasının ağır olmayacağı vurğulandı.
Azərbaycan dövləti məcburiyyət qarşısında qalaraq İrandakı səfirliyini bağlamalı oldu. Artıq bu ölkədə diplomatların özlərinin və ailələrinin təhlükəsizliyinə təminat yox idi.
Qarşılıqlı münasibətlərdə soyuqluq hələ də qalır. 27 yanvar teraktının müəmmaları davam edir. Bu hadisəyə real siyasi və hüquqi qiymət verilməyib. İran hadisənin “ailə-məişət münaqişəsi” zəminində törəndiyini iddia edir. Azərbaycanda is yerinə otrumuş pazlların yaratdığı mənzərənin nədən ibarət olduğu barədə təsəvvür var.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ