Onlayn ictimai-siyasi qəzet
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Bayramda xanımlara xoş sözlər deyilir, təbriklər edilir və hədiyyələr verilir.
Bəs xanımlarımız özlərinə nə arzulayır, hansı hədiyyələri, sözləri eşitmək istəyirlər?
Pul, maşın, gül, ev, geyim və s. Siyahını çox uzatmaq olar.
Təbii ki, bu mövzuda yüzlərlə rəngli fikirlər eşidə bilərik. Statusundan, yaşından, mövqeyindən asılı olaraq xanımlarımızın da istəkləri dəyişir.
Musavat.com-un əməkdaşı Bakının məşhur satış yerərindən biri olan "8-ci kilometr bazarı"nın xanım satıcıları ilə həmsöhbət olub, bayram günü onların istəklərini dinləyib.
Bazara daxil olar-olmaz göyərti satan xala gülümsəyir və “yaxşı göyərtilərim var, gəl, götür” deyir. Ondan bayram hədiyyəsi olaraq nə istədiyini soruşuram. Əlini yelləyir və “göyərtilər günün sonuna kimi satılsa, elə bu mənə bayram hədiyyəsi olar”, - deyə cavab verir.
Yaxınlığımızdan bazarda çay satan 58 yaşlı Səmayə xanım keçir. O da söhbətə qoşulur:
“Həyatda insana cansağlığından gözəl nə hədiyyə ola bilər ki. Başqa heç nə istəmirəm. Həm də mən orucluğa görə 8 Martı qeyd etmirəm. Mən xoşbəxt qadınam, balalarım sağ-salamat yanımdadır. 20 ildir ki, bu bazarda çay satıram”.
73 yaşlı Laləzər nənə əslən Gəncədəndir, 22 ildir ki, bu bazarda pendir satır. O, qadınlara xoş gün arzulayır:
“Arzulayıram ki, qızlarımız xoş gün görsünlər və ərlərindən boşanmasınlar, yaxşı taleləri olsun. Mən şəhid və qazi anasıyam. Ramanada ev tikmişəm. İndi pulum yoxdur ki, oraya işıq və qaz çəkdirim. Mənim üçün ən böyük hədiyyə evimə işığın və qazın çəkilməsi olardı”.
62 yaşlı Xanım 35 ildir ki, bazarda pendir satır. Deyir ki, nə versələr, onu hədiyyə kimi qəbul edər:
“Öz balalarımdan hədiyyə gözləyirəm. Gücləri nəyə çatır, onu da alacaqlar. İndi elə zəmanədir ki... Övladlarımın özləri mənim üçün gül-çiçəkdir. Bircə canım sağlam, uşaqlarım isə xoşbəxt olsunlar. Hər gün Suraxanıdan buraya gəlirəm, iki avtobus dəyişirəm. Kasıblıq bayramı hiss etməyə imkan vermir. Mən də övladlarıma dəstək olum deyə işləyirəm. 1 ildən sonra pensiyaya çığacağam, səhhətim imkan versə, yenə də bazarda işləyəcəyəm. Bizim kişilər ailəcanlı, qadınlarımız isə zəhmətkeşdir, mərddir”.
Digər pendir satıcısı Ceyran da Xanımın fkirlərini dəstəkləyir:
“Yeməyimiz, içməyimiz, evimiz var. Bircə qalır cansağlığı. Bu həyatda sağlam olmaq ən böyük nemətdir.
Mənim adımı anam Hicran qoyurmuş, “metirka” yazan deyib, qızının adını Ceyran qoydum. Görürsünüz həyat nə qəribədir... Bəzən hər şey istədiyimiz, arzuladığımız kimi olmur. Ona görə də yenə təkrar edirəm, canın sağlam olandan sonra hər şeyi qazana bilirsən. 18 ildir ki, Gədəbəydən buraya pendir gətirib satıram. Yorulub usanmıram. Pul gələn yerdən adam yorularmı?”
Almara xanım da satıcıdır, o, bazara İsmayıllıdan pendir gətirib satır:
“Bütün günü çöllərdəyik, 35 ildir ki, satıcılıq edirəm. 57 yaşım var, 3 övladım var, hamısı ailəlidir. Qazandığım pulla övladımın ailəsinə kömək edirəm. Bayramda qadınlara xoş gün və sağlamlıq arzulayıram. Hədiyyə mənim övlad və nəvələrimdir”.
Satıcı xanımların ən böyük istəyi günün sonunda məhsulların əksəriyyətinin satılmasıdır. Onlara hər dəfə yaxınlaşanda gülümsəyən gözləri bunu deyir.
Elə mən də onlara bol alıcı diləyib, səs-küylü, yorucu bazarı tərk edirəm.
Şahanə Rəhimli
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ