İnsanlara hürriyət, millətlərə istiqlal!

Giresun fındıqçılarından Qax-Zaqatala bölgəsinə ilginc dəvət – FOTOLAR, VİDEO

“Mavi ilə yaşılın qovuşduğu şəhər” səyahətimiz davam edir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan və Gürcüstan media təmsilçiləri üçün həyata keçirilən səfərin əsas məram və məqsədi Giresun və Ordu şəhəri ilə hərtərəfli tanışlıq, Qaradəniz bölgəsinin bu hissəsinin turizm potensialını nümayiş etdirmək, həmçinin bu cənnət diyarın dünyaca məşhur fındığının sorağını bir daha duyurmaq idi.

g5.jpg (397 KB)

Tirebolu qalası üzərində sancılmış Türkiyə bayrağı Qaradənizin dalğaları ilə salamlaşır sanki. Bu yüksəklikdən bütün şəhər və dənizə gözəl ponorama açılır. Avropadan gələn turistlər üçün qayanın oyulmuş qoynunda tikilmiş “Məryəmana” monastırı da olduqca cəlbedicidir. Şəhərin dəniz hissəsində möhtəşəmliyi ilə diqqət çəkən Giresun muzeyi tarix qoxuyur, gələnlərin üz tutduğu ünvanlardan biridir. Giresun yaylaları ilə də məşhurdur. Saymaqla bitmir Giresun zinətləri: Kulakkaya yaylası, Kumbet yaylası, Kuzalan şəlaləsi, Mavi göl, Şebinkarahisar qalası, Pamukkalanı xatırladan Göysu cənnəti, Qaragöl..

g1.jpg (747 KB)

Yaşıllıqlar diyarındakı yaylalarda bəslənən təsərrüfatlardan əldə olunan məhsullar da ekoloji təmiz olmaqla yanaşı, adla tanınır. Yaylalara qalxmağa zaman baxımından fürsət olmasa da, səsini-sorağını eşitdik, məhsulunu üz tutduğumuz ünvanlarda gördük. Çeşidli pendirlərini yedikcə doymaq olmur, balı “bal kimi”, digər məhsulları da eləcə. Zeytunluq məhəlləsi ilə tanışlıq da çox xoş oldu. Hər guşəsi tarix qoxuyan 4 min illik şəhərin bu bölgəsi barədə bələdçimiz Mustafa Yalçınqayanı dinlədikcə xəyalımız yüz illərin o tayını dolaşır. Qədim, yüksək səviyyəli memarlıq üslubunda ərsəyə gətirilmiş tikilinin qarşısında da fındıq furuş edilib, məhsul qurudulur. Az qala hər məhəllədi eyni mənzərə ilə üzləşirik, hər yer fındıq, hər kəs fındıqçı. Ötən yazımızda fındıq emalı fabrikindəki iş şərati barədə ətraflı məlumat vermişdik. Bu dəfə isə haqqında təbəssümlə “Gireysun, bir daha çıxmeysun” deyilən fındıq paytaxtı Giresunun yüksəkliklərinə, kəndlərinə doğru yol alırıq, zəhmətkeşlərlə sahədə görüşmək üçün...

g4.jpg (891 KB)

Yüksəkliyə qalxdıqca Qaradəniz “ayaq altında” qalır, ətraf yamyaşıl dağlardan, dərələrdən, təpələrdən ibarət. Ormanların içərisində də kəndlər, göz oxşayan evlər. Və...ünvana çatırıq. Şair demişkən, “bu, nə gözəl şeirdir, bu, nə gözəl mənzərə...” Fındıq toplanışının qızğın vədəsində özümüzü yetirmişidk. Müxtəlif yaş qrupunda olan bacı-qardaşlarımız çəkdikləri əziyyətlərə rəğmən, bizləri yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Azərbaycan eşidəndə ənənəvi “can” sözünü əlavə edirlər. Məxsusi geyimləri diqqətimizi çəkir, fındıq toplama mərasiminə toy-bayrama qatılırmışlar kimi hazırlaşıblar. Baxmayaraq ki, fındıq yığımı üçün əlverişli relyef deyil, ağacdan düşən məhsulun dərəyədək diyirlənməyəcəyinə də təminat yoxdur.

g2.jpg (734 KB)

Üstəlik, burada çalışan şəxsin ani diqqətsizliyi təhlükəli sonluğa səbəb ola bilər. Amma əhvalı şux adamlar gün ərzində çalışırlar, “havayı getməsin bircə dən”, məramı ilə...Çəkilən zəhmətə görə fındığın qiymətinin daya yüksək olmasını arzuayırlar və ümid edirlər ki, hökumət zəhmətkeşini bu dəfə də unutmayacaq. Türkiyə insanında məmləkətinə, dövlətinə, sərvətinə sevgi adamı məftun edir. Təsəvvür edin, bölgələrdəki gənclər ilin digər fəsillərində mərkəzi şəhərlərdə çalışıb, yaşasalar da, fındıq yığımı mövsümündə Giresuna qayıdırlar, böyüklərlə əl-ələ verib, bu nemətin son dənəsinədək ağaclardan toplanması prosesində iştirak edirlər, sanki rituala çevrilib fındıq toplama işləri.

g3.jpg (573 KB)

Ağacları silkələyib, artıq yetişmiş fındıqları yerdən səbətlərə toplayan xanımlarla həmsöhbət olduq. Yüksək əhvalla Azərbaycana salam və sayğılarını çatdıran xanımlar Qax, Zaqatala və digər rayonlarımızdakı fındıqçılarla əməkdaşlıq təklifini də etdilər və onları Giresuna dəvət elədilər.

Yaxşısı budur, özünüz görün, hazırladığımız videomaterialı təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com
Bakı-Giresun-Ordu-Bakı,
Fotolar, video: Müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR