İnsanlara hürriyət, millətlərə istiqlal!

Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri olub

İtaliyada sağçı koalisiyanın namizədi Giorgia Meloni ölkənin ilk qadın baş naziri olub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın yeni hökuməti qurmağı tapşırdığı Giorgia Meloninin və yeni hökumətin 24 üzvünün andiçmə mərasimi keçirilib. Sağçı koalisiyanın tərəfdaşlarından olan “İrəli İtaliya” Partiyasının sədr müavini, 2017-2019-cu illərdə Avropa Parlamentinin sədri vəzifəsində çalışmış Antonio Tajani Baş nazirin müavini və xarici işlər naziri vəzifəsinə təyin edilib. Koalisiyanın digər tərəfdaşı olan “Leqa” Partiyasının rəhbəri Matteo Salvini də Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri olub. “İtaliya Qardaşları” Partiyasının üzvlərindən Guido Krosetto müdafiə naziri, Karlo Nordio ədliyyə naziri, Romanın keçmiş meri Matteo Piantedosi daxili işlər naziri təyin edilib. “Leqa” Partiyasından Giancarlo Giorgetti iqtisadiyyat naziri, “İtaliya Qardaşları” Partiyasının üzvü Adolfo Urso isə iqtisadi inkişaf naziri olub.

Yeni hökumətin üzvləri üçün ölkədə 19-cu qanunverici orqanın - parlamentin yuxarı palatası olan Senatda və aşağı palata deputatlar palatasında etimad səsverməsi keçiriləcək.

Bununla da 45 yaşlı G.Meloni İtaliya Nazirlər Şurasının sədri, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olub. Həmçinin sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gəliblər.

İtaliyada İkinci Dünya müharibəsindən bəri seçkilərdə ifrat sağçı partiya ilk dəfə seçkidə birinci olub. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilmişdi.

G.Meloninin bu vəzifəyə gəlmə vaxtı italyan diktator Benito Mussolininin 1922-ci il oktyabrın 27-31-də Romaya tarixi yürüşü və hakimiyyəti ələ keçirməsindən 100 il sonraya təsadüf edib.

Nihad Budaqov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR