Onlayn ictimai-siyasi qəzet
Nəqliyyat sektorumuzda yeniliklər davam edir. Bakı metrosuna Oksfordun məzunu olan bir nəfəri işə götürmüşlər. Yəqin bu, pik saatlarında basabası azaldacaqdır. Şübhəsiz. Bundan qabaq da metromuzda daim yeniliklər olurdu, mənim yadıma gəlir, məsələn, qatarlar axşam depoya gedəndə maşinist qapını yavaş örtməyə başlamışdı. Əvvəllər kabinədən çıxanda qapını çırpırmışlar, nəticədə dövlət əmlakına, ictimai avadanlığa zərər dəyirmiş.
O cümlədən, Əhmədli tərəfdəki Ukrayna dairəsində elmi işlər davam edir. Doğrudur, ora hələlik Harvardın məzunu olan yol işarəsi təyin edilməyibdir, camaat da köhnə yerüstü keçidin fantastik dəhlizlərində dolaşır (mən hər dəfə o keçidi görəndə Corc Lukasın “Ulduz savaşları” filmini xatırlayıram), lakin AMEA Riyaziyyat İnstitutunun əməkdaşları vasitəsilə Ukrayna dairəsinin Pi ədədinin hesablanması, sektor və seqmentlərinin ölçülməsi üzrə işlər aparılır. İnşallah, Allahın köməkliyi ilə gələn Qurban bayramınacan yolun planı hökumətə təqdim ediləcək. Çətin işdir, lakin mümkündür. Məsuliyyətlidir, ancaq xalq üçündür. Bəlkə Tramp və Putin danışıb Ukraynanın məsələsini həll edəndə bizim Ukrayna dairəsinə də baxacaqlar.
Burada bir haşiyə çıxaraq ictimai narazılığımı xalqa, dövlətə, BMT-yə, İlon Maska çatdırmaq fikrindəyəm. Yaxın günlərdə kosmosda planetlərin paradı gözlənilirmiş. Bir sürü planet eyni xətt üzrə düzülərək, Yerə baxacaqdır, ola bilsin, bunun camaatımıza mənfi təsirləri artdı. Məsələn, qabaqlar planetlərin paradı olanda qo
yun əti bahalaşırdı. Bəlkə də Nibiru planetinə ət daşıyırlar, nə biləsən. Lakin məni narahat edən, narazılığımı doğuran bu deyil. Parad haqda məlumatı Şamaxı rəsədxanası deyil, Bakı Dövlət Universitetinin Astrofizika kafedrası adından yaymışdılar. Bəs rəsədxana hansı işlərlə məşğuldur? Olmaz belə. Bir də görərsən Ramazan ayının başlanmağını da BDU kafedrası məlumat verdi. O zaman gərək rəsədxananı bağlayaq, yerində kababxana açaq.
Kabab mövzusuna təsadüfən gəlib çıxmadıq. Yəqin məlumatınız vardır, hər il kənd təsərrüfatımız daha da geri gedir, özəlliklə heyvandarlıqda böyük azalma yaranıb. Rəqəmləri yazıb başınızı ağrıtmaq istəmirəm, guya qoyunların sayı ötən ilin müvafiq dövründə neçə milyon idi, indiyə neçəsi qalıb yazsaq, nə dəyişəcək? Əsas hiss etdiyimizdir, o da dükan bazardan görünür, hər ay qoyun və dana əti bahalaşır. Örüşlər azalır, qoyunçuluqla məşğul olmaq səmərəsizdir, bu sahədə inhisarçı məmurlar bazarı məhv edib və sairə - bunlar problemin gözlə görünən, mədə ilə hiss edilən tərəfidir. Ancaq sən demə, elmi izah da varmış və bunu bir nəfər ekspert təzəlikcə izah etdi. Deyir, biz quzu kababı yeməyə öyrəşmişik, qoyunun ət yığıb kökəlməyinə imkan vermirik, nəticədə ümumi ət istehsalında azalma baş verir.
Əlbəttə. Rəhmətlik ədliyyə nazirimiz (əvvəl “ədviyyə” yazmışdım - əslində çox da dəyişiklik baş vermir) demişkən, “demokratiyanı beşikdə boğuruq”, qoyunu quzu kimi uduruq. Ancaq görkəmli ekspertimiz bu suala cavab verə bilərmi ki, kəndli həmin quzunu qoyun şəklinə çatdıranacan onu harda otarmalıdır, hansı miqdarda yem verməlidir, buna nə qədər adamın imkanı, həvəsi, dəstəyi, marağı qalıb? Cavab verə bilməz. Çünki quzu qoyun olanacan çoban da zülümdən az qalır qurd olsun.
Amma günahı çoban-çoluğun, yetim-yesirin, ac-yalavacların üstünə atmaq proqressiv üsuldur. Bu temada KTN-in elmi təlimatı var, yazını onunla bitirək:
Getdin gördün quzu,
Neynirsən istiotu-duzu,
Ye, qalsın iki buynuzu.
Getdin gördün qoyun,
Neynirsən oyun-moyun,
Ye qalsın quruca boyun.
P.S. At və şokoladla bağlı da məsləhətlər var idi, lakin mövzumuzdan kənardır, ona görə yazmadıq.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ