Onlayn ictimai-siyasi qəzet
“Bəzən gənclərin sənətkarların onlara dəstək olmadığı haqda gileylərini eşidirik. Yəqin ki, gənclər o sənətkarlardan dəstəyi umublar, amma görməyiblər. Ummasaydılar heç vaxt deməzdilər. Hər müəllim tələbə üçün, gənclər üçün, istedad üçün bu qədər can yandırmır. Deyir ki, nəyimə lazımdır ki? Özünün sağlamlığına, səhhətinə, zamanına diqqət ayırır. Belə müəllimlər də var. Biz özümüzdən danışa bilərik. Mən də, Gülyaz xanım özümüzü sənətə, həm də ətrafda olan istedadların üzə çıxmasına həsr etmişik. Nəinki universitetdə olan tələbələrimizə, həmçinin də kənardan bizi seçən tələbələrə dəstək olmuşuq. Bunu tələbələrimizdən də soruşsanız təsdiqləyərlər. Başqalarını deyə bilmərəm. Biz çalışırıq ki, onların gələcəyinə dəstək olaq. Çünki bizə də zamanında dəstək olan olub. Əlimizdən tutub sənətə gətirən olub. Bura hamısı aiddir. Televiziya, media, efirlər və s. Biz elə-belə gəlib bu yerlərə çıxmamışıq ki.. Biz o dəstəyi görmüşük. Gəncliyimdən bu günə qədər mənə zərrə qədər edilən dəstəyi qətiyyən unuda bilmərəm. Ona görə də o gənclərə də dəstək olmaq lazımdır. Mən demirəm istedadı olmayana dəstək ol. İstedadı olana mədəniyyətimizin, sənətimizin, musiqimizin inkişafı naminə dəstək olmaq lazımdır. İstedadlıya dəstək olmamaq təkəbbürlükdür. Allah o təkəbbürü bizdən uzaq etsin. Biz necə varıqsa o cür də qalmışıq. Hərhalda bizə oxşamaq istəyənlər çox olub. İstər müəllim kimi, istər sənət aləmində, istər geyim-keçimdə.. Nə xoş ki, biz gəncləri də öz arxamızca aparmaöa çalışırıq. Mən düşünürəm ki, musiqimizin, sənətimizin milli-mənəvi dəyərlərini qorumaq üçün biz o gənclərə cığır açmalıyıq”
Bunu Medianews.az-a açıqlamasında Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova deyib.
Sənətkar daha sonra “Efirdə ara müğənnilərini tərifləyən sənətkarları da görürük. Bu haqda nə deyə bilərsiniz?” sualına belə cavab verib: “Mən qalmaqallardan uzaq adamam. Bu suala qarışa bilmərəm. İstedadı varsa tərifləyərəm, dəstək olaram. İstedadı yoxdursa bu başdan onu başa salaram ki, get başqa işlə məşğul ol, tamaşaçını aldatmaq olmaz. Bu gün balaca səsi ilə öz çörəyini qazananlar varsa, toylarda da oxunub-oynanırlarsa demək ki, sevilirlər. Onları da sevən var, bizi də. Hər ifaçının özünə görə repertuarı, mahnısı var. Ümumiyyətlə bayağı sözünü xoşlamıram, müasir, gündəmdə olan musiqi deyək. Reklamla gəlir, reklamla gedir. Zamanında biz onlara “ara mahnıları” deyirdik. Arada olan kimi gəlirdi-gedirdi. O ifaçıları da sevən var. İstəmirlərsə niyə toyda ortalığa düşüb onları dəvət edib, oynayırlar? Onlar da xalqın bir hissəsidir də. Tənqid və təhqir etmək olmaz. Musiqinin pisi yoxdur. Şirin oxuyandan sonra musiqinin hamısı gözəldir. Sözümdən belə çıxmasın ki, mən onları dəstəkləyib, tərifləyirəm. Xeyr, onlar istəsən də, istəməsən də özü gəlir, özü gedir. Bizim xidmət etdiyimiz musiqi çoxlu toy və qazanc gətirməyə bilər, amma biz öz musiqimizi bərbad hala sala bilmərik. Biz onun qoruyucularıyıq. Biz bu musiqinin gələcək nəsillərə ötürücüləriyik. Toyda-düyündə biz də oxuyuruq”.
Gülyanaq Məmmədova bildirib ki, ara mahnıları efirlərdə səsləndirilməməlidir:
“Bunun günahını efirlərdə görürəm. Efirlər reytinq xatirinə həmin ifaçıları çağırır, reytinq xatirinə gündəmə söhbət atırlar. Axı biz övlad böyüdürük. Efirdə danışılanlar da həmin dəqiqə sosial şəbəkələrdə paylaşılır. Uşaqlarımızın da hamısının əlində telefon var, izləyirlər. Mən bunlardan nigaranam. Ara mahnılar toylarda oxunmalıdır, efirlərdə yox. Reytinq xatirinə efir olmaz. Mənə elə gəlir ki, insanlar bu söz-söhbətlərlə sadəcə baş qatırlar. Halbuki onların o qədər problemləri var ki..Amma bir gün bunlardan da yorulacaqlar. Çünki sevdiyin hər şey sonradan sənə adi gəlir. Vaxt, vədə çatacaq ki, insanlar reallıq axtaracaqlar”.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ