İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəncliyin zirvə toplantısı” - hamı diaspor gənclərinin yay düşərgəsindən danışır

Diaspor Gənclərinin V Yay Düşərgəsinin kadrlarına, şəkillərinə baxdıqca adama elə gəlirdi ki, bütün dünya Laçındadır. Əslində elə belə idi. 60 ölkədən 115 azərbaycanlı və xarici gənc Laçına gəlmişdi, daha doğrusu gətirilmişdi.

Musavat.com xəbər verir ki, dünya azərbaycanlı gənclərinin və xaricilərin iştirak etdiyi yay düşərgəsi üçün Laçının, Ermənistanla sərhəd rayonumuzun seçilməsi kifayət qədər ağıllı gediş idi. Relyefinə görə bir çox rayonlardan fərqlənən Laçının hər küçəsi, hər tini sanki bir zirvədir. Videokadrlara, şəkillərə baxdıqca adamda belə bir təsəvvür yaranır ki, dünya gəncləri sərhəddəki bu zirvədən baxaraq işğalın da, azadlığın da hər nöqtəsini aydın görə bilirdilər. Yay düşərgəsi həm də yenidən qurulan, daha da müasirləşdirilən Laçının da bütün dünyada təqdimatı idi.

Diaspor gənclərinin mətbuata verdiyi müsahibələrdən də aydın görünür ki, 60 ölkədən gələn gənclərin müxtəlif mövzulardakı müzakirələrdə iştirak etmələri, şəhid ailələri və qazilərlə, siyasi xadimlərlə görüşmələri, Qərbi Azərbaycanla bağlı məlumatlandırılmaları, laçınlıları dinləmələri beyinlərində dərin izlər buraxıb. Gənclərin bir həftə içində həm də Xankəndidə, Xocalıda, Şuşada olmaları isə onların həyatındakı fantastikadan başqa bir şey deyildi.

Diaspor Komitəsi ilə Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin sözsüz ki, zirvə nöqtələri vardı. Gənclər Qarabağ Universitetinin ilk qonaqları idi. Bu, inanılmaz bir ziyarət idi. Dünyanın ən bahalı ali məktəblərində təhsil alan bir çox düşərgə iştirakçıları bəlkə də ən çox görmək istədikləri, ən arzuolunan ali məktəbin auditoriyalarında, dəhlizlərində dolaşırdılar. Bu sevincin, bu mənzərənin nə əvəzi vardı, nə də tayı-bərabəri.

Diaspor gənclərinin düşərgələrinin son məqsədi təbii ki, informasiya müharibəsində iştirak edən diasporumuzun biliklə silahlandırılmasıdır. Bu mənada düşərgə iştirakçılarının Xankəndiyə, Xocalıya səfəri ciddi strateji planlamanın məntiqi nəticəsi idi. Bəlkə də həmin gənclər bir-iki il əvvəl belə səfərlərin xəyalını belə qurmaqda çətinlik çəkərdilər. Heç ağıllarına da gəlməzdi ki, çox yaxın zamanda Xocalıda müsahibə verəcək, Xankəndinin küçələrində müasir tarixi vərəqləyəcəklər.

Diaspor Gənclərinin V Yay Düşərgəsinin zirvə nöqtələrindən biri də Azərbaycan bayrağını kosmosa aparan, anası azərbaycanlı olan türk astronavtın düşərgəyə gətirilməsi idi. Bu, diaspor gənclərinə, türk gəncliyinə verilən ən böyük mesajlardan biri idi. Gəncliyimizə mesajlar verilirdi ki, harada olmağınızdan asılı olmayaraq bayrağımıza, tarix və mədəniyyətimizə bağlı olmalı, türk diasporu və Azərbaycanı sevən xalqların diasporları ilə işbirliyi içində fəaliyyət göstərməli, bütün yeni platformalara hakim olmalısınız.

Füzuli Beynəlxalq Hava Limanı bəlkə də dünyanın yeganə hava limanıdır ki, ora uçanda həm də xarabalıqlar üzərindən uçursan, işğalın, vandalizmin ən bariz nümunələrini görürsən. Düşərgə iştirakçılarının Laçına Füzuli Beynəlxalq Hava Limanından yollanması çox ehtimal ki, onların Qarabağın işğalı ilə bağlı müfəssəl məlumatlandırılması, yaşadıqları ölkələrdə düzinformasiyaların qarşısının alınması, erməni yalanlarının ifşası üçün əsl tarixi, əsl həqiqətləri mükəmməl bilmələrinin tərklib hissəsi idi.

Bu işin uğurlu tərəflərindən biri də yay düşərgələrinin davamlılığının pozulmamasıdır. İldən-ilə düşərgəyə daha çox ölkədən gənclər qatılır. Yəni informasiya müharibəsinin iştirakçıları olan gənclərimizin əhatə dairəsi genişlənir, məlumatlılıq daha da artır.

Düşərgədə iştirak edən gənclərin müsahibələri, sosial media platformalarındakı paylaşımları iştirakçıların intellektual potensialları haqqında da kifayət qədər məlumat verir. Bu da düşərgədə iştirak prosesinin düzgün aparılmasından xəbər verir.

Düşərgə bitib, amma hamı Diaspor Gənclərinin V Yay Düşərgəsindən danışır. Düşərgəni kənardan izləmək bu qədər qürurverici idisə, onun iştirakçılarının nə qədər xoşbəxt olduqlarını təsəvvür etmək mümkündür. Bu möhtəşəm tədbir təbii ki, bir həftə xoşbəxt olmaq üçün deyil, bir ömür boyu ayıq-sayıq olmaq, vətəndaş olmaq, Azərbaycanı unutmamaq, vətəni layiqincə təmsil etmək, informasiya cəbhəsində əsgər kimi vuruşmaq üçündür. Məhz bu mənada Diaspor Gənclərinin V Yay Düşərgəsini sözün hər mənasında “Gəncliyin zirvə toplantısı” adlandırmaq olar. Və bu, həqiqətən də belə idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR