İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərin seçkidə rolu - həm seçici, həm müşahidəçi, həm də namizəd kimi...

“Azərbaycan gəncliyi yeni, müasir çağırışlara cavab verməklə bərabər, həm də milli adət-ənənəsinə, kökünə sadiqdir”

Bu həftə bütün dünyada gənclər günü qeyd olunur. Və adətən beynəlxalq günlər bir növ hesabat üçün fürsət yaradır. İldən-ilə nəzərəçarpan dəyişikliklər, əldə olunan nailiyyətlər sorğulanır. Azərbaycan gəncləri isə bu sorğulamanı ildə iki dəfə aparırlar. Fevralın 2-də, yəni Azərbaycan Gənclər günündə və 12 avqust Beynəlxalq Gənclər günündə. Bəs bütün sahələrdə lokomotiv rolunu oynayan gənclər ölkəmizi beynəlxalq arenada necə təmsil edirlər? Bu və digər sualları  “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevlə müzakirə etdik.

“Yeni Müsavat”a açıqlamasında Bəhruz Quliyev qeyd etdi ki, Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəmizi çox uğurlu şəkildə təmsil edir. Onun fikrincə, başlıca hədəf də gənclərimizin beynəlxalq arenada öz bilik və bacarığını çox uğurlu şəkildə ortaya qoymasıdır: “Azərbaycan gəncliyi yeni, müasir çağırışlara cavab verməklə bərabər, həm də milli adət-ənənəsinə, kökünə sadiqdir. Bu mövqedən çıxış edərək gənclərimiz beynəlxalq arenada milli maraqlarımızın qorunmasını başlıca vəzifə olaraq dəyərləndirirlər.  Xatırladım ki, Ulu öndərimiz Heydər Əliyev gəncliyimizə xüsusi diqqət ayırır, onların inkişafı üçün ciddi addımlar atırdı. İlham Əliyev də 2003-cü ildə ilk dəfə prezident seçilərkən demişdi ki, qara qızıldan gələn gəlirlər insan kapitalına yönələcək. Biz bu siyasətin müsbət nəticələrini artıq illərdir ki, görürük. Bu gün ölkəmizdə kifayət qədər intellektual, dünyagörüşlü, bacarıqlı, vətənpərvərliyi ilə fərqlənən gəncliyimiz yetişib. Məhz bunun nəticəsi olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində yurdunu ürəkdən sevən, uğrunda canından keçməyə hazır olan gənclərin yetişdiyini gördük. Dünyaya sübut etdik ki, müasir zamanın çağırışlarına yüksək səviyyədə, həm də milli dəyərləri qorumaq şərtilə cavab verən gənclər yetişdirən xalqımız 30 il işğal altında qalan torpaqlarının azad edilməsində israrlıdır və bunu bacardı. Bəli, bu gün Azərbaycan gənci böyük Zəfərə imza atmış qalib ölkənin vətəndaşıdır. "Qalib gənc" ifadəsi dünyanın hər yerində təmsil olunan Azərbaycan gəncləri üçün fəxr mənbəyidir".

Bəhruz Quliyev: Koçaryan geri dönərsə, bu Ermənistan dövlətçiliyinin  birdəfəlik itirilməsi hesabına başa gələ bilər - "İki sahil"

Bəhruz Quliyev

B.Quliyev siyasətdə, xüsusilə qarşıdan gələn parlament seçkilərində gənclərin iştiraklılığını belə şərh etdi: “Bu gün təşviqat kampaniyasına start verilmiş parlament seçkiləri müasir, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ərazi bütövlüyümüzün, suverenliyimizin tam şəkildə bərpa edildiyi bir zamanda keçirilir. Azərbaycanın bütün bölgələrində təşkil edilmiş seçki məntəqələri sentyabrın 1-də keçiriləcək ümumxalq səsverməsinə tam olaraq hazırdır. İctimai həyatın hər bir sahələrində aktiv fəaliyyət göstərən qalib ölkənin qalib gəncliyi də bu gün seçkilərdə xüsusi aktivliyi ilə seçilir. Gənclərimiz bu seçkidə həm namizəd, həm seçici, həm müşahidəçi, həm də könüllü kimi iştirak edir. Gənclərimiz dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər. Onların mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Gənc müşahidəçilərimiz, seçicilərimiz, seçkilərdə namizəd kimi iştirak edən gənclərimiz bu seçkilərin də tam demokratik və şəffaf mühitdə keçiriləcəyinə əmindirlər. Bunu seçkilərdə namizədliyini irəli sürən şəxslər arasında gənclərin üstünlük təşkil etməsi də sübut edir. Azərbaycan gəncləri bu gün dövlət quruculuğu işində yaxından iştirak edir. Müxtəlif qurumlarda - parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycanda 200-ə yaxın gənclər təşkilatı və 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları mövcuddur. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği bu gün dövlətimizin prioritet istiqamətlərindən biridir”.

B.Quliyevin fikrincə, bu gün gənclərimiz beynəlxalq təşkilatların müxtəlif proqram layihələrində yaxından iştirak edirlər: “Eyni zamanda gənc nəslin nümayəndələri ölkəmizdə keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərində, qarşılıqlı mübadilə səfərlərində öz güclərini, bilik və bacarıqlarını nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasət davam etməkdədir, həm də daha modern formada, yeni çağırışlara cavab vermək şərtilə. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildə Gənclər Forumu ilə bağlı təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildən fevralın 2-nin Azərbaycan Gəncləri günü elan edilməsi, beş dövlət proqramının qəbulu, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Ümummilli liderin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün uğurlu nəticələrlə özünün yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin  gənclər siyasəti isə gəncliyin inkişafına konseptual yanaşmadan ibarətdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdi. Eləcə də 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını xeyli artırdı. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də özünü Vətən müharibəsində cəsur, vətənpərvər vətəndaş kimi təsdiq etməsi oldu. Vətən müharibəsində, döyüş meydanında şücaət göstərən bu gəncliyə ümid etməmək, ona inam bəsləməmək, gələcəyimizi ona həvalə etməmək haqsızlıqdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı gənclərlə görüşlərinin birində onlara inamını belə ifadə etmişdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Azərbaycan dövlətinin həm də vətəndaşlarımızın gənclərə etimadı böyükdür. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, uğurları ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Bu gün ölkə gəncliyi kifayət qədər siyasi yetkin, böyük elmi potensiala malik və beynəlxalq idman arenalarında ciddi nəticələr göstərə biləcək gücdədir. Çünki bu uğurlar üçün Azərbaycanda kifayət qədər maddi və mənəvi potensial var".

Yazını hazırladı: Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR