İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncləri sosial şəbəkədə şantaj edən kimlərdir - SOS!

Niyə sosial media gənc nəsil üçün tələyə çevrilib? 

Azərbaycanda 17 yaşlı qız adam qaçırıb. Bunu ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişinə çıxan 17 yaşlı Rüqəyya adlı qız bildirib. O qeyd edib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu Aysu adlı qız onu öldürəcəyi ilə hədələyib: “Aysu ilə "TikTok" sosial şəbəkəsində tanış oldum. O, məni hədələdi ki, sənin şəklini montaj edib, sosial şəbəkələrdə paylaşacam. Aysu Bakıda yaşayır. Arxamca maşın göndərdi. Mənə silah şəkli göndərib bildirdi ki, çölə çıxmasan səni öldürəcəm. Mən də qorxub, onun göndərdiyi maşına minib Bakıya gəldim. Məni Sabunçu rayonunda yolun qırağında yerləşən bir evə gətirdilər. Evdə Aysunun sevgilisi və Zaur adlı başqa kişi var idi. Onlar məni maşına mindirib başqa yerə aparanda polis gördü və məni onlardan xilas etdi.

Anamgil məni zorla istəmədiyim oğlanla nişanladı. O oğlan mənim nömrəmi sinif yoldaşımdan almışdı. Atam məni 9-10 yaşımda zincirə vurub, bıçağı qızdırıb dağ basırdı. Tək atam yox, dayım da mənə işgəncə verib. Dayım iki dəfə ailəli olub. Uşaqlarını atıb. O, mənə çörək verməyib. 12 yaşımdan işləyirəm".

Bu olay Azərbaycanda sosial şəbəkənin insanların həyatına vurduğu zərbənin başqa bir sübutudur. Artıq gənclər zərərini anlamadan, yaradacağı fəsadları dərk etmədən sosial şəbəkənin zərərlərini öz həyatlarında yaşayırlar. Və bu, təkcə məişət insidenti yox, çox zaman insan alverinin qurbanına çevrilmə, orqan mafiyasının əsirinə çevrilmə ilə də nəticələnə bilər. Göndərilən fotolar, şantajla nəticələnən gedişat... Gəncləri sosial şəbəkənin əsarətindən necə xilas etməli? 

Gənc nəsillər yaşlılarla müqayisədə daha çox tənhalıq keçirirlər, çünki dostluqlarının daha böyük bir hissəsini sosial şəbəkə ilə formalaşdırırlar. Mərkəzi ofisi Britaniyada olan “Building Society Nationwide” araşdırma mərkəzi sosial şəbəkədə böyüyən millenium nəslinin ən tənha nəsil olmaq yolunda irəlilədiyini qeyd edib. Araşdırmada iştirak edən gənclərin 89%-i özlərini tənha hiss etdiklərini deyir. 55 yaşdan yuxarı iştirakçılarda isə bu nisbət 70%-dir.

Araşdırmada iştirak edən 18 - 34 yaşları arası insanlar isə sosial şəbəkədəki dostlarının sayının real həyatdakı dostlarının sayından ən azı dörd dəfə çox olduğunu bildirir.

Nəticələr iştirakçıların orta hesabla 65 sosial dostu olanın, bunun müqabilində real həyatda orta hesabla 14 yoldaşının olduğunu göstərir. Ancaq millenium nəslinin sosial dostlarının sayı isə 103-ə qədər gedib çıxır.

Araşdırma bir tərəfdən də tənhalıq çəkənlərin necə internetdəki fırıldaqçıların torlarına düşdüyünü də ortaya çıxarır.

Tənhalıq çəkdiyini deyənlərin 36%-i internetdə bəzilərinə etimad etdikləri üçün aldadıldıqlarını deyir. Eyni nisbət, özünü tənha hiss etməyənlər üçün 9% nisbətindədir.

ABŞ-da fəaliyyət göstərən “Piper Sandler” şirkətinin araşdırmasının nəticəsində məlum olub ki, gənclər ən çox “Instagram”, ən az isə facebook-da zaman keçirirlər. Facebook-dan daha çox orta yaşlı insanların istifadə etdiyi məlum olub.

Texniki olaraq isə sosial şəbəkələr iki tipə bölünür: horizontal və vertikal olanlar. Horizontal olan sosial şəbəkələrdə insanlar xüsusi ortaq maraq dairəsi olmadan toplaşırlar, ünsiyyət qururlar, tanış olurlar. Məsələn, Facebook-da bir-birindən fərqli maraq dairələri olan insanlar dostlaşa bilir. Vertikal sosial şəbəkələrdə isə iyerarxiya mövcuddur. İnsanların ortaq maraq dairəsi olur və öz maraq dairələrinə uyğun olaraq ünsiyyətə başlayırlar. Məsələn, “Linkedin”də bir PR mütəxəssisi öz həmkarları ilə əlaqə qurur, çünki onların ortaq marağı var. Sosial şəbəkələrdə kommunikasiya barədə danışdıqda isə 2 növə bölməliyik: birinci fiziki, individual şəxslərin kommunikasiyası, ikinci isə korporativ kommunikasiya. Bu sosial şəbəkələrin demək olar ki, hər birini, hər iki məqsəd üçün də istifadə etmək olur.

Hazırda hüquq-mühafizə orqanları üçün bu kimi hücumların arxasında gizlənən adamları tapmaq asan olmur. Məsələnin kriminal çalarları varsa, bunun hansısa texniki həll yolları ola bilər. Lakin Facebook, Instagram, Youtube və bir çox sosial şəbəkələrin idarəçiliyi xarici dövlətlərdə olduğuna görə, onlardan informasiya almaq asan məsələ deyil. Kimlərinsə Facebook hesabını qırıb onun yazışmalarını oxumaq, sahibini tapmaq barədə iddialar əsasən əfsanədir. Ekspertlər bildirir ki, bəlli bir yerdə oturan və serveri, eyni zamanda adı məlum olan şəxsin yazışmalarını müxtəlif üsullarla açmaq mümkün olsa da saxta profil sahiblərini tapmaq mümkünsüzdür. Çünki həmin şəxs xarici ölkədən də yaza bilər, yerini də tez- tez dəyişə bilər. Üstəlik, bu işləri yaxşı bilən insan gizlənməyin də bütün yollarını bilir. 

Maraqlıdır ki, sosial şəbəkələrdə aktivlik artdıqdan sonra sosial şəbəkə cinayətkarlığı və şantajın sayı da təbii olaraq artıb. Qurbanlar isə yalnız qadınlar deyil. Tanınmış simaların da şəxsi həyatları, yataq görüntüləri ilə hədələnməsi, gündəmə gəlməsi halları az olmayıb. Sosial şəbəkədən istifadə özü ayrıca bir mədəniyyət və qabiliyyət tələb edir. Amma aldadılan, sevgi toruna düşüb başı bəla çəkən, hətta tor olmasa belə, ayrıldıqdan sonra keçmiş həyat yoldaşını biabır etməklə təhdid edən cani beyinli kişilər və qadınlar ordusu da yaranıb. Sosial şəbəkələrdən maariflənmək deyil, intiqam, qisas aləti kimi istifadə edənlərin sayı da yarı-yarıyadır desək, yanılmarıq. Bunu sadə insanlar sadə işlər, pul qazanmaq və ya incitmək məqsədli şantaj kimi edirlərsə, yüksək ranqlı məmurlar da kompromat müharibəsi formatında aparırlar ki, son dövrlər bunun daha çox şahidi oluruq.

Yazını hazırladı: Sevinc TELMANQIZI



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR