Onlayn ictimai-siyasi qəzet
Bir həftədir Gəncə Şəhər Prokurorluğunda məktəbli Elgün İbrahimovun ölümü ilə bağlı araşdırmalar davam edir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı - “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb.
Elgün İbrahimovu mayın 12-də Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş 5 mərtəbəli yataqxanasında yarımcan halda aşkarlayıblar. Gecəyə doğru ərazidə reyd keçirən bina mühafizəçisi inilti səsi eşidib və yerdə bir nəfərin qovrulduğunu görüb. Dərhal polisə və təcili yardıma məlumat verilib. Lakin məktəbli xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Aldığı bədən xəsarətləri onun yaşamasını mümkünsüz edib. 11-ci sinif şagirdi reanimasiya otağında canını tapşırıb.
Hüquq-mühafizə orqanlarının verdiyi rəsmi məlumata görə, Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam edir. Bununla belə, ortada bir neçə versiya var və həmin versiyaların heç biri istintaq tərəfindən hələ ki təkzib olunmayıb. İstintaqçılar ötən bir həftə ərzində məktəblinin həyatla vidalaşmasına səbəb olan xəsarətləri hansı şəraitdə almasını da ortaya qoymayıblar.
Görünən budur ki, bu ölüm sadə bir “yıxılma” hadisəsi deyil. Arxasında cavabsız suallar, ictimai narahatlıq və alternativ ehtimallar dayanır. Cəmiyyəti silkələyən ölüm işi bir neçə gündür ki, gündəmin əsas mövzusuna çevrilib.
Gəncin ölümü ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq birgə bəyanat versə də, Elgün İbrahimovun həyatla vidalaşmasına yol açan səbəb hələ ki ortaya qoyulmayıb. Hadisənin təfərrüatları istintaqın öhdəsinə buraxılsa da, ən müxtəlif versiyalar səsləndirilməkdədir.
Hazırda sosial şəbəkələrdə məktəblinin döyülməsi, intihar etməsi, avtoqəzaya düşməsi barədə ən müxtəlif versiyalar var. Hər bir kriminal izli ölüm işində hadisə yerinin müayinəsi, mərhumun bədəni üzərindəki xəsarətlərin xarakteri, ölümə birbaşa səbəb olan xəsarətin yetirilməsi mexanizmi istintaqın müəyyən bir nəticəyə gəlməsinə yol açan məqamlar kimi əsas götürülür.
Elgün İbrahimovun meyiti tapıldığı ərazinin videosundan, sonradan ərazidə olan şahidlərin dediklərindən belə aydın olur ki, məktəbliyə xəsarətlər o ərazidə yetirilməyib. Diqqətçəkən məqam ərazidə heç bir qan izinin olmamasıdır. Bu isə Elgün İbrahimovun başqa yerdə xəsarət aldığını və daha sonra həmin əraziyə gətirildiyini ehtimalını gücləndirir. Yayılan məlumatlardan o da aydın olur ki, Elgün İbrahimovun yalnız bir qabırğası sınıb. Bu isə “hündürlükdən yıxılma” versiyasını istisna edir.
Əgər Elgün İbrahimov intihar etsəydi, yəni 5 mərtəbəli yataqxana binasının damından özünü atsaydı, onun 1 deyil, çoxsaylı qabırğaları sınar, kəllə sümüyü zədələnərdi. Onun bir qabırğasının sınması avtoqəza ehtimalını da aradan qaldırır. Əgər Elgün İbrahimovu hərəkətdə olan nəqliyyat vasitəsi vursaydı, onun bir deyil, bir neçə qabırğası sınar, yerə çırpılma zamanı başında xəsarətlər olardı.
Elgün İbrahimovun yayılmış videosunda isə onun göz qapağında xəsarət izləri görünür. Yəni yerə üzü üstündə çırpılma halında onun alnında, qaş nahiyəsində çapıqlar olmalı, burunu da sınıb əyilməli, deformasiya olmalı idi. Lakin belə deyil. Göz qapaqlarında xəsarət var, alında, burunda yoxdur! Üzündəki xüsusən dodaqları və göz qapaqları üzərində olan izlər hündürlükdən yıxılma zamanı yaranan tipik xəsarətlərə uyğun görünmür.
Bu tip travmalar küt alətlə və ya əllə vurulan zərbələrə daha çox oxşayır. Bu faktlar hadisənin zorakılıq elementləri daşıdığına və onun ölümünün qəsdən törədilmiş hərəkət nəticəsində baş verdiyinə dair şübhələri artırır. Hadisə ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında aşağıdakı ehtimallar irəli sürülür:
Elgünün bədənindəki travmalar və hadisə yerində qan izlərinin olmaması onun başqa bir yerdə döyülərək sonra həmin əraziyə aparıldığı fikrini formalaşdırır. Bu versiya geniş yayılıb və istintaqın əsas fokuslandığı versiyalardan biri sayılır.
Ortada olan faktlar və ziddiyyətli məlumatlar fonunda Elgün İbrahimovun ölümü ilə bağlı rəsmi orqanların daha ətraflı və şəffaf açıqlama verməsi cəmiyyətin gözləntisidir. Xüsusilə də zorakılıq izləri, hadisə yerində qan olmaması və qeyri-adi xəsarətlər fonunda “hündürlükdən yıxılma” versiyası artıq inandırıcılığını itirir.
Elə isə Elgün İbrahimovu kim və nə üçün öldürə bilər? Hadisə yeri niyə dəyişdirilib? Cinayətin izləri ört-basdır edilirmi? Bu suallara cavab tapmadıqca Elgün İbrahimovun ölümündəki müəmma daha da dərinləşəcək...
“İstintaqın fikrini başqa yerə yayındırırlar. Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir maşınla vurub atıblar, biri deyir intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”.
Bunu Musavat.com-a Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla, hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər. Təbii ki, ekspertiza buna rəy verəcək. Maşın vursaydı, bilinərdi. Bu, ancaq döyülmədən yaranmış xəsarət idi”.
Ötən gün axşam saatlarında mərhumun anası açıqlama verib. Elgün İbrahimovun anası Fizzə Zeynalova oğlunun ölüm işi ilə bağlı istintaqın davam etdiyini açıqlayıb. O, "Teleqraf"a açıqlamasında hazırda ekspertizanın nəticələrinin gözlənildiyini və prokurorluğun işi ciddi şəkildə araşdırdığını bildirib.
F.Zeynalova bütün versiyaların nəzərdən keçirildiyini və prokurorluq işçilərindən narazı olmadığını qeyd edib.
Eyni zamanda o, sosial şəbəkələrdə yayılan Elgün İbrahimovun intihar etdiyi ilə bağlı xəbərlərin yalan olduğunu vurğulayıb: "Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ