İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ilin büdcəsinin müzakirələri yekunlaşır - nə gözləyək...

Ekspertlər büdcədə görmək istədiklərini açıqladılar

Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin Milli Məclisdəki müzakirələri başa çatmaq üzrədir. Noyabrın 13-də büdcə zərfinə daxil olan sənədlərin sonuncu müzakirələri baş tutub. Qeyd edək ki,  gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 10 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon  547 manat, yerli xərcləri 782 milyon 453 min manat) məbləğində proqnozlaşdırılır.

Gəlirlərin 13 milyard 865 milyon manatı Dövlət Vergi Xidmətinin, 5 milyard 900 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə təmin ediləcək, 12 milyard 781 milyon manatı Dövlət Neft Fondunun transferti olacaq.

Rəşad Həsənov: “”Azərsu”da korrupsiya yüksək səviyyədədir”

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənova görə, gələn ilin büdcəsi 2023-cü ildəkindən daha ehtiyatlı yanaşma ilə tərtib edilib: “Cari ilin büdcəsinin gəlirlərində və xərclərində təxminən 20 faiz artıma gedilmişdi ki, bu da kifayət qədər riskli addımdır. Çünki belə kəskin artımlar bir qayda olaraq, inflyasiyaya artırıcı təsir göstərir. Düzdür, Azərbaycanda iqtisadiyyatın böyüməsinin əsas lokomotivi büdcə xərcləmələridir, buna baxmayaraq, burada tarazlığın qorunması mühüm əhəmiyyət kəsb edir. Belə tarazlıq olmasa, inflyasiya əhalinin gəlirlərinin mühüm hissəsini yeyər. 2024-cü ildə ehtiyatlı yanaşma bu il yaranan risklərin önlənməsi baxımından qiymətləndirilməlidir. Büdcədə neft qiyməti ilə bağlı da ehtiyatlı yanaşma əsas götürülüb. Sosial xərclər - təhsil, səhiyyə, müavinətlərin artması nəzərdə tutulur. Eyni zamanda işğaldan azad olunan ərazilərin bərpasına daha çox vəsait yönəldilir. Ümumiyyətlə, yaxın və ortamüddətli dövr üçün bu xərclərin büdcədə çəkisinin ən yüksək olacağını indidən proqnozlaşdırmaq mümkündür. Bərpa əsasən tikinti prosesini nəzərdə tutduğuna görə bu sahəyə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın təmin olunması vacibdir”.

Ekspert hesab edir ki, Azərbaycanda nəticə əsaslı büdcəyə keçid çox zəruridir: “Belə büdcə dövlət xərcləmələrinin səmərəliliyinin artırılması üçün çox lazımdır. Digər tərəfdən, hesab edirəm ki, təhsil, səhiyyə, sosial təminat xərclərinin artırılması siyasəti davam etdirilməli, daha da sürətləndirilməlidir. Azərbaycan təhsil və səhiyyə xərclərinin büdcə xərcləmələrindəki payına görə region ölkələri arasında kifayət qədər aşağı yerlərdədir. Bundan başqa, büdcənin sosialyönümlülük səviyyəsini qiymətləndirmək üçün büdcə xərcləmələrində uşaqlara, əlillərə, qadınlara ayrılan adambaşına xərclərin məbləğlərinin açıqlanması müqayisəli qiymətləndirmə üçün vacibdir. Fikrimcə, büdcə ilə bağlı məlumat açıqlığı daha da dərinləşdirilməlidir”.

R.Həsənovun fikrincə, inflyasiyanın yüksək səviyyədə olduğunun nəzərə alınması və əmək haqlarının artırılması məsələsinə baxılması lazımdır: “Gələn il də inflyasiya kifayət qədər yüksək olacaq. Bu isə vətəndaşların gəlirlərinin daha çox hissəsinin itiriləcəyi deməkdir. Bu isə onların sosial durumunun daha da pisləşməsinə gətirib çıxaracaq. Bunları nəzərə almaqla, gələn il də minimum əmək haqqının artırılması məsələsi nəzərdə tutulmalıdır. Ümumilikdə hökumətin minimum deyil, orta aylıq əmək haqqı anlayışına keçməsi daha məqsədəuyğun olardı”.

Su təsərrüfatında sovetdən qalma idarəçilik...” -

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, 2024-cü il büdcəsində əsas çatışmazlıq minimum əmək haqqının artırılmasının nəzərdə tutulmamasıdır: “Gələn ilin büdcəsi cari ilin büdcəsindən rəqəmlər nöqteyi-nəzərindən fərqləndirici xüsusiyyətləri olduqca aşağı səviyyədədir. Azərbaycan büdcəsini həmişə sosialyönümlü xərclərin yüksək olduğu büdcə kimi xarakterizə edirlər. Növbəti ilin büdcəsi barədə də bu fikir qalır. Lakin gələn il üçün ölkədə sosial xərclərin artım səviyyəsi bu ilkindən daha aşağıdır. Məsələn, əmək haqqının artırılması üçün nəzərdə tutulan xərclər cari ilin xərclərindən xeyli aşağı bir məbləği əhatə edir. Bu isə o deməkdir ki, 2024-cü ildə əmək haqlarının artırılması istiqamətində əhəmiyyətli addım atılmayacaq. Görünür, inflyasiya və bahalaşma proseslərindən ehtiyat edir. Bu il inflyasiyanın sürəti azalsa da, hələ də ikirəqəmli həddədir. Gələn il də onun yüksək olacağı gözlənilir. Hökumət bu vəziyyətdə sosial və əmək haqqı xərclərində ciddi artımlara getməməyə üstünlük verir. Bu ilin yüksək inflyasiyası gələn il əmək pensiyalarının indeksasiyasında vətəndaşlar üçün daha əlverişli şərtlər formalaşdırır”.

Ekspert bildirir ki, büdcədə neft-qaz sektorundan daxilolmalar azalır: “Bu da ölkədə neft hasilatının azalması, qazın dünya bazar qiymətinin ucuzlaşması ilə bağlıdır. Hökumət bu azalmanı qeyri-neft sektorundan gəlirləri artırmaqla kompensasiya etməyə çalışır, lakin bütün itkini əvəzləmək mümkün deyil. Buna görə də Neft Fondundan büdcəyə transferti artırırlar ki, mən bunu büdcə layihəsində ən mənfi amil kimi qiymətləndirirəm. Ümid edək ki, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulandan yüksək olaraq qalacaq və nəticədə Neft Fondundan transfert də az olacaq. Hətta mümkündür ki, ilin ortasında dövlət büdcəsinə sosial istiqamətdə müəyyən artımları nəzərdə tutan dəyişikliklər də edilsin”.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclizdəki müzakirələr zamanı bildirib ki, hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.

Nazir qeyd edib ki, qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə divident ödənişinin edilməsini aşılamaqdır: “Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il holdinqə daxil olan 12 şirkətdən artıq 8-i divident ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin cəmi əməliyyat mənfəətliliyi artıq 15 milyard manatı keçib. Bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə divident ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də divident siyasətinin hazırlanmasını vacib hesab edirik. İnvestisiya Holdinqinin Müşahidə Şurasında baş nazirin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətlər həyata keçirilir”.

Maliyyə naziri Samir Şərifov isə mətbuata açıqlamasında dövlətin payı olan şirkətlərdən dividentlərin ödənməsi sahəsində yeni metodologiya işlənir və onun qəbulundan sonra bu sahədə aydınlıq daha da artacaq.

Hökumətin proqnozuna əsasən büdcə gəlirlərinin 5 milyard 675 milyon 600 min manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi təşkil edəcək. Bu, 2023-cü illə müqayisədə 1 milyard 802 milyon 500 min manat, yaxud 24 faiz azdır. 2023-cü ildə hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin 7 milyard 478 milyon 100 min manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, bu vergi növü üzrə gəlirin əsas hissəsi Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin ödənişlərindən formalaşır. Gələn ilin büdcəsi neftin 60 dollarlıq qiyməti əsasında proqnozlaşdırılıb. Lakin əksər beynəlxalq analitik mərkəzlərin proqnozları 80 dollardan yuxarı məbləği nəzərdə tutur. Bu isə o deməkdir ki, qeyd olunan gəlir mənbəyindən büdcəyə daxilolmalar gələn il proqnozdan azı 20 faiz artıq olacaq.

Gələn il gözlənilən daha bir yenilik dövlət satınalmaları ilə bağlıdır. Belə ki, 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni “Satınalmalar haqqında” Qanunun tələbləri əsasında aparılacaq. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib: “Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.

V.Gülməmmədov vurğulayıb ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: “Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir.

Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik".

Onun sözlərinə görə, satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir: “Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR