İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin yeni polis nəsli akademiyalarda yetişir...

Parlamentin üzvləri Daxili İşlər Nazirliyinin Polis Akademiyasını ziyarət ediblər.

Musavat.com xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc ziyarət zamanı göstərilən yüksək münasibətə görə parlament üzvləri adından öz təşəkkürlərini çatdırıb.

Zahid Orucun Polis Akademiyası ilə bağlı təəssüratlarını təqdim edirik:

“Daxili İşlər Nazirliyinin Polis Akademiyasını ziyarət edən parlament üzvlərinə göstərilən yüksək münasibətə görə nazir, general-polkovnik Vilayət Eyvazova xüsusi təşəkkürlərimizi bildirərkən, professional təqdimat verən rektorun, ona yardımçı olan müavinlərinin müqəddəs işləri yerinə yetirdiklərini, “dövləti universitetlər qurur” şüarının necə doğru olduğunu ümumləşmiş fikir kimi söyləməyi özümüzə borc bilirik.

Milli Məclisin plenar və komitə iclaslarında hüquq-mühafizə orqanları haqqında aparılan daimi diskussiyalara qısa sözardı olaraq, Vətən müharibəsində parlaq Qələbəmizdən sonra dövlətçiliyimizin hazırki mərhələsində önə çıxan bir ümumilli vəzifəni xüsusi vurğulamağa ehtiyac duyulur:”işğalı qalibiyyətlə əvəzləyəndən sonra Zəfər idarəçiliyi xalqın gözləntilərini doğrultmağın tərk şərtidir”.

Lakin keçdiyimiz yolu obyektiv qiymətləndirmədən hədəfləri düzgün müəyyənləşdirmək qeyri-mümkündür. Yaddaşları təzələmək, müxtəlif platformalarda aparılan diskussiyalara yön verməkdən ötrü Ulu öndərin “mövqe bildirin” çağırışı məhz indiki dövrdə aktuallıq kəsb edir.  

1918-ci ildə yaradılan, Cümhuriyyət və Sovetlər Birliyində-iki fərqli formasiyada şərəfli bir yol keçən Azərbaycan polisi xalqın içərisindən çıxıb, ona xidmət edib və taleyi həmişə xalqla bir olub. Əgər Ulu öndər Heydər Əliyevin millət quruculuğu siyasətində birinci yerdə böyük ziyalı təbəqəsini formalaşdırmaq ideyası dayanırdısa, tam qətiyyətlə demək olar ki, eyni sırada ordu və hüquq-mühafizə orqanlarının peşəkar nəslini yetişdirmək də müqəddəs vəzifələrdən birini təşkil edirdi.

Sovetlərin çöküşü ilə bütün hakimiyyət sistemi dərin böhranla üzləşəndə ölkəmizdə ən çox zərbə alan qüvvələrdən biri də  hüquq-mühafizə orqanları idi. Daxili qarşıdurmaların tərəfinə çevrilən impulsiv Polis naziri partiya başçısı kimi efirə hücum edir, sonra xarici siyasət açıqlamaları ilə Azərbaycana qarşı beynəlxalq təzyiqlərə yol açırdı.

Halbuki ərazi bütövlüyümüz uğrunda canından keçən  və ordumuzun bir parçasına çevrilən, hələ sovet milisi qiyafəsində düşmənlə savaşan oğullarımız şəhid olaraq, Silahlı qüvvələrimizin döyüşçüsü kimi mübarizənin ön cəbhəsindəydilər. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi xaqla birlikdə, dövləti və onun əsas sütunu olan polisi də xilas elədi.

Çoxları üçün belə ad dəyişikliyi Qərbdən gələn statusa mexaniki uyğunlaşma kimi görünə bilərdi, lakin daxili işlər orqanları mənəviyyat və əqidələrinə görə həmişə milli və dövlətçi olublar. Hüquq-mühafizə orqanlarına daim güvənən və on minlərlə vicdanlı, mətin, qətiyyətli, dözümlü, yüksək milli dəyərlərə malik daxili işlər elitasını formalaşdıran Ulu öndər 90-cı illər xaosundan, dövlət çevrilişi cəhdlərindən və xarici qəsdlərdən də milləti xilas edərkən də səngərdə sona qədər dayanacaq qüvvələrin kimlər olduğunu yaxşı bilirdi. Onlar Qarabağ savaşından, Vətənin parçalanması ilə ayrı düşən Naxçıvanın döyüş meydanlarından mətinliklə keçmişdilər.

90-cı illərin Azərbaycanında kövrək sabitliyi təhdid edən silahlı qruplar və hakimiyyət uğrunda mübarizə aparan hərbi müxalifət, xarici dövlətlərin etnik-milli zəmində separatizmi körükləyən antiAzərbaycan dairələri qarşısında da milli polisimiz ön sırada dayanırdı. Ona görə də 1-ci Qarabağ müharibəsindən qısa müddət sonra vətəndaş sülhü və ictimai təhlükəsizlik təmin oluna bildi.

2023-cü ildə Ulu öndərdən sonra “x günü”nə-millətimizin məchul gələcəyinə hazırlaşan, rəngli inqilablarla xaos ixrac edən mərkəzlər qaragüruhu meydanlara-dövlətlə toqquşmaya qaldıranda da güc strukturları tərəddüdsüz olaraq, əmimanlığı, ölkəmizin yenicə başlayan iqtisadi rifahını və beynəlxalq tərəfdaşlarımızla birlikdə gələcək Qələbəyə aparan yolu seçdilər. Məhz ona görə də İlham Əliyev prezidentliyinin ilk aylarında güclü xarici təzyiqlərə baxmayaraq, hakimiyyət orqanları içərisində xüsusi yer tutan polisi cəzalandırmağa, onları hüquq və demokratiya istismarçılarının linçinə vermədi.

İndi üstündən on illər keçəndən sonra da dövlətimizin və Qələbəmizin əleyhdarları həmin çıxışa istinad edib, siyasi sistemin xarakterini təhrif etməyə, müxtəlif epitetlərlə insanları çaşdırmağa və beynəlxalq hesabatlarda ölkəni “polis-xalq qarşıdurması”nda göstərməyə çalışırlar. Əgər xarici məsləhətçilərin, hüquq sümürücələrinin və üsul-idarə ixracatçılarının direktivlərinə əməl olunsaydı, ölkəmiz müasir Ukraynadan fərqlənməyəcəkdi.

Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbəmiz, daha sonra bütün azad torpaqlarda ilk təhlükəsizlik və komendat xidmətlərinin təşkili, son 3 ildə müqəddəs Şuşa  başda olmaqla ölkəmizin bütün ərazilərində dövlət strukturlarının, o cümlədən polis orqanlarının möhtəşəm inzibati binalarının yaradılması və yeni Vətən quruculuğu təkcə hüquq-mühafizə sistemininn deyil, bütövlükdə dövlətçiliyimizin qürurlu səlnaməsi, tükənməz nailiyyətidir.

Daxili İşlər orqanları üçün 104 ildir kadrlar hazırlayan Polis Akademiyası təkcə elm ocağı deyil, kişilik, mərdlik, ailə dəyərlərini özündə birləşdirən doğma evi, müasir çağırışlara və cinəyətkarlığın yeni növlərinə qarşı mübarizədə öndə gedən gənclər ordusunu zabit qüruru ilə formalaşdıran  mətinlik məktəbidir.

Daxili İşlər nazirliyinin Polis Akademiyası son iki ildə dünyanın bir çox aparıcı dövlətlərinin təhsil müəssisəslərindən daha müasir səviyyədə yenidən qurulub, minlərlə tələbəni öz qoynuna alan kampuslar, tədrisin elmi və texniki təchizatı, beynəlxalq əlaqələri və qabaqcıl təcrübi nailiyyətlərə əlçatanlığı müstəsna olaraq, millətimizin uğuru, gələcək peşəkar kadr korpusunun yaradılmasının başlıca təminatıdır. İnkişaf və dəyişikliklər məktəbsiz qeyri-mümkündür.

Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun tapşırığı ilə ölkəmiizn ən ucqar məktəblərində təhsil alan gəncləri həvəsləndirərək, maarifləndirərək, məqsədyönlü hazırlayaraq, nəhayət onların bəhrəsini görərək, ötən il minlərlə tələbə içərisindən seçilən kursantlar, onlara yüksək texnoloji qurğu və avadanlıqlar üzərindən müasir hüquq, kriminalistika və digər peşəkar ixtisasların, fənlərin öyrədilməsi, imtahanlarda insan amilinin aradan qaldırılması, şəffaflıq tədbirləri və DİN-valideyn-Akademiya üçbucağının yaradılması gələcəkdə hüquq-mühafizə orqanlarının yüksək mənəvi-elmi statusda milli həyata vəsiqə qazanmasına, idarəetmə elitasına çevrilməsinin bir nömrəli  təməlidir. İmtiyazlı dövr və zənginlər təbəqəsinin polis məktəblərinə rəqabətsiz daxil olması, himəyadarlıq əsaslı karyera pilləkənləri qapadılır, yeni sosial liftlər işə salınır. Yüksək bal toplayan tələbələri ali təhsil ocaqlarından birbaşa Sistemə gətirmək ənənələri daha da güclənir.

Rəqəmlər özü danışır. Əgər Polis Akademiyasına qəbul üçün müraciət edənlər 2023-cü ildə 4798 nəfər olmuşdusa, ötən il həmin say 6350-yə çatıb. Dinamika təkcə paytaxtda deyil, 78 faizi bölgələri əhatə edir. Hər bir öyrəncinin şəxsi, intellektual və digər yaradıcı keyfiyyələrinə dair məlumat bazasının yaradılması, təhsildə xüsusi fərqlənən tələbələrin analitik və dil bacarıqlarının inkişafına xüsusi şəraitin yaradılması qürurverici tədbirlərdir.

Akademiyanın sağlam professor-müəllim heyəti onun digər ali təhsil ocaqları ilə rəqabətdə üstünlüyüdür, minlərlə tələbəyə çoxəsrlik təcrübi bilikləri çatdırmaqla dövlətin və millətin ayrılmaz parçası olduqlarını sübutudur. Tədris prosesi ilə tanışlıq, atıcılıq kurslarının əyani nümayişi, sadə xalqın içərisindən çıxan və ona xidmət üçün hazırlanan, Qələbəmizi göz bəbəkləri kimi qoruyacaq bir nəsli qarşımıza çıxarır. Gerçəkdən də qürurlu səhnədir. Təəssüf ki, polis hazırlığı hər gün ekranlara daşına bilmir, çünki bir məxfi dövlət xidmətinə hazırlıq da oradan keçir, bütün simalar və üsulları göstərilə bilmir. O üzdən, yalnız neqativləri dağıdıcı sosial media platformalarına daşıyanların qarşısına da məhz o auditoriyalarda yetişən yeni gənc ordu çıxacaq. Təsadüfi deyil ki, ölkəmizdə keçirilən Qlobal İqlim Zirvəsində 400 yaxın kursant BMT- standart və tələbləri çərçivəsində yüz minlərlə xarici və ölkə vətəndaşlarına ləyaqatlə xidmət ediblər.

İnformasiya təhlükəsilziyi sahəsində yetişən kadrlar müasir dövrün tələbləri çərçivəsində vətəndaşların məruz qaldığı kibercinayətlərdən qorunması üçün dərin biliklər  alırlar. Akademiyanın elmi mühiti və simulyasiya kabinələri, on-line platorması, elektron kitabxanası və zəngin təcrübi irsi, o cümlədən, vətənpərvərlik tərbiyəsi, milli ideallara bağlılığı gerçəkdən də yeni polis nəslinin yetişdiirilməsinin parlaq səhifələridir. Müasir informasiya vasitələrində istənilən mənfi hadisəni tirajlayıb dövlətin və millətin mənafelərinə zidd, xüsusilə də xaos yayıcılarının şəbəkələşməsi belə bir aktual sual meydana çıxarır-7/24 rejimində ictimai təhlükəsizliyin keşiyində dayanan qüvvələrin fədakar əməyin qiymətləndirilməsi üçün tədbirlər yetlərlidirmi? Əsla xeyr. Kifayət deyil.

İstənilən qanunsuzluğa məruz qalan vətəndaş ilk növbədə, polis orqanlarına üz tutur. O zaman, indi müxtəlif təbliğat resurslarında aparılan gözdənsalma kampaniyalarının məqsədləri tam aydınlığı ilə üzə çıxır. Hüquqi nihilizm 90-cı illərin təkrarlamaq ssenarisidir. Avroparlamentin tətbiq etməyə çalışdığı adlı sanksiya da dövlətimizin qoruyucu zirehi olan qüvvələri birinci dalğada zərəsizləşdirmək ideyası təşkil edir.

Onların iradələri ziddinə dövlətimiz gələcəyinə investisiya qoyaraq, yetişdirdiyi, bütün xərclərini üzərinə götürürək formalaşdırdığı gənc polis ordusu qalib Azərbaycan dövlətinin keşiiyndə daha etibarlı duracaq, təhlükəsiz gələcəyimizin yüksək təminatı olacaqlar.

Prezidentin elan etdiyi, “Konstitusiya və Suverenlik ili” çərçivəsində Parlament hüquq və qanun quruculuğuna daha böyük töhfələr verməyə qərar alarkən, Azərbaycanın güc strukturları, məxfi xidmət orqanları və bütün hakimiyyət institutlarının  məhz Zəfər idealları ilə xalqımıza xidmət etdiklərinə yüksək inamını ifadə edirlər.

Ona görə də daxili işlər orqanlarının gələcəyinə böyük ümidlər verən təhsil çalışmalarına strateji qərarlar kimi baxır, elmi auditoriyalarda yüksək biliklər uğrunda çarpışan gənclərimizi “polis mundirli xüsusi təyinatlı qüvvələr” adlandırırıq.

Ən böyük Konstitusiya təkcə ali hüquqi aktlar deyil, həm də millətin gələcəyini formalaşdıran nəslin xidmət, intizam və davranış kodeksidir!

Nəsillərarası varisliyi qorumaqla hər birimiz gələcək hüquq-mühafizə orqanlarının yeni elitasını alqışlamalıyıq!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR