İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyə başağrısı...


Dünən Ümumdünya Qaçqınlar Günü idi. Qaçqınlıq, köçkünlük, didərginlik nədir? – biz bunu iliyinədək hiss edən xalqlardanıq.

Dünən ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmasının tezliklə baş verməsi çağrısına vurğu edib.

Dövlət katibi ilə Prezidentin dünənki telefon danışığında qarşıdan gələn COP29-a hazırlıq sürəcində ölkələrimizin səmərəli işbirliyinə də toxunulub. Əlbəttə, bu planda, iqlim dəyişikliyi və enerji sahəsində çoxillik uğurlu işbirliyi də unudulmayıb.

Nə xoş təsadüfdür: dünən həm də Azərbaycan Qaz Sənayesi İşçilərinin Peşə Bayramı Günüydü.
Məlumunuz: qaz – ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. 2024-cü təqvim ilini “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etmiş və COP29-un evsahibi Azərbaycan, iri qaz ehtiyatlarına malik olan ölkələrdəndir. Dövlətimizin enerji sahəsində məqsədyönlü fəaliyyəti ölkəmizi regional enerji mərkəzinə çevirib. Dünyanın ən zəngin qaz yataqlarından biri bizim “Şahdəniz”dir. “Güney Qaz Dəhlizi” ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində gerçəkliyə çevrilməyə başlayıb. Azərbaycandan başlayan yaxud keçən xətlər, yollar, dəhlizlər qardaş Türkiyəyə Gürcüstan üzərindən davam edir. Öz işğalçılıq gerizəkalılığı üzündən dalana düşmüş Ermənistan, qarşı dönəmdə Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsə, dalan oğlu dalan qalacaq. Hətta o statusda belə qala biləcəksə...

Budur, biz dünənə üç dəfə vurğu etdik – bu günü yazsaq, bu gün hərəkət etsək və gələcəyə getsək də, istinadgah dünəndir ki, dünəndir. Yalnız özümüzlə, sözümüzlə dünəndə qalmamalıyıq; necə deyərlər, deyilənlər, edilənlər funksional olmalıdır, yaşarılı olmalıdır.

Gəlin yaxın dünənə vurğulardan çıxış edərək, Ermənistanla mümkün sülh müqaviləsi məsələsinə toxunaq. Ümumdünya Qaçqınlar Günü deyirik; bəs bu qaçqınlığın son bulması üçün nə lazımdır? – onların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli qayıdışı! Azərbaycan dövləti, xalqı bununçün nə edə bilərsə, artıqlaması ilə edir. Lakin bizdən asılı olmayan məsələlər də var axı. Axı 1 milyon azərbaycanlını qaçqın-köçkün həyatına düçar edənlər, elə 1 milyon da mina basdırıb bizim torpaqlara... – O minaların tam xəritələrini vermirlər - 10 noyabr Üçtərəfli Bəyanatının 4-cü ildönümünə az qalıb, rəsmi İrəvan isə son və qəti addımı atmır ki atmır.

Yaxşı, o xəritələri gizlətməklə nəyi hədəfləyir, nə qazanır Ermənistan? –

Mina qurbanlarının sayı artsın?

Qaçqın-köçkünlərin qayıdışı ləngisin?

Kütləvi məzarlıqlar daha gec aşkarlansın?

Və yaxud daha nə?

Bəs bu bədniyyətliliklə Sülh müqaviləsi bir araya necə gələcək? Minalar üstündə Sülh olurmu? Üstəlik, Ermənistan azərbaycanlı əsir, girov və itkinlər haqqında yetərli bilgiləri də bölüşmür. Ermənistanın bu məzmunsuz, gərəksiz və perspektivsiz dirənişini, cığallığını ABŞ da bilir, Rusiya da, Fransa da (hələ başqaları da)...
Bu üç ölkənin adını birgə çəkmişkən, yenidən Blinken-Əliyev telefon danışığına diqqət edək. Rəsmi bilgidə oxuyuruq: “Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib”. Bax, bu fikrin alternativi varmı? – Əsla, yox! O zaman, sual yaranır – keçmiş həmsədrlər nə düşünür bəs? Keçmiş işğalçı mina xəritələrini verməsin, əsir, girov və itkinlər barədə bilgiləri bölüşməsin, keçmiş həmsədrlər də keçmiş olmaq istəməsin!?. – Belə olmur axı, olmur belə! Sonra da deyirlər tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırırıq. – Nəymiş, əfəndim? – illa tezliklə, illa! Tezliklə olmalıdırsa, olsun – sülhpərvər ölkə nə istər? – sülh istər, əlbəttə. Əlbəttə, sülhpərvərin sülh istəyi ədaləti, səmimiyyəti, işbirliyi ruhunu daşıyır - sülh qalıcı olmalıdır, ötəri yox. Əgər sülhün tezliklə imzalanmasında maraqlılar da ədalətdən yana olsalar (qalıcı sülhü tərcih etsələr) – no problem! Yoxsa, qərinələr öncə, İrəvanı “güzəşt”ə gedək – daha bizdən torpaq istəməsinlər və beynəlxalq birlik də müstəqilliyimizi tanısın, sonrasına baxarıq – deməklə olmur indi. Sonrası Zəngəzur əldən getdi, başqa olanlar oldu və bütün bunlar yetməzmiş kimi, bir də, 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Xankəndidə bədnam “miatsum” bağırtısı başladı... Biz bu acı “təcrübə”nin üzərindən tələsib, “tezliklə” deyib, gələcək nəsillərə yeni başağrısı “miras” qoya bilmərik.

Bəs bizi sülh müqaviləsinə tələsdirənlərin ədaləti unudub-unutmadığını necə bəlli etməli? – Bununçün yeni bir Amerika açmağa ehtiyac yoxdur, əslində. Əslində, bunun formulu da Azərbaycan Prezidentinin ABŞ Dövlət katibinə dediklərində mövcuddur. Rəsmi bilgidə oxuyuruq: “ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib”.

Bəli, budur, məsələ: sülhün tərəfi öz Əsas Qanununu sülhə kökləməlidir! Əksini düşünmək, keçmiş işğalçının ərazi iddialarına haqq qazandırmaq kimi alqılana bilər.

Regionda sülhün təmini üçün ilk addımı biz atmışıq. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Sülh müqaviləsinin baza prinsiplərini biz işləmişik. Yəni başımıza gətirilən danılmaz müsibətlərə baxmayaraq, gələcəyə baxmağın tərəfdarı biz olmuşuq, biz! İkitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəliləməsində töhfələri məhz biz vermişik.

Biz qalib ədası yox, qalib ləyaqəti göstəririk; ərdəm bizim xarakterimizdən, ruhumuzdan gəlir, o, bizimçün sonradan qazanılmış nəsnə deyildir... Hələ bir də, qarşı tərəf ərdəm kateqoriyasına heç can atmamış ola...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR