Onlayn ictimai-siyasi qəzet
Çörək var, çörək. İsti xərək çörəyi...
“Əvvəlcə rayondan gələn unu ələyirəm, sonra isə xəmir yoğururam. Xəmir acıyır, gecə saat 1-dən səhər saat 11-ə kimi bir-bir çörək bişirirəm. Onu da 1 manat 20 qəpiyə satıram”.
Tacirə Mirzəyeva əslən Lerikdən olsa da, 21 ildir ki, Sumqayıt şəhərində yaşayır. O, əmisi oğlu ilə ailəli olub, 1 oğul övladı var. Lakin 3 ildir ki, həyat yoldaşı onu tərk edib, başqa xanımla ailə qurub. Heç bir gəlir yeri olmayan 59 yaşlı qadın ərinin gedişindən sonra taleyin ümidinə qalıb və qərar verib ki, çörəyini elə çörəkdən çıxarsın. Beləliklə, o, gecələr çörək bişirir, gündüzlər isə onu bazarda satır.
“Sumqayıtda 18-ci mikrorayonda 11-ci sinif şagirdi olan oğlumla birlikdə kirayə qalıram, çörək satmağın hesabına dolanıram. Hə ay 170 manat kirayə haqqı ödəyirəm. Ərim bizi atıb gedib. İndiyə kimi heç yerdə işləməmişəm, evdar qadın olmuşam”, - Tacirə Mirzəyeva deyir.
Tacirə xanım nə sosial müavinət alır, nə də təqaüd. İndi onun yeganə ümidi qaz sobası və bu çörəklərdir.
“Çətindir, ayağımda da problem var. Bu səhhətlə həftə içi 13 ədəd bişirib marketlərə satıram. Həftə sonları isə 30-40 çörək hazırlayıb yarmarkada satmağa gətirirəm. Bu yolla kirayə pulumu çıxarıram. Gün ərzində 15 manat 60 qəpik pul qazanıram. Övladım əşyaları daşıyır. O olmasa, mən çörək bişirib sata bilmərəm. Bu ayaqla mənim üçün çətindir. Tezdən 8-dən bazara gəlib satıb sonra evə gedirəm”, - Tacirə Mirzəyeva bildirir.
O qeyd edir ki, ailədə 7 uşaq - 5 bacı, 2 qardaş olublar. Yaxın qohumlarının hamısı Lerikdə yaşayır. Ailəsi çox imkansız olduğuna görə məktəbə getməyib:
“Qohumlarım rayondadır. Həyat yoldaşımın isə harada olduğunu bilmirəm. İndi başqasını alıb. Aliment pulunu da vermir. Qardaşlarım da dolanmağa kömək edirlər.
Allah alıcıların köməyi olsun. Onların hesabına dolanıram. Pensiya almağı, evimin olmasını istəyirəm, kirayəni güclə çatdırıram. Şəraitim yoxdur. Qazın üstə çörək bişirirəm. O qədər əlim, sifətim yanıb ki...”
Tacirə xanımın yanan əlləri, siması onun əziyyətli günlərinin bəlkə də yeganə şahididir. Onun gələcəklə bağlı tək ümidi isə təqaüd, sosial müavinət alacağı gündür.
Şahanə Rəhimli
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ