İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupunun növbəti iclası Füzuli rayonunda keçirilib.

Musavat.com xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında baş tutan iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və perspektivlərlə bağlı aidiyyəti qurumların hesabatları dinlənilib.

İclası giriş sözü ilə açan İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC-lər üzrə nəqliyyat və rabitə sahəsinə aid ümumilikdə 66 tədbir müəyyən olunub. Bu qurum həmin tədbirlərin 46-da əsas, 20-sində isə digər icraçı kimi iştirak edir.

Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb ki, bunlardan artıq bir neçəsinin - “Zəfər Yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının tikintisi uğurla icra olunub. Eyni zamanda, bildirib ki, Laçın Hava Limanının plan-sxemləri hazırlanıb. Hazırda uçuş-enmə zolağının, sükan yolunun, perronun, terminal və köməkçi binaların tikintisi məqsədilə yararsız torpağın qazılması işləri aparılır.

Bərdə-Ağdam dəmir yolu xəttinin (47,1 km) təmir-bərpası üzrə işlər iki mərhələdə davam etdirilir. Layihə üzrə əldə edilmiş fiziki tərəqqi 66 faiz təşkil edir. Layihənin I hissəsinin (Bərdə-Təzəkənd-20,78 km) 80 faizi, II hissəsinin (Təzəkənd-Ağdam-26,32 km) 67 faizi icra edilib. Horadiz-Ağbənd dəmir yolu xəttinin (110,4 km) tikintisi işləri üç mərhələdə davam edir. Layihə üzrə əldə edilmiş fiziki tərəqqi 38 faiz təşkil edir. Layihənin I hissəsi - Horadiz-Soltanlı (30 km) üzrə görülən işlər 89 faiz, II hissəsi Soltanlı-Mincivan (55 km) üzrə görülən işlər 33 faiz, III hissəsi Mincivan-Ağbənd (25,4 km) üzrə görülən işlər 3 faiz təşkil edir.

Hazırda ümumi uzunluğu 2122,5 kilometr olan 18 layihə üzrə avtomobil yollarının tikintisi işləri qrafikə uyğun aparılır və bunların da əksəriyyəti respublika əhəmiyyətli yollardır. Bu xüsusda Əhmədbəyli-Füzuli-Şuşa 4-6 zolaqlı alternativ yolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Ağdam-Füzuli, Laçın-Kəlbəcər, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut və s. avtomobil yollarını qeyd etmək olar. Dövlət Proqramına uyğun olaraq, bu layihələrin əksər hissəsinin 2023-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımının təşkili üçün 6 Radio Televiziya Yayım Stansiyası fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə hazırda 11 televiziya və 7 radio proqramının yayımı həyata keçirilir. Əlavə yayım stansiyalarının tikintisi işləri isə razılaşdırılmış plana uyğun yerinə yetiriləcək.

Hazırkı dövrədək istismar edilən 747 ədəd radio-elektron vasitə dövlət qeydiyyatına alınıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə 97-si “Azercell”, 106-sı “Azerfon-Bakcell” olmaqla, ümumilikdə 203 baza stansiyası fəaliyyət göstərir. Mobil rabitənin əhatə dairəsinin artırılması üzrə işlər davam etdirilir. Bununla yanaşı, Şuşa, Ağdam, Zəngilan, Laçın, Tərtər rayonlarının bəzi ərazilərində Baş planlara və tələbata uyğun olaraq sabit telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması işləri davam etdirilir, əhali və qeyri-əhali abunəçiləri telefon və internet xidmətləri ilə təmin edilir.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçinin digər iştirakçılar çıxışlarında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Əhmədbəyli-Füzuli-Şuşa 4-6 zolaqlı avtomobil yoluna, yol boyu inşa edilən bəzi viaduklara, cari ildə tikintisi başa çatacaq Füzuli-Hadrut avtomobil yoluna, Horadiz-Ağbənd dəmiryolu xəttinin Soltanlı stansiyası ərazisinə, mobil rabitə operatorların bəzi radiobaza stansiyalarına baxış keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR