Onlayn ictimai-siyasi qəzet
Türkiyənin iki ən güclü futbol komandasının öz aralarındakı matçı öz ölkələrində stadion yoxmuş kimi, gedib Səudiyyə Ərəbistanında oynamağa təşəbbüs etməsi əzəl başdan səhv idi və bu yanlışın müəllifi Türkiyə Futbol Federasiyasıdır.
Əlbəttə, bu oyunun 100-dən artıq əlverişli stadionu olan Türkiyədə yox, ər-Riyadın "Riyadh Season" stadionunda keçirilməsinin qərara alınması siyasi qərar idi. Görünür, Ankara bu yolla son illər münasibətləri soyumuş iki ölkənin – Türkiyə və Səudiyyə Ərəbistanının arasını isitmək məqsədi güdürdü.
Fəqət belə anlaşılır ki, nə siyasilər, nə də qardaş ölkənin futbol təsərrüfatının böyükləri kiminlə iş tutduqlarını bilməyiblər. Halbuki dünyada Səudiiyyə Ərəbistanı dövlətinin rəhbərlərinin düşüncəsini ən yaxşı məhz Anadolu türkləri bilməliydilər. Ortada 1400 illik qonşuluq, 400 illik birgəyaşayış dönəmləri olub.
Bir çox incəliklər nəzərə alınmadığına görə sonda belə bir rəzalət yaşandı: Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasında Superkubok finalı ləğv edildi, komandalar İstanbula dönəsi oldular.
Bu rəzalət və hörmətsizliyin səbəbi isə çox bəsitdir. Başqa heç bir ölkədə buna yol verməzdilər ki, dünyanın ən prinsipial derbisini oynamaq üçün ölkəyə qonaq gəlmiş iki məşhur komanda yaşıl meydana, matça çıxmadan geri qayıtsın.
Ancaq ərəblər hesab ediblər ki, əzəli rəqiblərin prinsipial oyunundan daha prinsipial məsələlər var: stadionda Atatürkə aid transparant olmamalıdır, Türkiyənin milli marşı səslənməməlidir, Türkiyə bayrağı qaldırılmamalıdır, futbolçuların köynəklərində “Atatürk” yazısı yer almamalıdır və s.
Nəyə görə? 90+ dəqiqə boyunca meydanda qaçıb, mübarizə aparıb, bir-birilə çarpışıb tər tökən, tamaşaçılara zövq verən bu 22 adam əsirdir, kölədir, nədir? Bunlar meydanda qladiator savaşına çıxmalıdırlar ki, şahzadələr, şeyxlər və onların əshabələri zövq alsınlar, amma özlərinin adi bir istəyi nəzərə alınmasın?
Atatürk Səudiyyə ərəblərinə nə edib? Axtarsan, Mustafa Kamal paşanın ərəblərə daha çox yaxşılığı dəyib. Ən azı Osmanlı imperiyasının, xilafətin ləğvi, ərəb dövlətlərinin yaranması, ilk olaraq Ankara tərəfindən tanınması Atatürkün yadellilərə, eləcə də səltənətə qarşı apardığı mübarizədən sonra mümkün olub.
Ancaq belə görünür ki, Səudiyyə ərəbləri, eləcə də digər ərəb dövlətləri hələ də 400 il boyunca Osmanlı təbəəsi olmalarını unutmayıblar və onun kinini yaşadırlar.
Düzdür, istənilən müstəmləkə ölkəsi öz metropoliyasından incik olur, amma Osmanlı imperiyasının uzun əsrlər boyunca ərəb tayfalarını səlib (xaçlı) yürüşlərindən, başqa sözlə genosiddən, daha pis əsarətdən qoruduğu faktdır. İslam dinini əsrlərlə türkləri qoruyub bu günlərə gətirib, çıxarıb. Yoxsa qılıncının qəbzəsi əlinə rahat gələn Avropa dövlətləri, nağıllarda deyildiyi kimi, altdan geyinib, üstdən qıfıllanır, üstdən geyinib, altdan qıfıllanır və “kafirləri məhv etmək üçün” ərəb qəbilələrin üstünə gəlirdilər. Onlarla döyüşdə on minlərlə türk əsgəri həlak olub.
100-110 il öncə Yaxın Şərqdə, Anadoluda baş verən hadisələri isə hamı bilir. İngiltərə, Fransa, Yunanıstan, Rusiya, Avstraliya, İtaliya birləşiblər, öz nizami orduları, donanmalarıyla, bir də ərəblərin gerilla müharibəsi aparmasını təşkil etməklə Osmanlı imperiyasını çökdürüblər.
Bu rəzalətin yaşanmasında 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş verən hadisənin – jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinin və rəsmi Ankaranın bu hadisənin davaçısı rolunda çıxış etməsinin də rolu ola bilər. O zaman iki dövlətin arası son dərəcə pisləşmişdi. Görünür, o inciklik hələ də unudulmayıb.
Hər halda, “futbol diplomatiyası” bu dəfə fayda yox, zərər verdi. İndi milyonlarla futbol azarkeşi, eləcə də ictimai-siyasi fəal ər-Riyadda keçirilməsi nəzərdə tutulan matçın ləğv olunmasına görə hiddətlidir və onlar hesab edirlər ki, Səudiyyə dövləti bununla Türkiyəyə hörmətsizlik edib.
Ayrıca, Atatürkün məşhur “Yurdda sülh, dünyada sülh” şüarını Səud ailəsinin yasaqlamasına gəlincə, əslində, bu, dünyanın bütün ölkələrinin şüarı olmalıdır.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ