Onlayn ictimai-siyasi qəzet
Nə Ermənistan ciddi dövlət, onun rəhbərləri ağıllı dövlət adamlarıdır. Bəlkə də qəribə səslənə bilər, necə ciddi dövlət deyil ki, 30 ilə yaxın ərazilərimizi işğal altında saxlamışdılar, haqsız və işğalçı olmağına rəğmən güclü dəstəkçiləri vardı, özlərini Qafqazda az qala “bespredel” kimi aparırdılar. Səbəbini deyim. Ona görə Ermənistan ciddi dövlət kimi görünürdü, ona görə “lotu”luq edirdi ki, bölgədə ona Rusiya kimi “yol verən”, arxasında dayanan vardı. Rusiya çəkilən kimi Ermənistan çökdü, o iti dili topuq vurmağa, dövlət kimi ləngərləməyə başladı, ordusunun fərasətsizliyi ortaya çıxdı. Beləsinə həm də “fuflo” deyirlər. Ermənistan bütün əlamətləri, tarxi keçmişi ilə “fuflo” dövlətdir...
Rusiya niyə onun arxasından qaçdı, niyə umduqları dəstəyi verməyib umusuq etdilər, o da bir başqa hekayədir. Köçəryan və Sərkisyan dövlət tərbiyəsi görməmişdilər, küçə uşaqları idilər, erkən yaşlarından qumarbaz olmuşdular, müharibə başlayanda isə qaçaq-quldurluq etdilər,o dalğada da Ermənistanda hakimiyyətə gəldilər, həm də Rusiyanın birbaşa xeyir-duası ilə. Rusiya hakimiyyəti ilə anlaşma illərlə Qarabağda “status-kvo”nu qüvvədə saxladı, mənasız danışıqlar uzandıqca uzandı... “Qarabağ klanı” Ermənistanı sümürdü, rüvşət, reket, quldurluq dövlət səviyyəsində leqallaşdı. “Qarabağ klanı”nın başı pul yığmağa elə qarışmışdı ki, ordu yaddan çıxmışdı, arxayınlaşmışdılar, bir tərəfdən də Qərb təşkilatları(sorosçular)ən müxtəlif adlarla İrəvana və bölgələrə yerləşmişdilər. Ermənilər bu “gəlmə”, “yadedlli” dediklərindən nəhayət bezdilər, 2018-ci ilin mayında klanın hakimiyyətinə son qoyuldu. Amma bu, Rusiyanın nəzarəti altında olmayan proses idi, Paşinyanın küçə inqilabı Qərbin hazırlanmış ssenarisi idi.
Ermənistandan əvvəl bunu Gürcüstanda, sonra isə Azərbaycanda da bunu etməyə çalışmışdılar, kafalarında Cənubi Qafqazda özlərinin marionet hakimiyyətlərini yaratmaq, sonra Rusiyaya qarşı qaldırmaq planları qurmuşdular. Azərbayacan bu tələlərə düşmədi, Gürcüstan gec də olsa ayıldı, Ermənistan isə ən zəif bənd olduğu üçün “tələdəki pendirə” həvəsləndi. Qafqaz ermənisi xaraktercə, beyincə heç vaxt avropaid tipi olmayıb, o səbəbdən hansı dildə danışmaqlarından asılı olmayaraq erməni olduqları tez sezilir. Ermənilərin guya ölkələrində qayda-qanun, nə bilim, demokratiya düşgünü(Ermənistandakı ABŞ səfiri deyəsən, “demokratiya güzgüsü” demişdi) olduqları haqda deyilənlərə inanmayın. Ermənilər tarixən həmişə xaosdan qidalanan xalq olublar, bizim torpaqları da Azərbaycandakı xaosu fürsət bilib işğal etmədilərmi?
Paşinyanın Qərbin “torbasına düşməsi” o demək deyildi ki, bizim maraqlarımıza uyğun davranacaqdılar, əksinə, başına “dəmir yumruq” dəyməyənə kimi ağıllanmadı. Çünki Qərbdən aldığı sifariş də belə idi ki, Azərbaycanı təzyiq altında saxlamaq üçün torpaqları işğalı uzatmaq, Qarabağdakı qondarma rejimi isə hər tərəfli bəsləmək lazımdır. Bu məsələdə Qərblə Rusiyanın maraqları haradasa üst-üstə düşürdü, ona görə Moskva Paşinyanı hələ “öyrənməyə”, ona “dəyməməyə” çalışırdı. Amma tezliklə gördülər ki, Paşinyan daha nəzarətdən çıxır, Moskvadan çox Fransaya gedir, oradan tapşırıqlar alır. “Qarabağ Ermənistandır və nöqtə!” Rusiyanın Paşinyana verdiyi sərsəmləmə deyildi, onu səsləndirmək sifarişini bəlkə də birbaşa Makrondan almışdı. Paşinyanın sonrakı addımları, Rusiyanı və KTMT-ni az qala şantajla Azərbaycana qarşı müharibəyə cəlb etmək də Qərbin planın bir hissəsi idi. Bilirdilər ki, Rusiya bu avantüraya getməyəcək, nəticədə Moskva-İrəvan arasında çat yaranacaq. Rusiyaya Qarabağda “status-kvo”nu saxlamaq sərf edirdi, amma bunu Azərbaycana qarşı müharibə etməklə istəmirdi. Paşinyanın məqsədləri aydın olduqca, Moskva ilə araməsafəsi artdı. Təcrübəli Putin ondan yaşca kiçik olan Paşinyanla dəfələrlə görüşdü, sonda onun gönüqalın erməni tipini anladı. Qarabağ savaşında Rusiya aktiv erməni dəstəyi yolunu tutmadı. Ermənistan ordusu haqda mif sabun köpüyü kimi partladı. Hekayənin qısa məzmunu bu...
Paşinyanın “Yeni Ermənistan” quracağının röya olduğu haqda dəfələrlə yazmışam. Ermənilərin gürcülərin yarısı qədər potensialı yoxdur, nə ölkə, nə intellekt, nə iqtisadi baxımdan müqayisə oluna bilməzlər . Bəli, biznesdə bacarıqları var, ölkəyə pul gətirə bilərlər. Amma Ermənistanın guya yunan Kipri tipli dövlətə, “Qafqazın İsveçi”nə çevrilə biləcəyi haqda deyilənlər uydurmadır, nağıldır. Ermənilər nağıla tez inanırlar, necə ki, ikinci erməni dövləti, dənizdən-dənizə “Böyük Ermənistan” nağılları ilə neçə onilliklərini bada verdilər, indi əllərində bir çürük Ermənistan qalıb.
Zəngəzuru indi az qala Yerusəlim elan ediblər. Gah dedilər dəhliz deyil, gah dedilər Azərbaycan hərbi yolla oranı ələ keçirmək istəyir. Ağıllı ölkə rəhbəri başa düşərdi ki, bu Ermənistanın bəlkə də özünü dolandırmaq, ayaqda durmaq üçün son şansıdır.
Rusiyanın Ermənistanla bağlı planları nədir, bunu bilmək olmaz. Ermənistan əvvəl Rusiyaya arxayın olub ətrafına dil uzadırdı, indi Amerikaya, Fransaya. Bu yol Ermənistanı hansı cəhənnəmə aparacaq, bizim üçün o qədər də əhəmiyyətli deyil. Sülh sazişini Qərb ləngidir, ləngidəcəklər də.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovun “Facebook səhifəsində maraqlı status yazıb. Şarmazanov Paşinyanı “dövlətçilik üçün ölümcül ola biləcək epidemiya” hesab edir və yazır: “44 günlük müharibədən sonra da Nikolu seçəndə müttəfiqləri, tərəfdaşları və hətta düşmənləri təəccübləndirərək evimizi öz əllərimizlə dağıtdıq. Qərb Əliyevi etibarlı tərəfdaş hesab edir və Rusiya və İran onunla uzunmüddətli əməkdaşlıq strategiyası hazırlayır. Ermənistan haradadır? Nikolizm, insanlar üçün çirkab suların istifadəsi(kanalaziyasiya-N.S) kimi bir dövlət üçün ölümcül ola biləcək epidemiyadır”.
Daha bir maraqlı fakt. Noyabrın 8-də MDB Təhlükəsizlik Şuraları katiblərinin illik iclasında Ermənistanı Rusiyadakı səfir Vaqarşak Arutyunyan təmsil edib, Qriqoryan tədbirə gəlməyib. Kremlə yaxın media yazır ki, daha Moskvanın Ermənistana heç bir güvən qalmayıb. Çünki Ermənistan rəhbərliyi MDB, KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında təhlükəsizlik və qarşılıqlı fəaliyyətlə bağlı çox məxfi məlumatları Qərbdəki dostlarına sızdırdığı haqda dəfələrlə Moskvaya siqnallar gəlib. Ermənistan rəhbərliyinin bu hərəkətinin də adı var, daha onu yazmıram...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ