İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX zabitinin Bakıdakı "razborka"sının şahidləri danışdı - rus dilində söyüş səsləri eşidildi...

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş "Günay Bank"dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Konstantin Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub.

İttihama görə görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeri Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir.

Valeri Zaxarenkonun rəhbərlik etdiyi “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb.

Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb. Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.

Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir.

Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Şahid Səbinə Məmmədzadə mübahisə baş vermiş şirkətdə insan resursları mütəxəssis vəzifəsində çalışıb. O, bildirib ki, hadisə baş verən gün qeydiyyat masasında işçi olmadığından qonaq otağını hazırlatmalı olub.

"Qonaqlar otağa təzə keçmişdi ki, nalayiq ifadələr eşidildi. İşlədiyim şirkətdə hələ belə bir şey olmamışdı. Daha sonra qonaqlar oranı tərk etdilər. Otaqda işıqları söndürüb, işimizə davam etdik", - deyə şahid bildirib.

Deyib ki, hadisə baş verən yerdə kimin söyüş söydüyünü müəyyən edə bilməyib:

"Görüş olan otaq Konstantin Kuçerin otağı idi. Bu mübahisə çox çəkmədi. Qonaqlar içəri keçəndə görməmişdim. Sonra Füzuli Musayevi gördüm. Qonaqlar getdikdən sonra həmin otaqda mübahisə olmasını əsaslandıran bir şeylə qarşılaşmadıq. Qonaqlar arasında mübahisə olanda Konstantin Kuçerin səsini eşitmədim".

Şahid qismində dindirilən Əhmədova bildirib ki, şirkətdə logistika sahəsi üzrə çalışıb və hadisə baş verən gün kabinetində olub:

"Otaqlar arasında şüşəli arakəsmə var idi. Bir neçə nəfərin müdirin otağına girdiyini gördüm. Bir müddət sonra onlar söyüş söyə-söyə çıxdılar. Onlar çıxanda üzlərində hər hansı bir xəsarət izi yox idi. Sözügedən şirkətlərlə müqavilə mən gəlməmişdən əvvəl bağlanıb".

Şahid Elnarə Cəbiyeva deyib ki, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb:

"Hadisə olan gün işdə idim. Qonaqlar gələndə iclas otağına keçdilər. Təxmini 10-15 dəqiqə sonra rus dilində söyüş səsləri eşidildi. Söyüş səsləri qonaqların səslərinə oxşayırdı. Daha sonra onlardan 3 nəfəri çıxıb getdilər. Həmin şəxslərin xəsarət alması ilə əlaqədar hər hansı bir iz görmədim".

Şahidin sözlərinə görə, "Aviazapchast" ASC və "Promyshlennye Postavki Kazakhstan" MMC ilə müqavilələrdən xəbərdardır:

"Bu şirkətlərlə müqavilələri baş direktorun göstərişi ilə etmişəm. Həmin şirkətlərdən gələn böyük məbləğlər, əsasən "Günay Bank"a köçürülüb. BTB-yə isə təqribi 500 mindən çox avro köçürülüb. Hazırda şirkət fəaliyyətini dayandırıb. Həmin şirkətlərlə kommersiya şərtləri barədə danışıqları mən aparmamışam. Sadəcə sənədləşmə işlərini aparırdım. Müqavilənin şərtləri barədə göstərişləri Konstantin Kuçer vermişdi".

İttihama görə, zərərçəkən kimi tanınan Valeri Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeri Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

Oleq Bakinski, Konstantin Kuçer və Valeri Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkova xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar. Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR