İnsanlara hürriyət, millətlərə istiqlal!

“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar

Deputatın fikrincə, Qərb proksi qurumlarını daha aktiv formada cəlb etməklə gərginlik yaratmaqda israrlıdır

“Freedom House” insan haqları təşkilatı “İnternet azadlığı 2024" adlı hesabatını açıqlayıb. Hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-də isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr azad, 69-40 xal qismən azad, 39-0 xal yığanlar isə qeyri-azad ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

“Turan”ın məlumatına görə, Azərbaycan 34 xalla yenə “qeyri-azad” ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib. Azərbaycanın qonşularından Rusiya, Türkiyə, İran “qeyri-azad” ölkələr sırasındadır. Gürcüstan və Ermənistan isə 74 xalla “azad” ölkələr kateqoriyasına salınıb.

“Freedom House” son prezident seçkisini də kölgələməyə çalışıb, guya seçki müşahidə missiyalarının dövlət hesabına maliyyələşdirildiyini iddia edib.

Deputat Bəhruz Məhərrəmov qeyd etdi ki, ABŞ imperializmi üçün reallıqlar yox, özünün maraqları önəmlidir: “ABŞ Dövlət Departamentinin marionet təsisatı olan, "demokratiya, siyasi azadlıqlar, insan hüquqları və onların müdafiəsi" ilə məşğul olduğunu iddia edən “Freedom House”un “İnternet azadlığı 2024" adlı hesabatında Azərbaycanın 34 xalla yenə "qeyri-azad", Ermənistan isə 74 xalla “azad” ölkələr kateqoriyasına salınması, habelə qərəzli hesabatda Azərbaycanda son prezident seçkisini kölgələməyə çalışmasının məqsədi aydındır və bizim üçün artıq təəccüblü deyil. Görünən odur ki, imperialist niyyətlər naminə ayırıcı xətlərin daha da dərinləşməsi prosesini intensivləşdirən kollektiv Qərb, gözlənildiyi kimi, bu prosesə özünün proksi qurumlarını daha aktiv formada cəlb etməkdə və Cənubi Qafqazda situasiyanın gərginləşməsində israrlıdır.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov 

Bildiyiniz kimi, Prezident İlham Əliyev hələ 2023-cü il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində “Freedom House” və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdi ki, “Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".

“Freedom House”un saxta cədvəlində Azərbaycanı faktiki olaraq internetin, sosial şəbəkələrin, alternativ medianın qadağan edildiyi ölkələrlə bərabər sırada göstərməsi sübut edir ki, ABŞ imperializmi üçün reallıqlar yox, özünün maraqları önəmlidir. Qərb üçün demokratik ölkə “sözəbaxan” ölkədir. Bu mənada, biz artıq şahidlik edirik ki, dünyanın “bizdən və bizdən olmayan” bloklarına bölünməsi, ayrı-seçkilik və sıfır tolerans, o cümlədən nifrət dili təşviq edilməsi artıq açıq formada həyata keçirilir, sülh və sabitliyə ehtiyac duyulduğu bir dövrdə qarşılıqlı anlaşma rədd edilir".

Deputatın sözlərinə görə, adıçəkilən reytinqdə Azərbaycana münasibətdə qarayaxmanın və beynəlxalq hüquqa zidd davranışların da kökündə dayanan amillər bizə bəllidir: “Azərbaycan Prezidentinin "China Global Television Network" televiziya kanalında müsahibəsində qeyd etdiyi kimi, “əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir”. Təbii ki, bu, marionet iqtidarlar axtarışında olan, yaxud milli iradəni kukla rejimlərlə əvəzləməyi hədəfləyən Qərb üçün sərfəli deyil. Bu mənada, ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid etməsi birmənalı şəkildə Qərb üçün sərfəli olmayan status-kvonu dəyişməyə hesablanılan səlib yürüşünün müasir forması hesab olunmalıdır. Bu bir daha sübut edir ki, “Freedom House”un sahibi qismində çıxış edən və “demokratiya” “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir.

“Freedom House”un bu prosesdə xüsusi aktivlik etməsinin digər səbəbi bu təsisatda daşnakların kök salmasıdır. Vitse-prezident Anni Boyacıyan, o cümlədən idarəçilikdə rol alan Şaron Nazaryan kimi çoxsaylı radikal erməni funksionerlərinin mövcudluğu “Freedom House”u insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə radikal millətçi-terrorçu təəssübkeşinə çevirir. Ümumiyyətlə, sirr deyil ki, böyük əksəriyyəti terror birləşmələrinin üzvü olan erməni lobbisinin kollektiv Qərbin anti-Azərbaycan mövqe tutan ölkələrində böyük infrastruktura malik olması, siyasətçiləri ələ alması, özlərinin parlamentə, mətbuata və hökumət orqanlarına yol tapmaları bir çox hallarda azərbaycanofobiya mühitinin yaradılması üçün əsas ola bilir. Lakin möhtərəm cənab Prezidentin müzəffər Ali Baş Komandanlığında Azərbaycanın regionda yaratdığı hərbi-siyasi reallıq, o cümlədən beynəlxalq müstəvidə əldə olunan uğurlar, qlobal platformalarda aydın üstünlüyümüz bu kimi hesabatların qarşısına qoyduğu məqsədləri tam şəkildə neytrallaşdırmağa, əksinə, həmin güclərin özlərinin ifşasına gətirib çıxarır".

Niyameddin 11.jpeg (96 KB)

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bu hesabatın gülüş doğurduğunu bildirdi: ""Freedom House" və bu kimi təşkilatları Qərb və Amerika bir sıra ölkələrə təzyiq etmək üçün yaradıblar. Əllərində bir vasitə rolunu oynayır. Bu təşkilatları güc mərkəzləri idarə edir. Bu təşkilatın Azərbaycanla bağlı bütün bəyanatları sifarişli və qərəzli olub. Azərbaycanda internetin azad olmaması ilə bağlı verdiyi hesabat həm də gülüş doğurmaya bilməz. Əhalimiz 10 milyondan artıqdır və rəsmi məlumatımızda 9 milyon insan internet istifadəçisidir. Bunu biz özümüz də görə bilirik. Sosial şəbəkə platformasında tək TikTok istifadəçilərin sayı 8 milyonu keçib. İstənilən şəxs sərbəst şəkildə bir neçə manat ödəməklə internet istifadəçisinə çevrilə bilir. Artıq neçənci dəfədir ki, bu təşkilat Azərbaycanı “qeyri-azad” ölkələr sırasında yazır. Sizin sadaladığınız ölkələrə diqqət edin. Azərbaycan, Türkiyə, Rusiya və s. Bu ölkələrin hər biri ilə bu gün Amerikanın problemləri var. ABŞ bu ölkələrə təzyiq edir və ya sanksiya tətbiq edir, yaxud da sanksiyalarla hədələyir. COP29 ərəfəsində bütün gücləri ilə Azərbaycanı hədəfə alıblar. ABŞ Konqresinin bir qrup üzvlərinin müraciəti və digər hesabatlar təsadüfi deyil. Bütün bunları ABŞ Qarabağdan çıxan ermənilərin geri qaytarılması üçün edir. Çox yaxşı bilirlər ki, Qarabağdan çıxan ermənilər Ermənistanda və digər ölkələrdə məskunlaşırlar və bundan sonra onların Qarabağa qaytarılması çox çətin olacaq. ABŞ erməniləri geri qaytarmaqla daim Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Təşkilatın Ermənistanla bağlı “azad ölkə” adlandırması cəfəngiyyatdır. Paşinyan hakimiyyətə gələndən sonra qisasçılıq zəminində bir sıra generallar, deputatlar həbs olunub, o cümlədən də keçmiş prezident Köçəryan həbs olunmuşdu. Budur “azad” ölkə? Amerikanın özündə prezident seçkisində namizədlər milyonlarla dollar vəsait xərcləyirlər. Seçki ilə bağlı dövlətin xərclədiyini də qeyd edirəm. Son 200 illik tariximizdə Azərbaycanın suverenliyini tam bərpa edən Ali Baş Komandan İlham Əliyevə xalqımız yenidən etimad göstərərək prezident seçib. Seçkiyə kölgə salmağa cəhd etməkdən başqa ad vermək olmur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR