İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Ermənistana hücum silahları - Tiflis üzərindən...

Hərbi texnika Gürcüstan ərazisindən daşınmağa başlayıb, rəsmi Bakıdan Parisə sərt təpki var; “Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib” - politoloq

Fransanın Ermənistan üçün göndərdiyi hərbi texnika Gürcüstan üzərindən daşınmağa başlayıb. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Caliber.az saytı məlumat yayıb. Bildirilir ki, “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli fransız zirehli maşınları Poti limanına göndərilib.

“Bastion” üçün komponentlər də göndərilib. Göndərən Fransanın ARQUUS şirkətidir. Sayt daşınma ilə bağlı video-görüntü də əlavə edib. Azərbaycanın strateji tərəfdaşı sayılan Gürcüstan nə 44 günlük müharibə zamanı, nə də ondan sonra uzun müddət öz ərazisindən Ermənistana silah-sursat daşınmasına imkan verib. Bir neçə gün öncə isə baş nazir İrakli Qaribaşvili Parisdə, Sülh Konfransı çərçivəsində bəyan elədi ki, “Azərbaycan-Ermənistan münaqişəsində Gürcüstan tərəf tuta bilməz, çünki hər iki tərəflə dostluq münasibətindədir”. İndi nə oldu bəs? Tiflis silah daşınmasına niyə şərait yaradır? Maraqlıdır ki, xəbər məhz Qaribaşvili Fransada olarkən və Nikol Paşinyan Makronla görüşəndən sonra yayılıb. Təsadüfdürmü? Daha bir sual: bu fakt Tiflisin ən neytral vasitəçi imicini dəfn edə bilərmi?  

Artıq məsələyə rəsmi Bakı reaksiya verib. “Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destruktiv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə belə deyib. “Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar”, - o deyib. XİN rəsmisi Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyib. O qeyd edib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destruktiv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla - Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi: “Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. Demək, Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb. Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, "Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə, hərbi texnikanın keçidinə şərait yaratmalısan". Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki Gürcüstanın Ermənistana hədiyyəsini gərək unutmayaq".

İran hakimiyyəti siyasətində dönüş edə bilər

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin proqnozlarına görə, Fransadan Ermənistana verilən silahlar poliqonda deyil, Azərbaycana qarşı istifadə ediləcək: “Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə aqressiv ritorikanı davam etdirir. Qərbin regionda anti-Rusiya siyasəti və Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiyada geosiyasi əhəmiyyətini artırması, Qərbin Paşinyana siyasi dəstək verməsi ilə nəticələnir. Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Avropa İttifaqının siyasi dəstəyi ilə Fransanın Ermənistana hərbi texnika və silahlarını tədarük etməsinin regionda yeni hərbi eskalasiyaya gətirib çıxarması mümkündür. Çünki Ermənistanda revanşizm siyasəti inkişaf edir, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı diplomatik müharibəsi davam edir. Ermənistan beynəlxalq müstəvidə elə bir təəssürat yaradır ki, Azərbaycan bu ölkənin cənub bölgəsini - Zəngəzuru işğal edəcəyi təbliğatına geniş yer verir”.

Ekspertin fikrincə, İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarına dəstək verən Qərb ölkələri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına da dəstək verəcək: “Ona görə də Fransadan Ermənistana göndərilən silahlar təlim poliqonlarında istifadə edilmək üçün deyil, Azərbaycana qarşı istifadə edilmək üçün verilir. Məhz Ermənistanın sülhdən boyun qaçırması və silahlanmasında əsas məsuliyyəti Avropa İttifaqı daşıyır. Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda qüvvələr balansını dəyişməsinə nail olmaq istəyir. Məhz Gürcüstanın da fərqli cəbhə seçərək, Azərbaycana qarşı silah tranzitinə çevrilməsi Qərbin regionda atdığı təhlükəli siyasətin tərkib hissəsidir. Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində addımlar atmalıdır. Çünki Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlaqlarına başlayıb. Avropa İttifaqı Ermənistanda müşahidəçilərin sayının artırılması barədə qərar qəbul edəcək. Bu onu göstərir ki, Fransa və Avropa İttifaqı artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi ola bilməzlər”.

Politologiya təhsili olmayan birinin "mən politoloqam" deməyə haqqı yoxdur"  - TURAN RZAYEV

Turan Rzayev 

Siyasi təhlilçi Turan Rzayev isə xatırladır ki, Ermənistan bundan öncə də Fransadan yaxınmənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı: “Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan, demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan, mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR