Onlayn ictimai-siyasi qəzet
Ötən gün Fransa Milli Assambleyasında 1962-ci ildən bəri görünməmiş hadisə baş verib. Parlament Yeni Xalq Cəbhəsinin (NFP) təqdim etdiyi sensasion təklifi, yəni Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnaməni qəbul edib.
Tarixi məlumat: 1962-ci ildə Fransa Əlcəzair müharibəsi nəticəsində güclü siyasi böhran yaşayıb. Siyasi legitimlik əldə etmək üçün sentyabr ayında prezident Şarl de Qoll konstitusiyada islahatların aparılması üçün referendum elan edib. O təklif edib ki, fransızlar prezidenti deputatlar və senatorlardan ibarət seçki kollegiyası tərəfindən deyil, birbaşa, ümumi səsvermə yolu ilə seçsinlər.
Bu islahatdan narazı olan parlamentarlar Jorj Pompidu hökumətinə etimadsızlıq səsverməsi keçirib və 1962-ci ilin oktyabrında Pompidu hökumətini istefaya göndərib. Həmin vaxt general de Qoll dərhal reaksiya göstərərək Milli Assambleyanın buraxıldığını elan edib.
Amma bu gün Emmanuel Makron eyni şeyi edə bilməz. Konstitusiya onun qanunvericilik seçkilərindən sonrakı bir il müddətindən əvvəl buraxılmasını qadağan edib. Odur ki, bu gün Fransada siyasi böhranın yeni mərhələyə qədəm qoyduğu aydın görünür.
Barnye kimdir və niyə uğursuz oldu?
73 yaşlı Barnye ölkənin ən gənc hökumət başçısı Qabriel Attalı əvəz edərək, Fransanın ən yaşlı baş naziri olub. O, siyasi karyerasına 14 yaşında Şarl de Qollun hərəkatına qoşularaq başlayıb. 1972-ci ildə Parisdə nüfuzlu məktəbi bitirdikdən sonra Fransanın ətraf mühit naziri Robert Pujadanın ofisində məsləhətçi kimi iş tapıb.
Savoydan deputat seçilən parlamentin ən gənc üzvü (27 yaş) Fransua Mitteran hökumətinə ətraf mühit naziri kimi daxil olub (1993-1995). 1995-ci ilin mayında Fransanın növbəti prezidenti Jak Şirak Barnyeni nazirin Avropa işləri üzrə nümayəndəsi təyin edib. Bu vəzifə onun sonradan Avropa Parlamentinə getməsinə yol açıb.
2014-cü ildə Avropa Komissiyasının sədri postuna namizədliyini irəli sürməyi planlaşdırsa da, Jan-Klod Yunkerə uduzub. Bir il sonra siyasətçi Avropa Komissiyasının müdafiə və təhlükəsizlik siyasəti üzrə xüsusi məsləhətçisi, 2016-cı ilin iyulunda isə “Breksit” üzrə baş danışıqçı vəzifəsinə təyinat alıb. O həmçinin London və Brüssel arasında ticarət sazişinin hazırlanmasına cavabdehlik daşıyıb.
Sentyabrın 5-də vəzifəyə başlayanda çoxları ona ümid bəsləyib. Guya 73 yaşlı qollist mühafizəkar nəinki Fransanı parçalayan, həm də avrozonanı təhdid edən siyasi tufanı sakitləşdirə biləcək. Siyasətçi dörd dəfə nazir və iki dəfə Avropa komissarı vəzifəsində çalışıb və siyasi qütblər arasında konsensus yaratmağa çalışıb.
Əvvəlcə onun hökuməti bəzi təşəbbüslərini dəstəkləyən “Milli Birlik”lə nisbətən dinc şəkildə siyasi həyat sürə bilib. Amma tərəflər arasında mübahisə maliyyə məsələsində yaranıb. Barnyenin Londonla “Breksit” danışıqlarındakı təcrübəsi də ona kömək olmayıb. Onun ağıllı danışıqlar aparmaq qabiliyyəti parlamentdə və hökumətdə sağ və solçuları bir növ barışdırmaq istəyində iflasa uğrayıb.
Odur ki, 90 gün iqtidarda olan Barnye kabinetinin süqutu Fransada prezident Makronun parlamenti buraxmasından və növbədənkənar seçkilərdən sonra yayda başlayan siyasi böhranı daha da gücləndirib.
Makronun çökən siyasəti
Fransa lideri Emmanuel Makron yayda növbədənkənar seçkilər elan etdikdən sonra ölkədə siyasi sahədə qeyri-müəyyənlik vəziyyəti yaranıb. Çünki seçkilərdə heç bir partiya mütləq üstünlüyü əldə edə bilməyib. Səslərin əksəriyyətini parlamentdə 182 yer tutan solçu partiyaların koalisiyası Yeni Xalq Cəbhəsi qazanıb. İkinci yeri prezident Makronun “Birgə” mərkəzçi koalisiyası (168 yer), üçüncü yeri isə 143 mandat qazanmış ifrat sağçı Marin Le Pen və Cordan Bardellin “Milli Brilik partiyası tutub.
Parlamentdə solçuları tarazlaşdırmaq və müəyyən sabitlik yaratmaq ümidi ilə Makron keçmiş “Breksit” danışıqçısı Mişel Barnyeni baş nazir təyin edib. Lakin lazımi səs çoxluğu olmadığından yeni kabinet daim müxalifətin müqaviməti ilə üzləşib və bu da onun işini praktiki olaraq iflic vəziyyətinə salıb.
Vergi artımı və xərclərin azaldılması ilə bağlı 60 milyard avroluq paketin bir hissəsini həyata keçirmək cəhdində Barnye, Fransa konstitusiyasının 49.3-cü maddəsinə istinad edib. Maddə özlüyündə hökumətə parlamentdən yan keçərək qanunları qəbul etməyə imkan verir. O da etimadsızlıq səsverməsindən “sağ çıxsaydı”.
Milli Assambleyadan sağ çıxa bilməyən baş nazir 24 saat ərzində istefa ərizəsini dövlət başçısına təqdim etməlidir. Konstitusiyaya görə, Makron sadəcə olaraq Barnyeni müvəqqəti yenidən baş nazir təyin edə bilər. Lakin müşahidəçilər hesab edir ki, parlament bunu təxribat kimi qiymətləndirəcək.
Digər tərəfdən, aşağı palatada heç bir partiyanın mütləq çoxluğa malik olmadığını nəzərə alsaq, yeni siyasi “kamikadze”nin təsdiqlənməsi çox çətin olar. Bu yay baş nazirin seçilməsi və onun təsdiqi prosesi iki ay yarım çəkib. Digər ssenari - Makron növbəti altı ay üçün texniki hökumət təyin edə bilər və ya özü istefa verə bilər.
Makronun Barnye siyasətinin süqutu həm də ölkəni büdcə problemləri və ola bilsin ki, ciddi maliyyə böhranı ilə hədələyir, çünki hökumətin 2025-ci il üçün hazırladığı büdcə qüvvədən düşür. Yeni ildə dövlət orqanlarının və sosial sığorta sisteminin maliyyələşdirilməsi ötən ilin büdcəsi əsasında, ancaq dövlətin fəaliyyətini təmin etmək üçün lazım olan məbləğdə davam etdiriləcək.
Barnyenin gedişi ilə Böyük Britaniyanın baş naziri Kir Starmer La-Manş boğazının o tayında daha bir müttəfiqini itirəcək. Bu, onun “Breksit”dən sonra nəzərəçarpacaq dərəcədə pisləşən Avropa İttifaqı ilə münasibətləri bərpa etmək planlarına yaxşı təsir göstərməyəcək.
Beşinci Respublika tarixində ilk dəfə olaraq prezident Makronun manevr şansı son dərəcə aşağı düşüb. Müxalifət deputatları onun istefaya getməsini təklif ediblər. Belə olan halda ölkəni yeni prezident seçkiləri də gözləyə bilər. Konstitusiyaya görə, incimiş Makron parlamenti yenidən yalnız 2025-ci ilin yayında buraxa biləcək. Bu o deməkdir ki, o, yeni baş nazirin seçilməsi ilə bağlı bütün siyasi partiyalarla yorucu danışıqlar aparmaqla vaxtı uzada bilər.
Bütün hallarda Makronun istənilən yolla hakimiyyəti əldə saxlamaq cəhdi uğursuzluğa düçar oldu. Fransanın hazırkı prezidenti ölkəni dərin siyasi və iqtisadi böhran vəziyyətinə salıb.
İlkin Nəcəf
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ