Onlayn ictimai-siyasi qəzet
Fransanın cənub-qərbində yerləşən Montoban şəhərində 150 fermer gecə saatlarında traktorlarla etiraz aksiyası keçirib, onlar yerli hökumət binası yaxınlığına tullantı və təkər atıblar.
Bu barədə cümə axşamı “Depeche” nəşri məlumat yayıb.
“Çərşənbə günü axşam saatlarında nümayişçilər yenidən müxtəlif dövlət xidmətlərinin ofislərinin qarşısına toplaşıblar. Yanvar və ya fevral aylarında keçirilmiş əvvəlki nümayişlərdə olduğu kimi, yenə ətrafa müxtəlif tullantılar atılıb”, - məqalədə deyilir.
Nəşr yazır ki, hökumət binaları yaxınlığında asayişi təmin etmək üçün xüsusi təyinatlı dəstənin (CRS) xeyli sayda polis əməkdaşı cəlb edilib.
“Amma fermerlər yoluna davam edərək yalnız bir neçə hüquq-mühafizə əməkdaşının olduğu Ərazi Planlaşdırması İdarəsinə doğru hərəkət ediblər. Etirazçılar əvvəlcədən quraşdırılmış beton maneələr səbəbindən idarənin əsas girişinin yerləşdiyi küçəyə daxil ola bilməyiblər, bundan sonra bir qrup nümayişçi ağac kötükləri ilə binanın digər qapısını sındırıb içəri daxil olmaq istəyiblər”, - nəşr vurğulayıb.
İstəklərinə nail olmayan fermerlər sonda bir neçə yük maşınının içindəki tullantıları küçənin əvvəlinə və sahilyanı əraziyə atıblar, bir saat sonra yenidən prefektura binasına doğru yollanıblar və burada etirazlarını davam etdiriblər.
Qeyd edək ki, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alıb. Etirazçılar traktorlar, ot tayaları və peyin qalaqları ilə əsas magistral yolları bağlayıblar. Fermerlər həmçinin prefekturaları və hökumət binalarına peyin və tullantılar atıblar. Onlar fəaliyyətlərinin əhəmiyyətinin tanınmasını tələb edirlər və onları rəqabətədavamsız edən aqrar sektorda hökumətin siyasətini pisləyirlər.//Report
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ