Onlayn ictimai-siyasi qəzet
Fransa təkcə Eyfel qülləsi ilə məşhur deyil. Bu ölkə həm də gilyotin qurğusu ilə tanınıb. Belə ki, edam hökmünə məhkum olunanların başının kəsilməsi üçün xüsusi qurğu olan gilyotin məhz fransız həkim Jozef Gilyotin tərəfindən kəşf edilib və 1977-ci ilə qədər Fransada cəzaların icrasında bu qurğudan istifadə edilib. Bu da azmış kimi gilyotinlə edam cəzaları böyük mərasim kimi həyata keçirilib. Cəza icra edildikdən sonra kəsilmiş baş cəllad tərəfindən kütlələr qarşısında nümayiş olunub. Elə 1932-ci ildə milliyətcə rus olan, SSRİ-dən Fransaya mühacirət edən Pavel Qorqulovun edam cəzası da gilyotin vasitəsi ilə həyata keçirilib və onun kəsilmiş başı 1 dəqiqə müddətində mərasimə toplaşanlara nümayiş etdirilib.
Maraqlıdır, SSRİ-dən qaçan, Parisdə özünə sığınacaq tapan 37 yaşlı Qorqulov hansı əməlinə görə edam cəzasına məhkum edilib?
Qeyd edək ki, 1895-ci ildə Kubanda anadan olan Qorqulov ixtisasca həkim olub, Moskva Universitetinin tibb fakültəsini bitirib. Gənclik illərindən kommunist ideologiyasına nifrətini gizlətməyən həkim Krımda və Kubanda antibolşevik hərəkatının ən fəal üzvlərindən biri olub. Təzyiqlərə məruz qalanda, həbs təhlükəsi ilə üzləşəndə Qorqulov Rusiyanı tərk etmək məcburiyyətində qalıb və müvəqqəti olaraq Praqada məskunlaşıb. Daha sonra Parisə köçən həkim rus mühaciri kimi Fransada rəsmi qeydiyyata alınıb. Bu ölkədə olarkən Qorqulov yazıçılıq fəaliyyətinə başlayıb və Bred təxəllüsü ilə tanınıb.
Qorqulov Fransada çox ciddi şəkildə antisovet təbliğatı ilə məşğul olub, istər siyasi, istərsə də yazıçıların toplaşdığı ədəbi tədbirlərdə o, sovet rejiminin ünvanına sərt fikirlər səsləndirib, Fransa hakimiyyətinin antikommunist fəaliyyətsizliyini kəskin tənqid edib.
Onun SSRİ-yə qarşı qatı nifrəti bu cür çıxışlarla yekunlaşmayıb. Qorqulov Fransanın SSRİ-yə düşmən münasibət bəsləməsi üçün dövlət rəsmilərinə yazılı müraciətlər göndərib. Amma təbii ki, Fransa SSRİ ilə münasibətləri rus mühacirinin istəkləri ilə deyil, öz bildikləri kimi tənzimləyiblər. Bunu anlayan Qorqulov fəaliyyət istiqamətini dəyişib. O, Fransa-SSRİ münasibətlərinin gərginləşməsi üçün fərqli, ağlasığmaz və dəhşətli bir hadisəyə imza atıb.
Həmin dövrdə Fransanın prezidenti Pol Dumer olub. Ölkənin 14-cü prezidenti bu kürsüyə 74 yaşında sahiblənib. Amma o, bu kürsüdə heç bir il əyləşə bilməyib.
6 may 1932-ci ildə Parisdə kitab yarmarkasının açılış mərasimi keçirilib.. Yarmarkada əsasən I dünya müharibəsinin iştirakçılarının kitabları sərgilənib. Pol Dumer I dünya müharibəsi ilə bağlı bütün məsələlərə olduqca həssaslıqla yanaşıb. Belə ki, onun dörd oğlu bu müharibədə həlak olub. Yarmarkada müharibə veteranlarının iştirakını nəzərə alan prezident tədbirə qatılmağı özünün mənəvi borcu sayıb. Təntənəli açılışdan sonra prezident yarmarkanı gəzib, iştirakçılarla söhbət edib, müəlliflərin avtoqrafları ilə kitablar alıb.
Tədbirə yazıçı qismində Qorqulov da dəvət alıb. Əvvəlcədən hər şeyi ölçüb-biçən həkim-yazıçı münasib məqam tapan kimi prezidentə yaxınlaşıb, onun bir neçə addımlığına çatanda köynəyinin altında gizlətdiyi “Browning M1910” markalı tapançanı çıxararaq Pol Dumeri atəşə tutub. Güllərdən ikisi “hədəf”i tutub, biri baş nahiyəsindən, digəri isə sinəsindən.
Qorqulov elə sərgi salonunda həbs edilib. Huşsuz vəziyyətdə olan prezident isə dərhal xəstəxanaya çatdırılıb. Amma həkimlər Dumeri xilas edə bilməyiblər, səhəri gün, mayın 7-də prezident xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başlayıb. Prezidentin qətlə yetirilməsi dünyanın siyasi müstəvisində ciddi müzakirələrə səbəb olub. Bu müzakirələrdə qətli rus mühacirinin törətməsi xüsusilə hallanıb, Fransa və SSRİ arasında münasibətlər gərginləşib. Hətta bəziləri Qorqulovun SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşı olmasını da dilə gətiriblər.
Müxtəlif versiyalar, fərqli fikirlər olsa da, Qorqulov istintaqa və məhkəməyə verdiyi ifadələrdə sona qədər bu hadisənin arxasında heç kimin durmadığını israrla söyləyib. O, Fransa prezidentini sovet rejiminə qarşı mübarizə aparmadığına görə öldürdüyünü bildirib.
Fransa prezidentinə qarşı edilən sui-qəsd Kremli ciddi narahat edib. Rəsmi Moskva hadisə ilə bağlı təssüfləndiyini bildirib, Qorqulova ən ağır cəzanın verilməsini istəyib.
Fransa üçün SSRİ-nin təəssüf hissləri və cəza ilə bağlı istəkləri qeyri-səmimi görünüb. Qorqulov isə edam cəzasına məhkum edilib. Həkim-yazıçı bu ağılasığmaz addımı ilə öz istəyinə, Fransa ilə SSRİ arasında gərginliyə qismən də olsa nail ola bilib.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ