İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkətlərinə embarqo təklifi: itirən Paris olacaq - ekspert rəyi

Natiq Cəfərli: “Bu şirkətlərin Azərbaycanda fəaliyyətində problem yaransa, daha çox onlar ziyan görəcək, amma...”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək, bu ölkə ilə iqtisadi əlaqələrin dayandırlmasını təklif edib. “Yeni Müsavat” xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb. Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyalarının Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var. 

Azərbaycanın Fransa ilə qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin yekununda 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransanın idxalının, 222,8 milyon dolları Azərbaycanın idxalının payına düşüb. 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar təşkil etmişdi.

2023-cü ilin 9 ayında Fransa ilə 482 milyon 254,64 min dollarlıq alver etmişik. Bunun 127,925 milyon dolları Fransanın, 354 milyon 329,31 min dolları Azərbaycanın idxalıdır. Ötən ilin eyni dövründə 218 milyon 874,85 min dollarlıq qarşılıqlı ticarət qeydə alınmışdı. Bunun 48 milyon 691 min dolları Fransanın, 170 milyon 182 min dolları Azərbaycanın idxalı idi. Beləliklə, ötən ildən Azərbaycana qarşı sanksiya tələblərinin səsləndirilməsinə baxmayaraq, Fransanın ölkəmizlə ticarətinin həcmi 2,2 dəfə artıb. Bu dövrdə Fransanın idxalı 2,6 dəfə, Azərbaycanın idxalı isə 2 dəfədən çox artıb. 

Azərbaycanın Fransaya ixracında ilk yeri xam neft tutur.  2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Fransaya 108,829 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 1,18 faizini təşkil edir. Ötən ilin analoji dövründə Fransa Azərbaycandan neft idxal etməyib.

Qeyd olunan dövrdə Azərbaycandan Fransaya ixrac olunan neft və neft məhsullarının dəyəri 66,3 milyon dollardan çox olub ki, bu da Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının ümumi dəyərinin 1,16 faizini təşkil edir.

'Total Energies' Azərbaycanda fəaliyyətini genişləndirir

Fransaya məxsus ən böyük şirkət olan “Total Energies”in Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi də aparılıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının illik hasilatının 4 dəfəyə qədər artırılacağı da bildirilib.

Qeyd edək ki, Fransadan idxal olunan məhsulların sırasında eyni zamanda, kənd təsərrüfatı məhsulları, ət, pendir, yağ, müxtəlif növ tərəvəz və meyvələr, güllər, qəhvə, çay, qida məhsulları, müxtəlif toxumlar, qənnadı məmulatları, uşaq yeməkləri, konservləşdirilmiş tərəvəzlər, meyvə cemləri, şirələr, spirtli və spirtsiz içkilər, müxtəlif ağaclar, heyvan qidaları, kimyəvi məhsullar, vitamin, antibiotiklər, vaksinlər, dərman preparatları, boya maddələri, efir yağları, ətirli maddələrin qarışıqları, ətir və tualet suyu, kosmetik vasitələri, qulluq vasitələri, gigiyenik vasitələr, təmizləyici vasitələr, dəftərxana ləvazimatları, geyimlər, mebel və digər onlarla növdə məhsul daxildir. 

Bir sözlə, Azərbaycan iqtisadiyyatının kifayət qədər gəlirli sahələrində Fransanın 60-a yaxın şirkəti çalışır. Onların arasında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış şirkətlər də var. 

Bundan savayı, Azərbaycanda Fransaya məxsus  xeyli brend şirkətlər də var ki, illərdir ölkəmizdə fəaliyyət göstərir. Bunlar arasında “Chanel”, “Louis Vuitton”, “Pierre Cardin”, “Cartier”, “Lancome Paris”, “Christian Dior”, “Azzaro”, “Lacosye”, “Texier”, “Guerlain”  və sairə brendlərin geyimləri, çantaları, aksesuarları və ətir satışını həyata keçirirlər.  

Fransa şirkətlərinin ölkəmizdə fəaliyyətinin yasaq edilməsinin ölkəmizə nə kimi faydası və zərəri olacaq? 

Natiq Cəfərli: “Sıxdıqları “boltları” bir gün “sorvat” edəcəklər” Pravda.az

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, Fransanın bu davranışları nəinki məntiqsizdir, hətta beynəlxalq hüquqa ziddir: “Son zamanlar Fransa bölgədə sülhün bərqərar olmasına mane olur. Bu cür qərəzli, populist çıxışlara qarşı Azərbaycan tərəfindən haqlı olaraq narazılığa səbəb olur və siyasi dillə cavab verilir. İqtisadi məsələyə gəldikdə Fransanın Azərbaycanda ən böyük marağı iki şirkət üzərində qurulub. Biri ”Airbus"dur ki, onlardan bir neçə ildən bir təyyarələr alırıq, bir də “Total” şirkətidir ki, Abşeron qaz yatağının əsas operatorudur. Yəni son müqavilələrə görə. Təbii ki, Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi o qədər böyük deyil. Amma Azərbaycandan çox Fransa itirəcək. Böyük şirkətlərin Azərbaycanda fəaliyyətində Fransadan qaynaqlanan problem yaransa, daha çox onlar ziyan görəcək. Çünki tək elə “Airbus”la bağlı son bir ildə bir neçə dəfə müqavilə bağlanıb. Amma “Airbus”la  sonuncu müqavilədə qiyməti 1.2-1.3 milyard Avro olan təyyarələrin alınacağı nəzərdə tutulur. “Total” şirkəti də 90-cı illərdən Azərbaycanda fəaliyyətdədir və onların Azərbaycanla bağladığı müqavilələr var. Əsasən də Abşeron iki qaz yataqlarında. Açığı bu iki şirkətin Azərbaycanda fəaliyyətini məhdudlaşdırmaq problemdir. Çünki “Airbus”la bağlanan müqaviləyə əgər Azərbaycan tərəfi imtina edərsə, əksinə təzminat ödəməli olur. “Total” şirkəti  ilə bağlanan müqavilə isə parlament tərəfindən təsdiqlənib və yüksək statusa malikdir.

Sadalanan bir çox brendlər isə Azərbaycanda birbaşa fəaliyyət göstərmir. Onların burada nümayəndəlikləri yoxdur. Çox zaman onlar yerli şirkətlərlə müqavilə bağlayırlar və yerli şirkətlər həmin malların gətirilməsində və satılmasında iştirak edir. Təbii ki, kiçik şirkətləri Azərbaycandan çıxarmaq olar. Amma bunların Fransa iqtisadiyyatına elə bir təsiri yoxdur. Fransa iqtisadiyyatının ümumdaxili məhsulu təqribən 1 trilyon Avroya yaxındır. Orada Azərbaycan 200 milyon dollar itirsə, nə olacaq. Amma bu iki şirkət Fransa üçün önəmlidir". 

TotalEnergies in Argentina | TotalEnergies.com

Bununla belə, Natiq Cəfərli şirkətlərin bağlanması ilə bağlı fərqli fikirdə olduğunu qeyd edir: “Həm ”Total", həm də “Airbus”ın Fransa daxilində ciddi lobbi qrupları var. Azərbaycan tərəfi həmin şirkətlərə təsir etməklə, onlarla birgə işləməklə Fransa siyasətində olan lobbi qrupları vasitəsilə Azərbaycanın əleyhinə olan, məntiqsiz, mənasız olan və beynəlxalq hüquqa zidd yanaşmalarının dəyişdirilmsinə çalışmaq lazımdır. Çünki Azərbaycan Fransa ilə iqtisadi əlaqələri kəssə nə Azərbaycana ciddi təsirləri olacaq, nə də Fransaya. Çünki ticarət dövriyyəmiz o qədər də böyük deyil. “Total” və  “Airbus dünya miqyasında vacib şirkətlər olduqları üçün onlar vasitəsilə Fransa siyasətinə təsir etmək olar. İkincisi də Fransada onsuz da bir dönəmin sonuna çatırıq. Makron və onun partiyasının dönəminin sonuncu ilidir. Orada da növbəti ilin seçkiləri olacaq. Çox güman ki, Fransa parlamentinin tərkibi dəyişəcək. Yeni prezident olacaq. Sözsüz ki, indiki vəziyyətdə Azərbaycanın haqlı narazılıqlarını davam etdirir. Amma bir az ertələməyə də ehtiyac var. Seçkilərdən sonra tamam başqa bir siyasi komandanın formalaşması mümkündür. Azərbaycan çalışmalıdır ki, indidən potensialı olan siyasi partiyalarla münasibətlər qursun. Bunda da ”Total" və  “Airbus”dan istifadə etsin ki, gələcəkdə yeni hökumət qurulanda, yeni prezident seçkilərində Azərbaycanla Fransa arasında bu gün olan fikir ayrılıqlarının aradan qaldırılması mümkün olsun". 

Qeyd edək ki, Fransa Senatı yanvarın 17-də Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib.

Qətnamə layihəsinin müəllifi Bruno Retayo müzakirələrdə çıxışı zamanı Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın “humanitar faciə və əsl etnik təmizləmə” ilə nəticələndiyini qeyd edib.

“Ermənistan Respublikasının ərazi bütövlüyü” başlıqlı qətnamə sənədi Qarabağ ermənilərinin geri dönməsinin təmin edilməsinə, habelə keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın həbs edilən liderlərinin azad olunmasına çağırır.

Fransalı senatorlar Fransa hökumətini Ermənistana özünü müdafiə edə bilməsi, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verməyə çağırıblar.

Fransa xarici işlər naziri Stefan Sejurne senatorlar qarşısında çıxış edərək Fransanın Ermənistana strateji sahələrdəki dəstəyini davam etdirəcəyini deyib. Nazir həmçinin qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan arasındakı münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.

Qətnamə 336 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. 2 senator bitərəf qalıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR