İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Senatının sanksiya hədəsinin sirri - hədəf təkcə Azərbaycan deyil

“Jewish Press” nəşri: “Bu sanksiyalardan Rusiya və İran fayda görəcək, çünki...”

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə qəbul ediləcəyi gözlənilir. Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edir, Laçın dəhlizindən çıxmaq tələb olunur, Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırış edir və sairə.

Yada salaq ki, 2020-ci ilin  noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul edib. Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırırdı. Amma Fransa hökuməti bu qərarı imzalamadı.

Onu da xatırlatmaq yerinə düşər ki, Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır.

"Fransa və İran İsrailin müttəfiqinə qarşı çıxdı"

İsraildə nəşr olunan “Jewish Press” “Qəribə müharibə: Fransa və İran İsrailin müttəfiqinə qarşı” sərlövhəli məqalə dərc edib. Məqalədə noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı neft və qaz embarqosu da daxil edilən sanksiyaları nəzərdə tutan qətnamə layihəsindən kimin faydalana biləcəyindən bəhs edilir.

“Bu sanksiyalardan kimlər faydalanır” sualına cavab axtaran nəşr iki dövlətin adını çəkir: “Ən çox Rusiya. Ona görə ki, Azərbaycan Avropada onun enerji sektorunda əsas rəqibidir. İran da  İsrailin müttəfiqinin zəifləməsindən fayda görəcək”? - deyə nəşr yazır.

ABŞ-ın yeni “canişini” regiona niyə və hansı təkliflərlə gəlib? - ilginc  rəylər

Rəşad Bayramov

AMİP Mərkəzi İcra Aparatının rəhbəri, politoloq Rəşad Bayramov Fransanın regiondakı maraqlarının burada əsas rol oynadığını düşünür. O, Parisin bu cür davranışlarında qeyri-adi heç nə görmür: “Fransanın mövqeyi məlumdur və eyni mövqe uzun illərdir ki, davam edir. Sadəcə, əvvəllər bu ölkənin erməni sevgisindən qaynaqlanan addımları daha çox pərdəarxası şəkildə həyata keçirilirdisə, Makronun hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib. Artıq Fransa açıq şəkildə regionda separatizmi dəstəkləyən, hər fürsətdə Azərbaycan və Türkiyə əleyhinə mövqe ortaya qoyan və bu mövqeni Avropa İttifaqı daxilində aktiv şəkildə təbliğ edən dövlətə çevrilib.

Təbii ki, bu mövqenin arxasında təkcə Fransada erməni lobbisinin güclü olması dayanmır. Fransanın bu cür anti-Azərbaycan və anti-Türkiyə mövqeyi birbaşa Fransanın özünün regiondakı maraqları ilə bağlıdır. Ermənistan isə Fransanın öz maraqlarını təmin etməsi üçün bir alətdir.

Fransa Prezidenti Emmanuel Makronun Vətən müharibəsi dönəmində Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdiyi, Fransa Xarici İşlər Nazirliyinin ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəklədiyi uzaq tarix deyil və hər birimiz bunun şahidləriyik.

Zamanında ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edən və əslində tərəfsiz mövqe sərgiləməli olan Fransanın açıq-aşkar anti-Azərbaycan mövqe sərgiləməsi rəsmi Parisin Ermənistanın Cənubi Qafqazda oynadığı pozuculuq roluna dəstək kimi qəbul etmək lazımdır. Başqa sözlə ifadə etsək Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı deyil və məhz bu baxımdan da Azərbaycana qarşı mövqe sərgiləməklə bir növ Ermənistana “qorxma biz səninləyik” mesajını verir və faktiki olaraq onları sülh prosesindən uzalaşdırır.

Fransanı ən çox narahat edən məsələ isə Ermənistanın Azərbaycanla imzalayacağı sülh sazişindən sonra Türkiyə ilə də münasibətləri normallaşdıracağıdır. Türkiyə ilə Ermənistan arasında əlaqələrin bərpasının Azərbaycanla sülh sazişindən keçdiyini yaxşı bilən Fransa Türkiyənin hər keçən gün Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsindən olduqca narahatdır. Odur ki, Fransanın Azərbaycana qarşı təzyiqlərinə böyük ölçüdə həm də Türkiyəyə qarşı olan təzyiqlər kimi baxmaq lazımdır".

Ekspert burada Türkiyə faktorunu daha çox qabartdı: “Aralıq dənizinin cənub-şərqindəki qaz ehtiyatlarına görə Türkiyə ilə qarşıdurma yaşayan Fransa üçün Türkiyənin diqqətini yayındıracaq yeni bir qarşıdurma çox önəmlidir. Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsi və hətta yeni müharibənin başlamasına da məhz bu aspektdən baxır. Baş verə biləcək hər hansı yeni müharibədə Türkiyənin bitərəf qalmayacağını bilən Parisin hədəfi Ankaranın diqqətini yayındırmaq və Aralıq dənizində qaz yataqlarının ələ keçirilməsi məsələsini həll etməkdir. Qaz və uranla təminat məsələsi bu gün Fransa üçün olduqca vacib və strateji məsələdir. Regionda Azərbaycan və Türkiyənin mövqelərinin hər keçən gün daha da möhkəmlənməsi isə təkcə Fransanı narahat etmir. Eyni narahatlığı İran da yaşamaqdadır. Məhz buna görə də bu iki ölkənin Azərbaycana qarşı faktiki olaraq eyni mövqe sərgiləməsi təsadüfi sayıla bilməz. Elə müzakirəyə çıxarılacaq sanksiyalar paketində Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı edilməsi də dolayısı ilə İranın da maraqlarına xidmət edir desəm yəqin ki, səhv etmərəm. Rusiyanın enerji resurslarına tətbiq edilən sanksiyalar nəticəsində Avropada Azərbaycan qazına olan tələbatın artdığı bir məqamda bizə də sanksiyaların tətbiq edilməsi İran üçün bir fürsətdir və onlar düşünür belə bir şəraitdə Avropanın qaza olan tələbatını təmin etmək üçün İrana ehtiyac yarana bilər.

Amma Fransanın və ya İranın nə düşünməsindən asılı olmayaraq Fransa Senatında qəbul olunacaq sanksiyalar paketinin praktiki olaraq işləməsi mümkün deyil. Çünki Azərbaycan uzun illər ərzində neft və qaz satışında etibarlı tərəfdaş olduğunu sübut edib və bu günə qədər bu resurslardan hər hansı bir ölkəyə təzyiq olaraq da istifadə etməyib. Odur ki, Fransa Senatının qətnaməsi ən yaxşı halda ölkələrimiz arasında olan körpüləri tamamilə yandırmaqla nəticələnəcək və rəsmi Parisin bu cür addımlarla Cənubi Qafqazda təsir imkanlarını artırmaq cəhdi də xəyal olaraq qalacaq".

Rusiyanın Azərbaycana böyük ehtiyacı var"

Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə bu məsələdə çox nikbindir. O, zamanın durmadan döyüş meydanında qələbə qazanan Qalib Azərbaycanın xeyrinə işlədiyini qeyd etdi: “Əslində bu məqamı siz də yaxşı xatırlatdınız ki, 2020-ci ilin  noyabr ayında Fransa Senatı qondarma "Dağlıq Qarabağ respublikası"nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Siz də qeyd etdiyiniz kimi, Fransa hökuməti bu qərarı imzalamamışdı. İndi də eyni ssenarinin təkrarlanacağını gözləmək olardı, sadəcə, Fransa Prezidenti Emmanuel Makronun son vaxtlar Azərbaycan əleyhində səsləndirdiyi fikirlər indiki situasiyanın bir az fərqli olma ehtimallarını gücləndirir. Xatırlayırsınızsa, Fransanın xarici işlər naziri Jan İv Le Drian atəşkəs imzalandığı günlərdən dərhal sonra Fransa da Minsk Qrupunun üzvü kimi neytrallığını qorumalıdır kimi bir açıqlama vermişdi. Bu, Fransanın prosesdən uzaq qalmaması üçün son  çırpınışları idi.  Hadisələrin gedişatı göstərdi ki, Minsk Qrupu adlı qurum nə  keçmişdə, nə də gələcəkdə həlledici rolu yoxdur və olmayacaq. Bütün bunların nəticəsi olaraq  da indi Azərbaycan əleyhinə sərsəm işlərə imza atmaq istəyirlər. Ümumilikdə görünən odur ki, Fransanın ermənilər deyə bir dərdi yoxdur. Sadəcə, bir neçə cəbhədə Avropa İttifaqına, ABŞ-a, eləcə də bütün dünyaya özlərinin güc mərkəzi olduqlarını sübut etmək istəyirlər ki, buna da nail ola bilmirlər. Suriya, Liviya, Şərqi Aralıq dənizi və son olaraq da Qarabağ məsələsində fiasko ilə qarşılaşan  Fransasız diplomatiyası sülhdən deyil, münaqişədən yana olduğu açıq şəkildə hiss olunur.  Bir məqamı da qeyd edim ki, müharibədən sonra Fransa hökumətinə yaxın Le Monde qəzeti “İlham Əliyev 25 ildə dialoq yolu ilə əldə edilə bilməyən uğura imza atıb” başlıqlı yazı vermişdi. Tək  bu cümlə fransızların aciz qaldığının etirafı deyildimi? Son olaraq onu qeyd edim ki, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamənin qəbul edilməsi heç nəyi ciddi mənada dəyişən deyil. Bilirsiniz niyə? Çünki kim döyüş meydanında qalibdirsə, zaman onun xeyrinə işləyir. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladı, BMT-də onların əleyhinə haqlı olaraq bir neçə qətnamə qəbul edildi. Hər hansı faydası oldumu?  Bu tipli münaqişələrdə haqlı və döyüş meydanında güclü olmaq lazımdır. Hər ikisi də Azərbaycanda var".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR