Onlayn ictimai-siyasi qəzet
Dünyanın daha bir "qaranlıq tarixə" malik qəddar imperiyası çökməyə başlayıb. Belə ki, vaxtilə bütün dünyaya meydan oxuyan, hətta son dövrlərə qədər də özünü qlobal supergüc hesab edən Fransa indi tədricən beynəlxalq mövqelərini itirir. Fransa artıq Afrika qitəsindən qovulur, qlobal proseslərdə oyundan kənar vəziyyətə salınır. Hətta Fransa hələ də müstəmləkə altında saxladığı bəzi xalqların azadlıq hüququnu tanımaq məcburiyyətində qalıb. Və Fransanın Yeni Kaledoniya ilə imzaladığı son anlaşma bunu təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, son qlobal proseslər Fransanı tarixi hərbi cinayətlərin etirafına məcbur buraxmaqla yanaşı, "iqtisadi bataqlığa" doğru da sürükləyir. Bu səbəbdən də, son geopolitik və geoiqtisadi itkilərini kompensasiya etməyi bacarmayan Fransa indi iki cəbhədə təzyiq altında qalıb. Bu təzyiqlər isə prezident Emmanuel Makronu Kamerunun müstəqillik mübarizəsi dövründə Fransanın bu ölkədəki repressiv zorakılıqlardakı iştirakını rəsmi şəkildə etiraf etməyə məcbur buraxıb.
Təbii ki, prezident Emmanuel Makronun öz ölkəsinin bəşəri cinayətlərindən bir qismini etiraf etməsi Fransanın qaranlıq keçmişi ilə üzləşməsi prosesində olduqca mühüm addımdır. Çünki Afrika ölkələri bir-birinin ardınca Fransanı öz ərazilərindən qovub, çıxarır. Rəsmi Paris Fransa üçün tale yüklü xarakter daşıyan xammal qaynaqlarından məhrum edilir. Hətta tezliklə Fransa iqtisadiyyatının xammal çatışmazlığı ucbatından dərin böhranla üzləşəcəyi bildirilir. Və bunun qarşısını almaq üçün rəsmi Paris vaxtilə soyqırımlar törətdiyi Afrika ölkələri qarşısında hərbi cinayətlərini etiraf edərək, onlar ilə yeni münasibətlər qurmağa məcburdur.
Məsələ ondadır ki, Fransa iqtisadiyyatı hazırda rekord borc yükü altında əzilərək, çökür. Bu iki paralel proses - tarixi hərbi cinayətlərin siyasi məsuliyyətinin etirafı və dərin maliyyə-iqtisadi böhran Fransanın həm beynəlxalq mövqeyinə, həm də ölkədaxili sabitliyinə dağıdıcı səviyyədə ciddi təsir göstərir. Və bu baxımdan, hazırda Makron hakimiyyəti Fransanı sürətlə dərinləşən çökmə prosesindən çıxartmaq üçün yeni münasibətlər sisteminə ehtiyac duyur.
Maraqlıdır ki, Fransanın Kamerunda törətdiyi hərbi cinayətlərin etiraf edilməsi prezident Emmanuel Makronun “yumşaq güc” diplomatiyasına yönəlməsi kimi dəyərləndirilir. Belə ki, onun Kamerun prezidenti Pol Biyyaya ünvanladığı məktubda 1945–1971-ci illərdə baş verən hadisələrin “müharibə” xarakteri daşıdığı və Fransa ordusunun, hətta müstəqillikdən sonra belə, repressiv zorakılıq tətbiq etdiyi rəsmi şəkildə qeyd olunub.
Bu, yalnız bir tarixi cinayət faktının təsdiqi deyil, həm də rəsmi Parisin Afrika siyasətində yeni “yumşalma strategiyası”nın əlamətidir. Çünki Fransa son on ildə oxşar addımları Əlcəzair və Ruandada törətdiyi hərbi cinayətlərlə bağlı da atıb. Rəsmi Parisin əsas məqsədi belə addımlarla Afrika qitəsində itirilən nüfuzu “tarixi üzləşmə” jestləri ilə bərpa etməkdir.
Ancaq belə tarixi cinayətlərin rəsmən etiraf edilməsi Fransa üçün ikili təsirlər də yarada bilər. Hər halda, rəsmi Parisin tarixi hərbi cinayətlərini etiraf etməsinin bəzi Afrika dövlətləri ilə münasibətləri nisbətən yumşalda biləcəyi qətiyyən istisna deyil. Bununla belə, bəşəri cinayətlərlə bağlı mövzu həm də beynəlxalq müstəvidə Fransanın qaranlıq və qəddar "müstəmləkə irsini" yenidən gündəmə gətirə və təzminat tələblərinin artmasına zəmin yarada bilər.
Digər tərəfdən, rəsmi Paris Fransanın iqtisadi çöküş dönəmində, ölkədaxili böhranın dərinləşdiyi və rekord borcun ciddi təhlükə yaratdığı nəzərə alındıqda, belə etiraflara məcbur qalmış kimi görünür. Belə ki prezident Emmanuel Makronun xaricdə qaranlıq keçmişlə üzləşmə jestləri etdiyi bir vaxtda Fransa daxilində vəziyyət dramatikdir. Baş nazir Fransua Bayru dövlət borcunun 3,4 trilyon avroya çatdığını və hər saniyə 5 min avro artdığını bəyan edib. Və bu, Avropa Birliyi məkanında Almaniyadan sonra ikinci ən ağır borc yüküdür.
Ona görə də, Fransanın hazırda bu iki dərin böhranın strateji kəsişməsində sıxıldığını da düşünmək olar. Düzdür, bu iki proses - hərbi cinayətlərin etirafı və borc böhranı bir-biri ilə birbaşa əlaqəli olmasa da, dolayısı ilə ortaq təsir mexanizmləri yaradır. Yəni, rəsmi Paris indi Fransanın zəifləyən qlobal gücə çevrilməsi ilə bağlı reallığın qarşısında aciz qalıb.
Məsələ ondadır ki, Fransanın borc yükü bir tərəfdən xarici siyasətdə - rəsmi Parisin Afrikada, eləcə də qlobal arenada bahalı hərbi və iqtisadi təşəbbüslərə qoşulmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən isə ölkə daxilində iqtisadi çətinliklər Makron hakimiyyətinin siyasi dayaqlarını ciddi şəkildə zəiflədir. Bu isə prezident Emmanuel Makronu qlobal məkanda nüfuz qazanmaq üçün simvolik jestlərə üstünlük vermək məcburiyyətində buraxır.
Təbii ki, bütün bunlar Fransanın gələcək taleyinə təsirsiz ötüşə bilməz. Böyük ehtimalla Çin, Türkiyə və s. kimi ölkələrin iqtisadi-ticari və təhlükəsizlik sahəsindəki ciddi fəallığı Fransanın qlobal məkanda real təsirini və rolunu daha da azaldacaq. Fransanın borc yükü isə ölkə daxilində böhranı dərinləşdirə, rəsmi Parisin sərt büdcə siyasəti yürütməsi sosial gərginliyi artıra, iqtisadi durğunluq isə müxalifət düşərgəsinin mövqelərini möhkəmləndirməklə yanaşı, siyasi populizmi də gücləndirə bilər. Bütün bunlar isə öz növbəsində Fransanın yalnız qlobal məkanda deyil, hətta hazırda avanqard rolunu oynamağa çalışdığı Avropa Birliyi daxilində belə, siyasi iradəsinin ciddi şəkildə satılmasına yol aça biləcək bir təhlükəli proses vəd edir.
Belə anlaşılır ki, Fransa hazırda iki real təhlükə ilə qarşı-qarşıya qalıb. Bir tərəfdən, rəsmi Paris Afrikada törətdiyi tarixi hərbi cinayətləri etiraf etməklə, qlobal məkanda mühakimə olunma ehtimalı ilə üzləşib. Digər tərəfdən isə, ölkədaxili sosial-iqtisadi böhran Fransada ölkədaxili sabitliyin pozulma təhlükəsini artırır. Əgər, bu iki prosesin paralel inkişafı Makron hakimiyyətinin devrilməsinə qədər davam edərsə, onda özünü hələ də imperiya formatlı qlobal güc kimi aparmağa çalışan Fransanın çöküşü qaçılmaz ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ